Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada yeni TARİX

Avropada yeni TARİX

Tarix: 15 Dekabr 2023 00:04

Avropa Liqasının qrup mərhələsi başa çatır.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, avrokubokların əsas raundundakı yeganə Azərbaycan təmsilçisi "Qarabağ" qrupdakı son oyununu bu gün keçirib.

Ağdam klubu İsveç təmsilçisi "Hekken"i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qələbə qazanıb.

Qrupda VI turun digər görüşü Almaniyada təşkil olunub. 1-ci yerlə 1/8 finala vəsiqəni təmin edən "Bayer" "Molde"ni sınağa çəkib. Oyun leverkuzenlilərin darmadağını ilə yekunlaşıb - 5:1.

Son turun nəticələrindən sonra "Qarabağ" qrupun turnir cədvəlindəki ikinci yerini qoruyub. Bu, Qurban Qurbanovun yetirmələrini Avropa Liqasının pley-offuna daşıyıb. "Molde" isə yoluna Konfrans Liqasında davam edəcək.

10-cu dəfə
"Qarabağ"ın qazandığı uğur yubileylə üst-üstə düşüb. Söhbət Ağdam təmsilçisinin 10-cu dəfə qrupda oynayacağından gedir.

Qurbanovun yetirmələri buna ardıcıl 10 mövsümdə imza atıb. 2014/15 mövsümündə Avropa Liqasında tilsimi qıraraq pley-off səddini adlayan çempionumuz həmin vaxtdan qrup mərhələlərinin daimi iştirakçısıdır.

"Qarabağ" ardıcıl üç dəfə Avropa Liqasında qrup həyəcanı yaşayıb. Bu uğurlar daha böyük nailiyyətlə müşayiət olunub. 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə təmsilçimiz Çempionlar Liqasında qrupa düşüb.

Ardınca növbəti üçillik tsikl yaşandı. "Qarabağ" üç dəfə Avropa Liqasının qrupunda qitə səhnəsinə çıxıb.

Hər üç ildən bir turniri dəyişmək ənənəsi Konfrans Liqasının qrupuna düşməklə davam edib. Yeni turnirdə qrupa yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ" birinci cəhddən bu raundu da adlayıb. Qurbanovun yetirmələri 2021/22 mövsümünün ikinci yarısına - pley-offa yüksəlməklə Azərbaycan futbol tarixinə daha bir səhifə əlavə edib. Bir il sonra Avropa Liqasının qrupu yenə eyni sonluqla - Konfrans Liqasının pley-offu ilə yekunlaşıb.

8-ci cəhd
Bu dəfə "Qarabağ" irəli doğru daha bir addım atıb. İki dəfə Konfrans Liqasının pley-offuna çıxan ağdamlılar 2023/24 mövsümündə Avropa Liqasının eyni mərhələsinə qədər irəliləyib.

Qurbanovun özünün də dəfələrlə dediyi kimi, "Qarabağ" əvvəllər də belə şanslara malik olub. Lakin son oyunlarda uğur, bəxt bizdən, çempionumuzdan üz döndərib. İlk üç cəhddə - 2014/15, 2015/16, 2016/17 mövsümlərində qrupdan çıxmaq şansı son turda itirilib. Elə ötən il də Avropa Liqası, yoxsa Konfrans Liqası sualının cavabı VI turda bəlli olub. Bu dəfə, qitənin ikinci dərəcəli klub turnirindəki 8-ci cəhddə isə Azərbaycan futbolu sevincə bürünüb.

Fantastik start
Bu uğurun təməli qrup mərhələsinin startında qoyulub. "Qalatasaray" kimi güclü rəqiblə başabaş oynayan "Molde"nin müqavimətini Bakıda qıran "Qarabağ" İsveçdə "Hekken"ə də şans verməyib.

Azərbaycan futbolu tarixində ilk dəfə klubumuz qrupa iki qələbə ilə başlayıb. Ümumiyyətlə, cari mövsümdə avrokuboklarda yalnız üç komanda ilk iki görüşü qol buraxmadan və xal itirmədən başa vurub. Belə fantastik start qrupdan çıxmağa aparan yol idi.

Təkcə Almaniya deyil, Avropada da formalaşan fikrə əsasən yeri Avropa Liqası deyil, Çempionlar Liqası olan "Bayer"dən xal almamaq isə gözlənilən idi. Hərçənd Bakıda son dəqiqələrə qədər bir xal qazanmaq imkanları qalırdı. Amma bir penalti hər şeyi dəyişdi.

Yeni tarix
Start kimi finiş də skandinaviyalılarla duellərlə yadda qalıb. Çətin Norveç səfərində soyuqdan, süni meydandan çəkinməyən "Qarabağ" "Molde" ilə məhsuldar heç-heçə ilə ikinci sıradakı mövqeyini və çox vacib olan şəxsi oyunlardakı üstünlüyünü qoruyub. Avrokubokların pley-offuna vəsiqəni təmin edən çempionumuz Avropa Liqasının taleyini son tura saxlayıb. Bakıda "Hekken"lə qarşılaşmada isə bu tarix də yazılıb. İlk dəfə Azərbaycan klubu Avropa Liqasının qrupundan çıxıb. İki il əvvəl Konfrans Liqasında, bu dəfə Avropa Liqasında qrupdan çıxan "Qarabağ" üçün növbəti şanlı vəzifə Çempionlar Liqasında eyni uğur qazanmaq olacaq.

"Qarabağ"ı nə gözləyir?
Avropa Liqasında qrupdan çıxan "Qarabağ"ın növbəti rəqibi dekabrın 18-də bəlli olacaq. Pley-off mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində baş tutacaq.

Avropa Liqasının qrup ikinciləri Çempionlar Liqasında üçüncü yeri tutan komandalarla qarşılaşacaq. Azərbaycan çempionu da qitənin ən nüfuzlu klub turnirindən gələn komandalardan biri ilə qarşılaşacaq. Bunlar "Qalatasaray" (Türkiyə), "Lans" (Fransa), "Yanq Boyz" (İsveçrə), "Feyenoord" (Niderland), "Benfika", "Braqa" (hər ikisi Portuqaliya), "Şaxtyor" (Ukrayna) və "Milan" (İtaliya) klublarıdır. Pley-off 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Avropada yeni TARİX


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ