Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılca ilə bağlı valideynləri ən çox narahat edən 4 suala CAVAB

Qızılca ilə bağlı valideynləri ən çox narahat edən 4 suala CAVAB

Tarix: 10 Dekabr 2023 13:04

Tanınmış pediatr Aytən İsmayılzadə qızılca ilə bağlı valideynləri ən çox narahat edən suallara cavab verib.

Sonxeber.net musavat.com-a istinadən həmin sual-cavabı təqdim edir:

- Qızılca xəstəliyini keçirən uşaq sonradan yenə peyvənd olunmalıdırmı? Məsələn, uşağın 3 yaşı var, qızılcaya yoluxub, 6 yaşında peyvənd etdirilsinmi?

- Qızılca xəstəliyi keçirildikdən sonra insanda ömürlük immunitet yaranır. Yəni peyvənd etdirməyə bilərsiz. Lakin bu peyvəndin təkcə qızılcaya deyil, həm də məxmərək və parotitə qarşı immun cavab hazırladığını nəzərə almalıyıq. Yəni uşaq qızılca olmayacaq, amma məxmərək və parotit ola biləcək. Ona görə də peyvənd olunmağı məsləhətdir.

- Xəstəliyi keçirmiş şəxs peyvənd olunarsa, yaxud səhvən ikinci dəfə eyni peyvənd olunarsa, bunun fəsadı varmı?

- Xeyr, bunun heç bir fəsadı yoxdur. Əgər uşağınızın peyvəndi haqda dəqiq məlumatınız yoxdursa, xatırlamırsızsa və ya qeydiyyatda səhvlik olubsa, yenidən etdirə bilərsiz.

- Uşaq vaxtı peyvənd olunan şəxs uşaqlara xəstəlik ötürücüsü ola bilərmi?

- Uşaq vaxtı olunan peyvənd sizi ömürlük qoruyur. Uşaq vaxtı edilən peyvəndin davamlılığını analiz verməklə yoxlaya bilərsiz. "Anti Measles IgG" testi verməklə qanda qızılcaya qarşı immunitetin necə vəziyyətdə olduğunu öyrənmək olar. Mən özüm bu günlərdə yoxladım və nəticə qənaətbəxş oldu.

- Uşaqda səpkilər, hərarət var. Kimi bunun qızılca, kimisi isə skarlatina olduğunu deyir. Bunu necə fərqləndirmək olar?

- Qızılcaya yoluxan uşaq çox halsız olur. Skarlatinada isə halsızlıq bir qədər müşahidə olunur. Qızılcada öskürək, skarlatinada isə boğaz ağrısı olur. Qızılcada səpkilər üzdən başlayır, skarlatinada isə yanaqlar qızarır. Qızılcada yumşaq damaqda tək-tək qansızma kimi səpkilər olur, skarlatinada isə boğaz sanki yanır. Qızılcada gözlər qızarır, skarlatinada dil qırmızı olur. Qızılcada səpkilər getdikcə qəhvəyi olur, skarlatinada isə olmamış kimi keçir. Qızılcada dəri fonu çəhrayı, skarlatinada isə səpkilər ağ dəri fonunda olur.

Skarlatina mikrob xəstəliyidir. Dəqiq diaqnoz üçün evə laborator xidmət çağırıb boğazdan yaxma ilə Strep A antigen testini verə bilərsiniz. 


Etiketlər:  Qızılca ilə bağlı valideynləri çox narahat edən suala CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ