Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 20:48
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin həm Rusiya təcavüzünə qarşı döyüşmək, həm də ölkə iqtisadiyyatını dəstəkləmək üçün səfərbərlik yaşında olan xaricə gedən ukraynalı kişilərə ehtiyacı var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Prezident Zelenski bu barədə Tallində Estoniya Baş naziri Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Ukrayna qaydalarını pozaraq xaricə gedənlərin olduğunu görürük. Bu adamlar, əgər səfərbərlik yaşındadırlarsa, Ukraynada olub, Ukraynaya kömək etməlidirlər. Mən burada cəbhədə kimin olub-olmamasından danışmıram, bununla bağlı müvafiq qanunumuz var. Amma bu, etika və əxlaq məsələsidir", - Zelenski bildirib.
Zelenski qeyd edib ki, cəbhədə döyüşən bir əsgər üçün 6-8 vergi ödəyicisinin vergi pulu lazımdır. "Əgər siz Ukraynada olsanız, cəbhə xəttində olmasanız da, işləyərək verginizi ödəsəniz, siz də töhfə verirsiniz, ölkəni qoruyursunuz. Amma əgər siz səfərbərlik yaşında və xaricdəsinizsə, Ukraynada vergi ödəmirsinizsə və ölkəni qeyri-qanuni tərk etmisinizsə, o zaman suallar meydana çıxır",- Ukrayna dövlət başçısı vurğulayıb.
"Əgər biz Ukraynanı və Avropanı xilas etmək istəyiriksə, hamımız düşünməliyik ki, Ukraynaya kömək edək, ya yox. Biz döyüş meydanında olan vətəndaşlar, yaxud işləyib vergi ödəyən vətəndaşlar ola bilərik. Əks halda, ordu üçün pul yoxdur və Ukraynanı qoruyacaq heç kim qalmayacaq", - Ukrayna Prezidenti əlavə edib.