Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 00:30
Allah-Təalanın ədaləti barədə danışarkən insanın iradə azadlığı məsələsini xatırlatmamaq olmaz. İslam aləmində bu məsələ barəsində çoxlu mübahisələr baş vermişdir. İslam aləmində iki fəlsəfi cərəyan bu məsələdə tamamilə bir-birinə zidd olan ifrat nöqtələrdə durmuşlar. Bu fəlsəfi cərəyanların biri "qədərilik", digəri isə "cəbrilik"dir.
Qədərilərin əqidəsi bu idi ki, Allah-Təala dünyanı yaratdıqdan sonra özbaşına buraxmışdır. Allah təbiətdə baş verən heç bir hadisəyə müdaxilə etmir, onu sürətləndirmir, yaxud qarşısını almır. İnsana qeyri-məhdud iradə azadlığı verilmişdir. Hər kəsin hərəkəti yalnız və yalnız öz istəyindən asılıdır.
Cəbrilər isə tamamilə bu dünyagörüşünün əleyhinə çıxaraq iddia edirdilər ki, hər bir yaxşı və pis işin səbəbkarı Allahdır. Cəbrilər qəti surətdə insanın iradə azadlığını rədd edirdilər. Onların fikrincə, insanı hər bir hərəkətə Allah məcbur edir.
Sadə və insaflı araşdırma yolu ilə hər iki tərəfin ciddi səhvə yol verdiyi aşkara çıxır. Qədərilər insanın iradə azadlığı məsələsində ifrata yol vermişlər. Düzdür, insan yaxşı və ya pis yolu seçməkdə, bu və ya digər hərəkəti törətməkdə ixtiyar sahibidir. Bununla belə, danmaq olmaz ki, hər şey qüdrətli Allahın iradə və nəzarəti altındadır. Allah istədiyi zaman istədiyi hadisəni dəyişdirib başqa axara salmağa qadirdir.
Amma cəbrilər kimi insanı şüursuz, iradəsiz robot səviyyəsinə endirmək də səhvdir. Onların sözündən belə çıxır ki, bir kəs vurub başqasını öldürsə, öldürənin günahı yoxdur; əsil qatil Allahdır. Həmçinin, bir kəs başqasına yaxşılıq edərsə, ona savab düşmür; çünki səbəbkar Allahdır. Gülünc deyilmi?!
Həm cəbrilərin, həm də qədərilərin dünyagörüşü İslam dininin tam ziddinədir. Çünki Allah dəfələrlə Qurani-Kərimdə buyurub ki, insanlar öz əməllərinə görə qiyamət günündə cavab verəcəklər. Əgər insanı yaxşı, ya pis əməllərə məcbur edən Allahdırsa, qiyamətdə insana hansı əsasla mükafat və cəza veriləcək? Əslində günahı olmayan şəxsi cəzalandırmaq, savabı olmayan şəxsə mükafat vermək zülm deyilmi?! Həmçinin, əgər Allah insana mütləq mənada iradə azadlığı vermişsə və bu dünyada onun pis hərəkətlərinin qarşısını almağa qadir deyilsə, qiyamətdə onu necə özünə tabe edib, məhkəmə qarşısında saxlamağa gücü çatacaq?!
Tarixdən mə'lumdur ki, bə'zi qatı cinayətkarlar özlərini təmizə çıxarmaq üçün iradə azadlığını danmışlar. İmam Hüseynin (ə) qətlinə fərman verib üstünə qoşun göndərmiş Yezid belələrindən idi. İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada faciəli şəkildə öldürüldükdən sonra onların sağ qalmış ailə üzvlərini Yezidin sarayına gətirirlər. Bu zaman Yezid: "Hüseyni (ə) Allah öldürdü" - sözləri ilə öz cinayətini ört-basdır etməyə çalışır. Lakin İmam Hüseynin (ə) oğlu İmam Zeynülabidin (ə) öz alovlu nitqi ilə Yezidin əsil simasını ifşa edib bütün sə'ylərini puça çıxarır.
İradə azadlığı məsələsində həm ifrata, həm də təfritə yol vermək insan mənəviyyatına mənfi tə'sir göstərir. Allahın dünya işlərinə nüfuz edə bilmədiyinə inanmaqla insan ümidsizliyə qapılır, özünü tənha və köməksiz sanır. Əksinə, hər işin səbəbini özündən uzaqlaşdıraraq bilavasitə Allahla bağlamaq insanı məsuliyyət hissindən uzaq edir, onda özbaşınalıq və laqeydlik duyğusu yaradır.
İslam müqəddəsləri iradə azadlığı məsələsində nə qədərilərin, nə də cəbrilərin fikrini tamamilə qəbul etməmiş, orta mövqedə durmağın düzgün yol olduğunu söyləmişlər.
Düzgün əqidə bundan ibarətdir: İnsan iradə azadlığına malikdir və hər bir hərəkətinə görə özü məsuliyyət daşıyır. Müəyyən bir hərəkəti etmək və etməmək insanın özündən asılıdır. Bəzilərinin düşündüyünün əksinə olaraq, insanın alnına heç nə yazılmayıb. Bununla belə, Allah-Təala hər bir prosesə nəzarət edir. O, istədiyi zaman istədiyi məsələyə müdaxilə etməyə qadirdir. İmam Sadiq (ə) buyurmuşdur: "Nə cəbr əqidəsi düzdür, nə də qədərilik. Bunların arasında orta bir yol vardır; haqq odur" ("Usul'i-kafi").
Haqsız iradlara cavab
Allah-Təalanın insanlara qarşı ədalətli olduğuna şübhə edənlərin irəli sürdükləri əsas iradlar bundan ibarətdir:
Birinci sual:
Əgər Allah adildirsə, niyə bə'zən bütöv xalqlara, bə'zən də ayrı-ayrı fərdlərə dəhşətli bəlalar göndərir?
Cavab:
Allah-Təala tərəfindən insanlara bəla göndərilməsinin səbəbi adətən insanların öz günah və səhvləri ucbatından olur. Məsələn, Nuh peyğəmbərin (ə) zamanında insanlar Allahdan üz çevirib bütlərə sitayiş etməyə başladılar. Həzrəti Nuh (ə) illərcə camaata moizə və nəsihət etsə də, faydası olmadı. Bu zaman Allah-Təala yer üzündə dəhşətli tufan yaradaraq, bütün kafirləri və Allaha şərik qoşanları məhv etdi.
Bunu gündəlik həyatımızda rast gəldiyimiz belə bir misalla da müqayisə etmək olar: Məsələn, insan düzgün qidalanmadığından, yaxud gigiyenik göstərişlərə əməl etmədiyindən xəstələnir. Vaxtı keçmiş, köhnə qida məhsulunu yeyib xəstələnən şəxs Allahı deyil, özünü günahkar bilməlidir. O, qidalanarkən səhv etmiş, sonra da bu səhvin ağrı-acısını çəkmişdir. Quranda buyurulur: "Başınıza gələn hər müsibəti öz əlinizlə qazanmısınız" (Şura, 30). "Allah insanlara heç zülm etməz, amma insanlar özlərinə zülm edirlər" (Yunus, 44).
İkinci sual:
Allah-Təala bəzi günahkarlara öz səhvini anlayıb tövbə etmək üçün möhlət verir. Amma günahkarların bir hissəsi yenə də tövbə etmir və öz bəd əməllərini təkrarlayırlar. Məgər Allah onların islah olunmayacağını bilmirmi? Axı Allah hər şeyi biləndir?
Cavab:
Allah-Təala, həqiqətən, hər şeyi biləndir. Günahkarlara verilən möhlət də Allah üçün deyil, onların özü üçündür. Allah insanları gələcəkdə edəcəkləri günahlara görə irəlicədən cəzalandıra da bilərdi. Amma bu zaman həmin şəxslər Allahı zülmkarlıqda təqsirləndirib deyərdilər: "Axı biz bu cinayətləri hələ etməmişik! Bizə möhlət verilsəydi, biz həmin əməlləri törətməzdik".
Deyilənləri daha yaxşı başa düşmək üçün misala müraciət edək: Dünyanı böyük bir məktəbə bənzətmək olar. Bu məktəbdə müəllim - Allah, şagirdlər - insanlardır. Təsəvvür edin ki, dərs ilinin sonunda şagirdlər idman fənnindən imtahan verməlidirlər. Şübhəsizdir ki, sinifdəki şagirdlərin hamısının fiziki hazırlığı eyni səviyyədə deyildir. Onların bəzisi idman təmrinlərini asanlıqla yerinə yetirir, bəzisi isə bunların öhdəsindən gələ bilmir. Bütöv bir il ərzində onlara dərs demiş müəllim hər kəsin imkanlarını yaxşı bilir. O, heç imtahan götürmədən bəzi şagirdlərə "beş", bə'zilərinə isə "iki" qiyməti yaza bilər. Lakin bu zaman "iki" qiyməti almış şagird üçün bəhanə yeri qalar. O belə deyə bilər: "Müəllim mənim fiziki bacarığımı sınağa çəkmədən mənə qarşı haqsızlıq etdi. Bəlkə mən imtahanı uğurla verib müsbət qiymət ala biləcəkdim?".
Buna görə də müəllim hər şagirdi sınaq meydanına çəkib hərəyə layiq olduğu qiyməti verir. Həmin zəif şagirdin də nəyə qadir olduğu imtahanda aşkara çıxır və o, verilən mənfi qiymətlə razılaşmalı olur.
Allah-Təala günahkarlara möhlət verməklə, onların iç üzünü açıb cəmiyyət üçün ifşa edir. Günahkar şəxs həmin müddətdə həm öz gələcək cəzasını ağırlaşdırır, həm də camaatın onu daha yaxşı tanımasına şərait yaradır. Qurani-Kərim bunu açıqca bəyan edir: "Kafirlər verdiyimiz möhlətin onlar üçün xeyirli olduğunu sanmasınlar. Onlara möhlət veririk ki, daha çox günah etsinlər. Axırda onları dərdli əzab gözləyir" (Ali-İmran, 178).
Üçüncü sual:
Allah öz bəlalarını həmişə günahkarlara göndərmir. Bə'zən mömin şəxslər də əzab-əziyyətə düşürlər. Bunun səbəbi nədir?
Cavab:
Allah-Təala vaxtaşırı öz sevimli bəndələrini imtahana çəkir. Diqqət yetirin, şagird hər rübün sonunda yoxlama işləri yazaraq dərsləri necə qavradığını nümayiş etdirir. Habelə o, dərs ilinin sonundakı imtahanda bir illik fəaliyyəti barədə hesabat verib, növbəti sinfə keçmək üçün vəsiqə alır. Mömin insan da ömrünün müəyyən mərhələlərində çətin sınaqlar qarşısında durub öz imanını təsdiq etməli və həyatın növbəti mərhələsinə "vəsiqə" almalıdır.
Həm də Allah-Təala bir nəfəri müvəqqəti imtahana çəkməklə başqalarını ayıldır, onlara ibrət verir. Rəvayət edirlər ki, Allah-Təala Həzrəti Eyyub peyğəmbəri (ə) dəhşətli bəlalarla sınağa çəkmişdir. Əvvəlcə Eyyubun (ə) var-dövləti əlindən çıxır, sonra uşaqları həlak olur, daha sonra isə özü ağır xəstələnir. Hamı ondan üz çevirir. Bununla belə Eyyub (ə) səbir edir, Allaha inamından dönmür, ağır imtahana mərdliklə dözürdü. Sonda Allah onu səbrinə görə mükafatlandırır. Eyyubun (ə) bədəni tamamilə sağalır, övladları və var-dövləti ikiqat artır, adı isə səbir və dözüm nümunəsi kimi Qur'ana düşür.
Hədislərin birində buyurulmuşdur ki, bəla zalım üçün ibrət, mö'min üçün imtahandır. Başqa bir hədisdə deyilir: "Hər bəlanın kökündə xeyir gizlənib". Bəzi hallarda bu xeyir insanın özü üçün, bəzən isə başqaları üçündür. Həzrəti Əli (ə) bəlaların və çətin həyat şəraitinin insan iradəsini möhkəmləndirdiyini sübut etmək üçün ağacları misal göstərmişdir: "Susuz səhralarda bitən ağacların çubuğu daha möhkəm olur" ("Nəhcu'l-bəlağə").
Hədislərdə deyilir ki, Allah-Təala bəzi sevimli bəndələrinə xəstəlik və başqa dərdlər göndərməklə onları axirət əzabından xilas edir. Hamının az da olsa günahları və səhvləri vardır. Allah bəzi insanların günahını xəstəliklərlə yuyur ki, qiyamətdə cəzaları yüngül olsun.
Əlbəttə, insanların heç də hamısı bu imtahanlara layiqincə dözə bilmir. Qurani-Kərim həmin şəxsləri məzəmmət edir:
"Allah tərəfindən imtahana çəkilib əzizlənəndə və ne'mətlər alanda insan deyir: "Allah məni əzizlədi". Lakin Allah onu sınamaq üçün ruzisini azaldanda söyləyir: "Allah məni təhqir edib alçaltdı" (Fəcr, 15-16).