Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il itirdiyimiz məşhurlar - ADLAR

Bu il itirdiyimiz məşhurlar - ADLAR

Tarix: 23 Dekabr 2023 16:05

2023-cü  ilin əvvəlindən bugünədək Azərbaycanda bir çox məşhur müxtəlif səbəblərdən dünyasını dəyişib.

Milli.Az sfera.az-a istinadən bu il vəfat edən tanınmışların adlarını təqdim edir:

2023-cü ildə səs-küy yaradan ölüm xəbərlərindən biri Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə bağlı olub. O, səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra bu il vəfat edib. Bir sıra televiziya verilişlərinin aparıcısı kimi də fəaliyyət göstərən aktrisa "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Bu il dünyasını dəyişən məşhurlar sırasında Xalq artisti Azərpaşa Nemətov da var.  O, aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə, 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2022-ci ildə "Şərəf" ordenlərinə layiq görülüb.

2023-cü ildə aktyor, Xalq artisti Ramiz Novruzu da itirdik.  O, 67 yaşında dünyasını dəyişib. Ramiz Novruzov 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Qeyd edək ki, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

İlin ən səs-küylü xəbərlərindən biri də millət vəkili Qənirə Paşayevanın vəfatı olub. O, müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. Deputat İkinci Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyev bu il yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, onun idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. O.Əliyev "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Ötən günlərdə teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik də dünyasını dəyişib. Xərçəng xəstəliyindən 80 yaşında vəfat edən sənətçi İkinci Fəxri xiyabanda dəfn olunub.

Bu il vəfat edən məşhurlar sırasında tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun da adı var. O,  dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Xalq artisti İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

"Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan, Əməkdar artist Elxan Qasımov da bu il dünyasını dəyişib. Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı. O, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn olunub.

Milli.Az


Etiketlər:  Bu il itirdiyimiz məşhurlar ADLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ