Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Güneyə hücuma keçib – Yurdsevən

İran Güneyə hücuma keçib – Yurdsevən

Tarix: 23 Dekabr 2023 12:50

Güney Azərbaycanın BMT-dəki nümayəndəsi, Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) insan haqları departamentinin rəsmisi Araz Yurdsevənin Axar.az-a müsahibəsi:

- Son zamanlar Güney Azərbaycan sosial media istifadəçilərinin milli məzmunda yaratdığı səhifələr kütləvi şəkildə bağlanır, adminləri həbs olunur. Bu, nə ilə əlaqədardır?

- Güney Azərbaycan gəncliyi rejimin yaratdığı durumdan çıxmaq üçün yaranmış bütün rəqəmsal platformalardan faydalanmağa çalışır. Bu isə nə fars rejiminin, nə də fars rejiminə sözdə müxalif olan qüvvələrinin xoşuna gəlir. Baxmayaraq ki, İran fars-molla rejimi internet və sosial şəbəkələrdən istədiyi kimi yararlanır. Bu platformalardan istifadə edərək terror və dəhşət siyasətlərini fəal şəkildə təbliğ edirlər. Lakin sosial şəbəkə istifadəçilərinə gələndə onların internetə giriş imkanları belə məhdudlaşdırılır. Hətta onlara qarşı aqressiv davranırlar: gəncləri cəzalandırır, milli səhifələri bağlayır və ya şantajla bu saytları ələ keçirirlər. Azad informasiyanın dolaşımından dəhşətə düşən rejim internetdən istfadə edilməsini, eləcə də xarici saytlara girişi filtirləyərək əngəl törədir. Rejim 98 ilə yaxındır millətlətləri bilgi qıtlığında və öz informasiya və dezinformasiya nəzarətində saxlayır. Ancaq sosial şəbəkələrin yaranışı, onların milli oyanış alətinə çevrilməsi rejimi narahat edir. Odur ki, bir çox sosial şəbəkələrdə olan hesablar və qruplar ələ keçirilib, haker hücumuna məruz qalaraq dağıdılıb, adminləri, yaradıcıları tutulub. Hətta bəzi səhifələri ələ alaraq onları "milli hərəkat hesabları" olaraq dezinformasiya üçün işlədir.

- Sosial şəbəkələr Güney Azərbaycan məsələsinin təbliğində nə dərəcədə rol oynayır?

- Rejimin internetə giriş əngəllərinə və təzyiqlərinə rəğmən, milli fəallar və sosial şəbəkə istifadəçiləri geri addım atmır. Rəqəmsal dünyanın yaratdığı bütün imkanlardan faydalanmağa çalışırlar. Hətta filtir əngəllərini də müxtəlif yollarla aradan qaldırırlar. Azərbaycanın güneyində son 10 ildə Azərbaycan gəncliyi internet və sosial media vasitəsilə dünyaya açıla bilib. Dünyanı tanımaqla yanaşı, öz millətini, insan haqlarını, milli kimliyini, sosial-siyasi haqlarını da anlaya, həmçinin tələb edə bilib. Milli Hərəkat öz mediası olmadığı üçün Güney Azərbaycanın haqlarını tələb etməkdə, millətimizin milli oyanışının yüksəldilməsində, rejimə qarşı etirazlarda, milli qüvvələrin bir-birilə əlaqələndirməsi istiqamətində sosial şəbəkələrin imkanlarından istifadə edir. Həmçinin rejimin və sözdə müxalif olan paniranistlərin Azərbaycana olan düşmənçiliyini ifşa etmək, Güney və Quzey Azərbaycan arasında milli bağların güclənməsi baxımından sosial şəbəkələrin rolu əvəzsizdir. Bu isə rejimin və paniranist qüvvələrinin ən son istəyidir.

- 13 mindən çox üzvü olan "Kəpənəklər" kanalının bağlanması insanların haqlı narazılığına səbəb oldu. "Kəpənəklər"lə eyni aqibəti yaşayan daha hansı səhifələr var?

- Kiber hücumlar nəticəsində "Dumanlı Təbriz", "Dəvəçi", "Qocaman Azərbaycan", "Güney- Quzey" kimi səhifələr rejimin idarəçiliyinə keçib. Yaxud da "Prezident #pişəvəri" səhifəsi İnstaqramdan silinib. O cümlədən, "#Oğuz TV" səhifəsinin adminləri tutulub. Hətta şəxsi İnstaqram səhifəm BMT iclasının xəbərlərini yayımladığım zaman sındırıldı. Açmaq mümkün olmadığından yeni səhifə yaratmalı oldum. Rejimin qüvvələri nəinki səhifələri bağlayır və ya adminləri tutur, hətta ən çirkin oyunlara da əl atır. Rejim saxta səhifələr yaradaraq Milli Hərəkatı parçalamağa, nəzarət altında saxlamağa çalışır. Bu, əslində təhlükəlidir. Ayıq-sayıq olmalıyıq.

- Yaxın günlərdə İnstaqram səhifələrindən Güneylə bağlı yazıların kütləvi şəkildə silinməsinin arxasında hansısa şəxsin adı hallanırdı...

- Əlbəttə ki, Azərbaycan Milli Hərəkatının qarşısında İran rejimindən əlavə sözdə rejimə müxalif irançı qüvvələr də dayanıb. Onlar sosial media vasitəsi ilə Azərbaycan milli hərəkatına maneələr törədir.

Pəhləvi dönəmində milli təhlükəsizlik naziri olan Pərviz Sabitinin qızı Pərisa Sabiti İnstaqram sosial şəbəkəsində yüksək vəzifələrdən birini tutur. Bu səlahiyyətindən istifadə edərək, o, Güney Azərbaycan milli məsələsi ilə bağlı çalışan bir çox səhifəni bağladıb, Güneyə aid xəbərləri silib. Bu səhifələr təkrar açılmasın deyə İP adreslərini qara siyahıya atıb.

- Bu əngəllərin öhdəsindən gələ bilirsinizmi?

- Sevindiricidir ki, rejimin bu qədər aşırı basqılarına baxmayaraq, milli fəallarmız dəyişik yollarla bu kiber hücumları təsirsiz hala gətirir, mübarizəsini davam etdirir. Güney Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) İT güvənlik bölümü rejimin bu filtir və qadağalarına qarşı ayıq-sayıqdır.

Milli.Az


Etiketlər:  İran Güneyə hücuma keçib Yurdsevən


RƏYLƏR