Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddinin klubunda 4 aylıq maaş problemi, qarşılıqlı ittihamlar

Şahruddinin klubunda 4 aylıq maaş problemi, qarşılıqlı ittihamlar

Tarix: 4 Yanvar 2024 08:40

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubu "Adana Dəmirspor"la bağlı yeni iddialar yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubda növbəti dəfə maddi problemlərin yarandığı iddia edilib. Bu dəfə komandanın futbolçularından M'Bay Nyang 4 aydır maaş almadığını, bu durumun onun oyununa təsir etdiyini bildirib.

Fransanın Liqa-1 təmsilçisi "Nitsa"nın gündəmində olan seneqallı ulduz oyunçu "L'Equipe" nəşrinə müsahibəsində deyib: "Bir az gecikmə normal qarşılana bilər. Amma artıq 4 aydır maaş almıram. Komandadan getmək istəyirəm. Rəhbərliyə də bu haqda bildirmişəm və öz tərəfimdən işlərə başlamışam. Fransaya dönmək istəyirəm. Mənim üçün öncə ora gəlir".

"Adana Dəmirspor"un prezidenti Murat Sancak isə X hesabından Nyanqa cavab verib: "Yalan danışırsan, bir avro belə alacağın yoxdur. Olsaydı müqaviləni ləğv edib gedə bilərdin. Başqa kluba keçmək istədiyini söyləyəndə, "təzminatı gətir, sonra get" dedik".

Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, klubdakı maaş problemi səbəbindən bəzi futbolçularla müqavilələr ləğv edilib. Artıq Yunes Belhanda və Kevin Rodriqeslə yolların ayrıldığı elan edilib.

Bundan başqa, icarə qaydasında "Adana Dəmirspor"da çıxış etmiş və bu yaxınlarda klubdan ayrılan Henri Onyekuru klub prezidentini ittiham edib və onu futbolçuların maaşını verməməkdə günahlanlandırıb. Murat Sancak isə Onyekurunun "Qalatasaray"la oyundan sonrakı hərəkəti səbəbindən klubdan göndərildiyini, ona borclu olmadıqlarını deyib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrında "Qarabağ"dan "Adana Dəmirspor"a keçib. O, bu klubla 2 illik müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Şahruddinin klubunda 4 aylıq maaş problemi qarşılıqlı ittihamlar


RƏYLƏR