Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyevin rəqibləri vicdanları ilə üz-üzə...

Əliyevin rəqibləri vicdanları ilə üz-üzə...

Tarix: 14 Dekabr 2023 23:00

Azərbaycanda prezident seçkiləri 1 il 2 ay əvvələ çəkildi, 2024-cü il 7 fevrala təyin edildi. Prezident bununla bağlı sərəncamı 7 dekabrda verib.

Onsuz da seçki üçün hazırlıq müddəti kifayət qədər azdır - cəmi 2 ay. Ancaq bu iki ayın artıq bir həftəsi başa çatıb, İlham Əliyevə rəqib olacaq partiyaların heç biri hələ də qərar verməyib.

Müzakirələr apardıqlarını bildirirlər - az qala, "qəfil yaxalandıq" düşüncəsi ilə münasibət bildirməyə çalışırlar.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bütün dünyada daxili siyasi rəqabət haqda bir məşhur deyim var: seçki gününün səhərisi artıq növbəti seçkiyə hazırlıq başlayır.

Yəni bu o deməkdir ki, partiyaların seçkiyə hazırlaşması üçün 2018-ci il 12 aprelindən üzü bəri tam 6 ilə yaxın - 5 il 8 ay vaxtları olub. 5 il 8 ay müddətində 2018-ci ildə uduzan siyasi partiyalar seçkiləri təhlil edib, strukturlaşmanı tamamlayıb, tezisləri müəyyən etməli idilər.

Digər tərəfdən, seçkilərin irəli çəkilməsi bütün dünyada normal bir gedişdir: hətta gözlənilmədən parlamentlərin buraxılması və seçkilərin təyin edilməsi proseslərinin də şahidi oluruq. Partiyalar isə hər an bu "növbədənkənarlığa" nəinki hazır olurlar, hətta bunda maraqlıdırlar. İstənilən məğlub qurum növbəti mübarizə üçün vaxtın daha tez yetişməsinə çalışır.

Ancaq Azərbaycanda partiyalar düşünməkdə davam edir.

Ölkənin nisbətən daha aktiv siyasi müxalifəti - Müsavat, Ümid, ReAL belə seçkidə necə iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər. İş o yerə çatır ki, müasirmüsavatçı Hafiz Hacıyev də seçkilərə gedib, hansısa divident toplamaq ehtimalını düşünmür və "daimi namizəd" statusundan geri çəkilir.

Anlaşılandır: Azərbaycanda əhalinin uzun müddət siyasi aktivliyinin, elə "klassik müxalifət"in ortaya çıxması və güclənməsinin səbəbi də Qarabağ münaqişəsi olub. Məhz Qarabağ münaqişəsinin həlli təklifləri ilə partiyalar gündəmdə qalıblar; məhz milli strateji proqramlarla çıxış ediblər; məhz torpaqları qaytarmağa özlərinin qadir olacağı ilə bağlı seçicinin inandırmağa çalışıblar.

Qarabağ münaqişəsini İlham Əliyev həll etdi, ancaq müxaliflərin indiyə qədər irəli sürdüyü "ən ideal həll yolları"ndan tamamilə fərqli formada.

İlham Əliyev yalnız 7 rayonu azad etmədi, bütövlükdə 12 rayonu təmizlədi, "Dağlıq Qarabağ" adlı 100 illik qarayaranı - "muxtar vilayəti" - tam şəkildə kəsib atdı, Azərbaycan dövlətinin unitarlığını təmin etdi, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi; separatçı-terrorçuları həbs edib Bakıya gətirdi, 90-cı illərdə azərbaycanlılara qarşı qətliamlar törədənlərin mühakiməsinə başlanıldı; müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan öz sərhədlərindən kənara çıxdı, Naxçıvana yol, Ermənistanda qalan eksklavlar tələbi başladı...

İlham Əliyev Xankəndiyə belə qayıdışımızı təmin etdi!

İndi Ermənistan neçəsə kv.km ərazisinin "işğalda qalmasından" danışır; indi ermənilər Zəngəzurun ələ keçiriləcəyi qorxusu ilə o tarixi ərazilərimizi boşaltmaqla məşğuldur!

Bütün siyasi proqramların hədəfi 7 rayona azərbaycanlı köçkünlərin qaytarılması üzərində qurulmuşdu - indi 12 rayona, bütün ərazimizə Qayıdış proqramlı addım-addım icra edilir, amma bununla bitmədi, hazırda 300 min azərbaycanlının Ermənistana qayıtması gündəmdədir.

Yalandan basıb-bağlamayaq ki, ay buna inanırdıq, ay bunu proqnozlaşdırırdıq!

Əlbəttə ki, bu bizim haqqımızdır;

Əlbəttə ki, bütün bunlar və daha ötəsi tarixi ədalətdir;

Əlbəttə ki, bütün bunları arzulayırdıq, xəyal edirdik, bunun üçün dua edirdik!

Amma kimsə bunların qısa müddətdə reallaşacağına qəti şəkildə inanmırdı. Hətta içimizdən "Şuşadan əlinizi üzün, oranı Ermənistandan icazə alıb, turist kimi ziyarət edəcəyik" deyənlər də tapılırdı.

Bu xalqı inanmadığı arzularına qaldıran İlham Əliyevlə 7 fevralda kim rəqib olacaq? Hansı proqram-prospekt-strategiya ilə?

Siyasi partiyaları bu baxımdan çox yaxşı başa düşürəm: seçkidə İlham Əliyevə ağır şəkildə məğlub olacağını hər kəs gözəl bilir. Və onu da bilir ki, bu kəz - müstəqillik tariximizdə bəlkə də ilk dəfə olaraq - ən radikal, ən qısqanc, qaşınmayan yerdən qan çıxaran müxalif belə seçkidə saxtakarlıq olduğunda inad edə bilməyəcək.

Xalq bütövlükdə tam seçimini 27 sentyabrda etdi, 10 noyabrda təsdiqlədi, 20 sentyabrda isə bu seçimi artıq taleyinə yazdı. Yəni: İlham Əliyevin iştirak etdiyi sürəcə Azərbaycanda prezident seçkiləri belə olacaq - hələ onun yeni dönəmdə hansı sürprizlər hazırlayacağını bilmirik - ancaq bunu təxmin etmək olar, necə ki, erməni ekspertlər artıq indidən əndişədədirlər.

Ona görə müxaliflərin - "cəsarət etmirlər" deməzdim, "cəsarət" sözü bu məqamda yerində deyil - vicdanları yol vermir. Debatlarda Azərbaycanın ərazi bütövlüyü dartışılacaq və onlar mütləq şəkildə İlham Əliyevin müstəsna xidmətini qeyd edəcəklər; axı, müxaliflərin də reallaşmasını gözləmədiyi arzularını İlham Əliyev həyata keçirib.

Seçki debatlarında rəqibinin tarixi xidmətlərini etirafla isə "siyasi rəqabət" olmur!

Ona görə ən yaxşısı parlament seçkilərinə hazırlaşın!

Yeri gəlmişkən, parlament seçkisi yaxınlaşır və qəfil qərar parlament üçün də ola bilər - sonra deməyin ki, demədi...


Etiketlər:  Əliyevin rəqibləri vicdanları ilə üzə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ