Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 22:18
"Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. Bu gün çempionatımız ən yaxşı komandalarından birinə qarşı oynadıq. "Zirə" ən az qol buraxan komandadır. Bu, asan deyil. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. "Zirə" ilə yenidən kubokda oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamaşıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudur. Bu gün oyunçularda mübarizə əzmini gördüm".
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 17-ci turunun "Zirə" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Rəqibin sistem dəyişikliyi sizə çətinlik yaratdı?
- Bizim hücumçularımıza qarşı bu sistemlə oynadılar. Epizodlar var idi ki, sanki hücumçularla müdafiəçilər meydanda güləşirdilər. Bu, bizə çətinlik yaradırdı. Onlar da iki hücumçu ilə oynadl. Diqqətli oynamalıydıq. Futbolçular hər vəziyyətə hazır olmalıdırlar.
- Şəhriyar Əliyev meydanda olanda sanki müdafiə daha etibarlı görünür. Onun yoxluğu oyununuza necə təsir edir?
- Bizim problemimiz adlarda deyil. "Sabah"la matçda Şəhriyar meydanda idi, 3 qol buraxdıq. Problemimiz stoperlərin bir yerdə stabil olmamasıdır. Miller, Hakman, Şəhriyar zədələnib. Bunların hamısı ən azı 3-4 turu buraxıb. Bir müddət dördlü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq. Şəhriyar bu gün liderlik keyfiyyətini göstərdi.
- Çox qol buraxmağınızın səbəbi nədir?
- Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdur. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki, hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yarartdı.
- Qış fasiləsində hansı mövqelərə transfer edəcəksiniz?
- Öncə yerli futbolçu istəyirəm. Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son iki mayçdan sonra ümumi təhlil edib qərar verəcəyik.
- Klub rəhbəri bildirdi ki, "Qarabağ"ı nümunə götürmüşük. Siz necə, yerli, yoxsa əcnəbi futbolçulara üstünlük verməyi daha doğru hesab edirsiniz?
- İki saat danışsam, az olar. Deyirik ki, legioner oynatmayaq. Keçən il "Şamaxı"nı niyə qınadıq? Fikirlər çoxdur. Hərə bir yerə yoza bilər. Azərbaycanda 2-3 hücumçu gətirə bilərik? Mərkəz müdafiəçisi deyək. Bəzi komandalar qapıçı problemi yaşayır. Çempionatda qalmaq üçün komandaya legioner lazımdır. Mən öz büdcəmə uyğun legioner gətirirəm. "Sabah"ın, "Neftçi"nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paçunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsız. Bəli, hamımız "Qarabağ"ın yolunu nümunə çəkirik. "Qarabağ" öncə bazasını düzəltdi. "Qəbələ"nin düşdüyü vəziyyət bizə siqnaldır. "Sumqayıt"da futbolçu 1500 manat maaş alırdı. Avroliqaya vəsiqə qazanandan sonra bizdən 10 000 manat maaş istədi. Bəzi klublar maliyyədən gileylənir. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. "Sabah"a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma Premyer Liqada qalmaq üçün legionerlər vacibdir.
- Əvəzedici komadanın zəif çıxışının səbəbi nədir?
- Onların qarşısına hədəf qoymamışıq. Ötən il bu komanda 3-cü yeri tutmuşdu. Həmin komandadan Faiq Hacıyevi qazandıq. Bu mövsüm o əsas heyətdə oynayır. Sadiq Şəfiyev var, 2 ildən sonra Azərbaycanda ən yaxşı hücumçulardan biri ola bilər.
- Hakim idarəçiliyini necə dəyərləndirirsiniz?
- Bu gün çox çətin oyun idi. Hakimlikdən çox danışmaq istəmirəm. Real baxsaq, xalımız daha çox ola bilərdi. Dörd oyunda hakim qərarları nəticəyə təsir etdi. Həmin səhvlər baş məşqçinin, futbolçunun karyerasına təsir edə bilər. Əliyar Ağayevin Çempionlar Liqası oyununu izlədim. Fasilədə oyunçular necə sərt etiraz edirdilər? Biz isə etiraz edəndə sarı vərəqə verirlər. Sevinməyə belə icazə vermirlər. "Neftçi" ilə oyunda qapımıza vurulan qol epizodunu əvvəlini VAR göstərmir. Niyə? +18 görüntüdür? Avropada fərqli, çempionatda fərqli oyun idarə edirlər. Bəli, narazıyam. Hakimlər də inkişaf etməlidir.