Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 07:02
İctihad sözünün hərfi mənası çətinliyə dözmək və səy göstərməkdir. Bir termin kimi isə bu söz bir fiqh aliminin, başqa sözlə, bir fəqihin şəri bir hökmü dəlilindən çıxartmaq üçün səy göstərməsi və bu məsələdə öz gücündən istifadə etməsi mənasında işlədilir. Burada dəlil sözü ilə İslam hüququnun əsas qaynaqları olan Qurani-Kərim və Muhəmməd peyğəmbərin (s. a. v.) sünnəsi nəzərdə tutulur.
İctihad edən alim müctəhid, ictihadın mövzusu olan şəri hökm müctəhidun fih adlandırılır. İslam hüququ ilə əlaqədar olan bütün məsələlərdə ictihad edə bilən fiqh mütəxəssisinə müctehidi-mütləq, ancaq bəzi məsələlərdə ictihad edə bilən alimə müctehidi-müqəyyəd deyilir.
Hələ ictihad etmək səviyyəsinə çatmamış fiqh alimlərinə müqəllid deyilir. Çünki bunların tədqiqatları başqa bir müctehidin fikirlərini anlayıb qavramaq və ona əsasən fitva verməklə məhduddur. Belə alimlər əsasən bir məzhəbə bağlı olur və öz əsərlərində o məzhəbin hökm, məsələ və rəvayətlərini toplayırlar.
Özünə məxsus bir metodla (usuli-fiqh: fiqh üsulu) ictihad etmək istəyən bir müctehid Qurani-Kərim və hədisləri yaxşı bilməlidir. Belə bir şəxs fiqhlə əlaqədar olan ayələri - əhkam ayələrini dil və şəriət baxımından yaxşı bilməli və onun xas, amm, mücməl, müfəssər, nasix və mənsux kimi Quran məsələlərinə dair dərin məlumatı olmalıdır. Əhkam hədislərinin mənasını dil və şəriət baxlımından yaxşı biməklə yanaşı, bunların bizə qədər necə gəlib çatdığını da yaxşı bilməlidir. İctihadda qiyas məsələsi çox mühüm bir yer tutur. Müctehid səhv müqayisələr aparmamaq üçün bu məsələni yaxşı bilməlidir. İmam Əbu Hənifə (ölüm tarixi hicri 150/miladi 767-ci il), İmam Şafii (öl. 204/819), İmam Malik (öl. 179/795) və İmam Əhməd ibn Hənbəl (öl. 241/855) bütün bu şərtlərə, başqa sözlə, belə xüsusiyyətlərə malik olan alimlər olublar. Lakin mütləq müctehidlərin siyahısı ancaq bu dörd şəxslə məhdud deyil. Bu şəxslərdən başqa çoxlu mütləq müctehid var. Bununla yanaşı, adları çəkilən dörd şəxs indiyədək özlərinə necə deyərlər, tərəfdar tapdıqlarına görə onların fikirləri öz dəlil və metodlarını mənimsəyən bir çox fiqh aliminin də əlavəsi ilə bir məzhəb halına gəlib. Onlar öz varlıqlarını da bu yolla "davam etdirirlər".
İctihad bir fiqh mütəxəssisinin bir məsələ ilə əlaqədar olaraq İslam hüququnun əsas qaynaqları üzərində apardığı dərin araşdırmalar nəticəsində əldə etdiyi fikir və qənaət(i)dir. Onun əldə etdiyi nəticənin səhv olması ehtimalına əsasən buna zənni-qalib deyilir. Buna görə də heç bir müctehid öz ictihadının tamamilə doğru və digər ictihadların səhv olduğunu qətiyyətlə iddia edə bilməz.
Şəriətin əsas mənbələri olan Qurani-Kərim və hədislərdə hər bir hüquqi məsələ ilə əlaqədar təfərrüatlı bir izah yoxdur. Lakin bu məsələlərin tabe olduqları ümumi qaydalar və mütləq ifadələr var. Müctehidlər də məhz bu ümumi qayda və mütləq ifadələrə əsaslanaraq rast gəldikləri ya da fikirləşdikləri hüquqi məsələlərin şəri hökmlərini izah ediblər.
Muaz ibn Cəbəlin rəvayətinə əsasən həzrəti Muhəmməd (s. a. v.) onu Yəmənə göndərdiyi vaxt aralarında belə bir söhbət olmuşdu:
- Nə ilə hökm edəcəksən ey Muaz?
- Allah Təalanın kitabında olanla.
- Əgər sən onu Allahın kitabında tapmasan necə?
- Rəsulullahın sünnəsi (Qurandan çıxardığı) ilə.
- Sünnəsində də tapa bilməsən nə edərsən?
- Öz rəyimlə ictihad edərəm.
Rəsulullah bunun ardından belə buyurdu:
"Rəsulunun məmurunu müvəffəq edən Allaha həmd olsun". ((Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, XVI cild, s. 76.))
Həzrəti peyğəmbərin Muazdan axtardığı hökmü Quran və hədislərdə tapa bilməyəcəyi təqdirdə nə edəcəyini soruşması göstərir ki, bu iki qaynaq hər bir hadisənin açıq hökmünü izah etmir. Hədisin axırında da bildirilir ki, bu məsələdə edilməli olan şey ictihaddır. Abdulla ibn Ömərin (r. a.) rəvayətinə əsasən Rəsulullah (s. a. v.) bir gün Əmr ibnul-Əsə (r. a.) belə dedi:
- Bu iki şəxs arasında qazılıq et.
Əmr ibnul-Əs: "Sən burada ola-ola mən qazılıq edə bilərəm?", - deyə sual verdi.
Rəsulullah: "Bəli", - dedi.
Əmr ibnul-Əs: "Mən nəyə əsasən hökm edim?", - deyə soruşdu.
Rəsulullah belə buyurdu:
- İctihadına əsasən. Ona əsaslan. Əgər ictihad edib düzgün olanı tapsan, on savab qazanarsan. Əgər səhv etsən, bir savab qazanarsan. ((Şəmsəddin Əs-Səraxsi, yenə orada.))
Həzrəti peyğəmbərin hətta xətaya düşən müctehidin belə savab qazanacağını bildirməsi İslam alimləri üçün ürəkləndirici bir şeydir. Belə olan halda, fasiləsiz olaraq dəyişən məsələlərə dair yeni-yeni ictihadlar etmək barəsində hər hansı bir çəkinmədən söz gedə bilməz.