Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmam əl-Buxari kimdir?

İmam əl-Buxari kimdir?

Tarix: 2 Dekabr 2023 00:30

Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuş­dur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: "Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna gör­mə qabiliyyətini qaytardı."
Hələ uşaq ikən Allah ona hədisləri yadda saxlamaq istedadı bəxş etdi. Əbu Cəfər Muhəmməd ibn Əbu Hatim əl-Bərrak demişdir: "Bir dəfə mən Əbu Abdullah əl-Buxa­ridən soruşdum: "Sən hədisləri necə öyrənməyə baş­­lamısan?" O, belə cavab verdi: "Yaşım on və ya ondan da az olarkən mən yenicə oxumağı öyrənməyə baş­layanda hədislərin yadda saxlanıl­ma­sının zəruriliyi fikri mənə təlqin edilmişdi. Sonra mən məktəbi tərk etdim, gah bu və gah da başqa bir müəllimin yanında oxumağa baş­ladım. On altı yaşım tamam olanda mən artıq ibn Mübarəkin və Vəkinin kitablarını və onların rəylərini əzbər bilirdim. Sonra anam və qardaşımla birlikdə Mək­kəyə get­dim və hədisləri toplamaq məqsədilə orada yaşamağa başla­dıq. On səkkiz yaşım ol­duqda isə səhabələr və onların ardıcılları, onla­rın fikir və rəyləri haqqında məlu­matları toplayıb kitab halına saldım."
İmam əl-Buxari özünü tamamilə elmə və ibadətə həsr etmişdir. O, tez-tez belə deyər­di: "Mən həyatım boyu heç kimdən bir dirhəmlik də olsa bir şey satın almamışam və heç kimə bir dirhəmlik də belə olsa bir şey sat­ma­mışam." Bir dəfə ondan soruşurlar ki, bəs çörəyi necə almışdır? Bu suala əl-Buxari belə cavab vermişdir: "Mən bunu kiməsə tapşırardım, onlar da mənim üçün alardılar."
İmam əl-Buxari hədsiz utancaqlıqla, cəsarəti, əliaçıqlığı, möminliyi və ləyaqəti ilə fərqlə­nərdi. Bir dəfə bir hökm­dar uşaqlarına dərs vermək üçün onun dalınca adam göndərir, lakin Buxari ona xə­bər göndərir ki, elm axtaranlar bilənlərin yanına özləri gəlməlidir və hökmdarın yanı­na getməkdən imtina edir.
O, gündüzlər tez-tez oruc tutar, gecələr namaz qılar, xüsusilə də mü­barək Rama­zan ayında çoxlu Quran oxuyardı.
Allahın ona hələ uşaqlıq çağlarında gözəl yaddaş verməsi gözə çarpır­dı. Xaşid ibn İsmail aşağıdakıları rəvayət etmişdir: "Bəsrədə Əbu Abdullah Muhəmməd ibn İsma­il əl-Buxari, hələ gənc ikən, bizimlə birlikdə hədis bi­liciləri olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər apar­mazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: "Sən bizimlə müx­təlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?" On altı gündən sonra o bizə dedi: "Siz, həqiqətən, çox danı­şır və mənə irad tutursunuz! Göstərin mənə, nə yazmısınız". Biz də on beş min­dən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq, o isə bunların ha­mı­sını əzbər­dən deməyə başladı və biz isə onun yaddaşına əsasən oxuduq­ları ilə öz qeydlərimiz­də düzəlişlər etdik. Sonra o soruşdu: "Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xatirinə baş çəkir və vax­tımı hədər yerə sərf edirəm?" - və bundan sonra bizə məlum oldu ki, yad­daşda heç kim onu ötüb keçə bilməz."
Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəli­lər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yo­lun üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı, onların əksəriyyəti onun, o zaman bığsız gənc olmasına baxmayaraq, dediklərini yazardılar.
Buxarinin gözəl yaddaşa malik olması və mütləq dəqiqliklə fərqlənmə­si­nə bir sübut da onun bir dəfə Səmərqəndə gələrkən dörd yüz nəfər hədis bilicisi ilə görüşməsidir. Onlar öz aralarında Şamdan və İraqdan olan hə­dislərin isnadını (rəvayətçilərin adlarını) qarışdıraraq, bəzi hədislərin is­nadını başqalarının mətninə qatdılar və bunların hamısını əl-Buxariyə oxudular. O isə hansı isnadın əslində hansı mətnə aid olduğunu bir-bir göstərdi və onları müvafiq qaydada düzdü və orada olanlardan heç kim heç bir isnadda və ya mətndə bir yanlışlıq tapa bilmədi. Belə bir hadisə Bağ­dadda da olmuşdu.
Mu­həmməd ibn İsmail əl-Buxari elm öyrənmək üçün Şam, Misir, Bəsrə, Bağdad, Kufə, Dəməşq, Hicaz (Məkkə, Mədinə), Bəlx, Xorasan, Nisa­bur kimi bir çox yerlərə səfər etmişdir. Buxari getdiyi müxtəlif ölkələrdə görüşdüyü mindən çox şeyx­dən eşit­diyi hədisləri rəvayət etmişdir. Onun tələbələrinin sayı olduqca çoxdur. Fərabri demişdir: "Buxarinin "Səhih" əsərini onun özündən doxsan min nəfər eşitmişdir." Onlardan bə­zi­lə­ri aşağıdakılardır:
Muslim ibn Həccac, Əbu İsa Tirmizi, Mərvəzi, Nəsai, Abdullah ibn əl-Munir, əl-Musnədi, İbn Quteybə, İshaq əs-Sərmari və baş­qaları.
İmam əl-Buxarinin müasirləri olmuş alimlərin böyük əksəriyyəti onu tərifləmişlər. Bir dəfə İmam Müslim İmam Buxarinin alnından öpərək ona demişdir: "Ey müəllimlərin müəllimi, mühəddislərin ağası və hədis qüsurlarının hə­ki­mi, icazə ver başından öpüm" və bundan sonra o, görüşə görə günahların ba­ğış­lanması haqqında hədisə dair bir sual vermişdi və Buxari də ona bu hədisin qüsurlarını göstərmişdi. O izah edib qurtardıqdan sonra, Müslim ona de­mişdi: "Ancaq paxıl adamlar sənə nifrət edə bilər! Şahidlik edirəm ki, bu dün­yada sənə bərabər olan yoxdur!"
Bundər demişdir: "Ən yaxşı mühəddis dörd nəfərdir: Reyli Əbu Zura, Nisaburlu Müslim, Səmərqəndli əd-Darimi və Buxaralı əl-Buxari."
İmam Əhməd demişdir: "Xora­sanda hələ onun misli-bərabəri olmamışdır."
Əbu Hatim ər-Razi demişdir: "Həqiqətən, o, Bağdada gələn­lərin ən bi­li­cisi idi."
İbn Xuzeymə demişdir: "Göy qübbəsi altında Allahın Rəsulunun - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hə­disləri haqqında Buxaridən daha məlumatlı nə bir adam, nə də daha çox hə­dis yadda saxlayan görmü­şəm."
Tirmizi demişdir: "Mən nə İraqda, nə də Xorasanda tarixi Muhəmməd ibn İsmaildən daha yaxşı bilən, hədislərin və onların isnadlarının qüsurla­rını araşdıran daha üstün olanını görmədim."
Nəsai demişdir: "O, inanılmaz dərəcədə zəkalı bir mühəddisdir. İs­lam tarixində ilk səhih kitab yazan da odur."
İbn Kəsir demişdir: "O, bir dəfə kitaba baxmaqla onu əzbərləyərdi."
İbn Mücahid demişdir: "Muhəmməd ibn Səlləmin yanında idim. O mə­­nə dedi: Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bi­lən uşağı göstərərdim."
İmam Buxari hicrətin 256-cı ilində Buxaradan Səmərqəndə gedərkən və­­fat etmişdir. Allah ona rəhmət etsin!


Etiketlər:  İmam Buxari kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ