Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2024 21:50
Amerika və ümumiyyətlə, Qərbin Ukraynaya verdiyi dəstək istənilən nəticəni vermədi. Doğrudur, Kiyev özünü qorumağı bacardı, amma gözlənilən səviyyədə əks-hücum olmadı. Sözügedən nəticə bəlli çevrələrdə narazılıq yaratdı.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a Ukrayna müharibəsində son durum və Qərbin sərgilədiyi münasibət barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Alimin sözlərinə görə, son iki ildə Ukraynaya dəstək verən, lakin hazırda buna yetərincə imkanı olmayan xüsusilə qonşu ölkələr baş verənlərə etirazını bildirməyə çalışır:
"Çünki çoxlu sayda qaçqın, iqtisadi güc, hərbi təchizat və s. kimi problemlər var. Rusiyanın imkanları ilə müqayisədə ciddi fərq özünü büruzə verdi. Zaman keçdikcə müharibənin bir an öncə bitməsini istəyənlər çoxalır. Qərb Rusiyanı düzgün oxuya bilmədi, sanksiyalarla Putinə qarşı neqativ bir əhval-ruhiyyə yaratmaq istədilər. Lakin yanıldılar, çünki Rusiyada Qərbin demokratiyası yoxdur və oliqarxlar sinfi də süni şəkildə yaradılıb. Oliqarxlar sabah etiraz etməyə cəhd göstərsə, əllərindən hər şeyi alıb, bir kənara atarlar. Yəni Rusiya kimi ölkələrdə hakimiyyətə gələn prezidentlərin öz oliqarx komandası olur və heç kim oradan çıxa bilməz. Bunu biz "Vaqner"in rəhbəri Priqojin məsələsində də əyani şəkildə gördük. Etirazlara uzaqlaşdırma və təmizləmələrlə cavab verilir. Ona görə də Qərbin sərgilədiyi mövqe effektiv olmadı. Açıq şəkildə Ukraynaya dəstək vermək yerinə, oraya daha çox müdafiə silahları göndərdilər. Bir də əlbəttə ki, Ukrayna və Rusiya ordusunu gücünə görə müqayisə etmək mümkün deyil. Kiyev müharibəyə, demək olar ki, hazırlıqsız yaxalandı".
Professor müharibənin uzanma ehtimalının daha çox olduğunu vurğulayıb:
"ABŞ və İngiltərədən verilən açıqlamalara nəzər yetirsək, gündəmdə hansısa razılaşmanın olmadığını görərik. Qarşıdan ABŞ-da prezident seçkiləri gəlir, bəlkə Vaşinqtonda iqtidar dəyişikliyi olsa, yeni mesajlar verilə bilər. Ancaq hadisələrin indiki inkişafı müharibənin uzanacağından xəbər verir. Çünki Rusiya da müharibədə istədiyini tam şəkildə əldə etməyib. Hər hansı bir müvəqqəti atəşkəs isə problemin həllinin təxirə salınması deməkdir. Yəni müharibənin hər an daha şiddətli formada alovlanma riski olacaq. Müharibə dövründə Belqorod şəhərinin, Moskva ətrafındakı yaşayış məntəqələrinin, ən son isə Peterburqda "Novatek" şirkətinə məxsus qaz terminalının vurulması Rusiyanın da zəif nöqtələrini üzə çıxardı. Hazırda qışdır, durğunluq, taktiki irəli və geri çəkilmələr yaşanacaq. Lakin iqlim şəraitinin düzəlməsi ilə döyüşlər yenidən şiddətlənə, vəziyyət tamamilə dəyişə bilər".