Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayda 5 min avro qazananların problemi

Ayda 5 min avro qazananların problemi

Tarix: 25 Dekabr 2023 22:12

5-6 il əvvəl dörd azərbaycanlı jurnalist Milanda olarkən arayıb, axtarıb bir türk lokantası tapdıq ki, bir qısmat çörək yeyək. İyun ayıydı, günorta vaxtıydı. Açıq havada oturduq, sifarişlərimizi verdik - adama bir İtaliya pitsası və kola.

Allahdan, lokantanın sahibi yan masadaydı, bizim haralı olduğumuzu bildi, yaxınlaşdı, onunla siyasətdən, məmləkət işlərindən söhbət edə-edə pitsamızı yedik, kolamızı içdik, 60 avro (bizim pulla 120 manat) ödədik, qalxdıq. Hesabın bu qədər olacağını öncədən bilirdik, menyuda bütün qiymətlər yazılmışdı.

Daha sonra önümüzə italyan mətbəxinin təamlarını təqdim edən başqa restoranlar, kafelər çıxdı, baxdıq ki, ən ucuz yeməkləri 15 avrodur, insaflısı elə türk qardaşın lokantasıymış. Ertəsi gün spagetti (bildiyiniz vermişel) yedik, o da 60 avro apardı.

Sonradan Avropanın başqa şəhərlərində də gördük: yeməklər baha, içkilər baha, ictimai nəqliyyatda gediş haqqı baha, taksi xidməti baha, kommunal xərclər baha, geyim-kecim baha, ümumiyyətlə, hər şey baha. Hətta Sədərəkdən 15 manata aldığım və Pakistan istehsalı olan cins köynəyin eynisini Stokholmda 90 avroya görəndə fərqinə vardım ki, Avropada həyat bizdəkindən 10-12 dəfə bahadır.

Bu gün sosial şəbəkədə iqtisadçı yazar İlham Şabanın Avropa ölkələrində və regionumuzda əhalinin 1000 kubmetr qaza nə qədər pul xərclədiyindən bəhs edən qeydləri görəndə yadıma yuxarıda bəhs etdiyim hadisə düşdü və təəccüblənmədim.

İ.Şaban statistik göstəriciləri əldə rəhbər tutaraq yazır ki, İsveç əhalisi 1000 kubmetr qaza 3050, Danimarka xalqı 2400, Çexiya camaatı 2300 dollar pul ödəməli olur. Ermənilərin müvafiq xərci 356,9 dollardır. Gürcülər haradan alırlarsa, o qədər qazı daha ucuz yandırırlar - 211,9 dollara. Belarus qazı Rusiya qardaşından alır deyə, öz xalqına 112,3 dollara satır. Rusiyanın öz qazı var, ona görə də onu əhaliyə 96,5 dollara verir.

Biz qazın 1000 kubmetrinə 70,6 dollar verirmişik, amma qazax qardaşlar bizdən də az pul verir - 62,3 dollar. Ta türkmənlərdən danışmıram, yəqin ki, onlarda qaz daha ucuzdur. Bəlkə də müftədir.

Hərçənd bir qaz istehlakçısı qardaş deyir ki, yox, bizdə 1000 kubmetr qazın qiyməti 110 dollardan bir az artıqdır. "Bu qədər ödəyirəm" yazır. Onun da sözünü qəribçiliyə salmıram. Belə olduqda, birinci variantda bizdə qazın qiyməti İsveçdəkindən 43 dəfə, ikinci variantda isə 27 dəfə ucuz olur.

Söhbət bunda deyil. Qorxasan ki, bu müqayisə bəzilərinin gözünə pis görünə, tutub qazın qiymətini qaldıralar ki, Avropa standartlarına uyğunlaşmalıyıq.

Məsələ budur ki, son vaxtlarda Avropada yaşayan həmvətənlərimizin güzərandan, dolanışıqdan nəyə görə gileyləndiklərini indi anlayıram. Hərçənd anlamayanlar və tez-tez onlara "ayda 5 min avro maaş alırsınız" yazanlar, onları naşükürlükdə qınayanlar var.

Bu, "5 min avro" söhbəti haradan çıxıb, necə yuvarlaqlaşıb, bilən yoxdur. Halbuki bunun yarısını almayanlar da var, ona yaxın qazananlar da. Düzdür, adamlar iki yerdə işləyə-işləyə, həftədə 5 gün çalışıb, bir ətək pul-para qazanırlar, amma maaşlarını alan kimi çox hissəsi kommunal xərclərə, kreditlərə, ərzağa, benzinə, sair zəruri xərclərə gedir və əllərində bir şey qalmır.

Biz isə burada oturub düşünürük ki, Avropada camaat avronu payız xəzəli kimi süpürgə ilə süpürüb toplayır, sonra xəkəndazla xarala yığır, evə aparırlar.

Bu yaxınlarda "Yutub" platformasında bir video vardı: bir türk reportyor Hollandiyada yaşayan və klinikada tibb bacısı işləyən gənc türk xanımdan müsahibə alır, ondan qazancını, xərclərini soruşurdu. Gənc xanım ətraflı danışdı, qazancını dedi (təxminən "5 min avro" kimi bir şey), sonra aylıq xərclərini sadaladı, əlində 100 avro qalmadı. Reportyor ona dedi ki, indi nə deyirsən, buraya gəlmək istəyən türklər Hollandiyaya, Avropaya gəlməsinlərmi. Olduqca dilli-dilavər olan, təhsilli, savadlı adam təsiri bağışlayan qız dedi ki, yox, heç kəsin planını pozmaq istəmrəm, amma qoy əvvəlcə gəzməyə gəlsinlər, gəlib öyrənsinlər, şəraitlə tanış olsunlar, ondan sonra qərar versinlər ki, burada yaşaya bilərlər, ya yox.

Eyni tövsiyə bizimkilər üçün də keçərlidir. Son bir-iki ildə Avropadan deportasiya olunan həmvətənlərimizin çox olması xaricə getmək istəyənlərin gözünü qırıb, nədir, gənclər əvvəlki illərdə olduğu qədər xaricə can atmır. Bir səbəb də o ola bilər ki, avropalıların da mühacirlərə münasibəti pisləşib, qapıları arxadan kilidləyiblər.

Demək, ən yaxşısı, güzəranını öz ölkəndə qurmaqdır. Qazın, pitsanın qiyməti yaxşıdır, o biri şeylər də normal olsa, iş-güc (qurmaq) tapmaq çətin olmasa, camaatımızın Amsterdamda, Frankfurtda, Malmödə nə işi var?

musavat.com


Etiketlər:  Ayda avro qazananların problemi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ