Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 18:50
Şamaxı rayonunun Əngəxaran kəndinin sakini olan 102 yaşlı seçici Mərifət İslamova 7 fevral prezident seçkilərində səsvermə hüququndan istifadə edəcək.
Sonxeber.net xəbər verir ki, Secki-2024.az saytına danışan M.İslamova bildirib ki, sağlamlıq vəziyyətinə görə seçki günü məntəqəyə gedə bilməyəcək. Seçkilərə bir gün qalmış səsvermə hüququndan evdə istifadə edə bilməsinə şəraitin yaradılması üçün qeydiyyatda olduğu 88 saylı Şamaxı seçki dairəsinin 48 saylı seçki məntəqəsinə müraciət edəcək.
"Ötən seçkilərdə də səs verdim. Seçki məntəqəsinə gedə bilmədiyim üçün müraciət etdim, seçki qutusunu evə gətirdilər və səsvermə hüququmdan istifadə etdim. Bu seçkilərdə də eyni qaydada səs verəcəm. İndiyə qədər iştirak etdiyim seçkilərdə heç bir problemlə üzləşməmişəm", - Mərifət İslamova deyib.
102 yaşlı seçici fevralın 7-də dəstəklədiyi namizədə sərbəst şəkildə səs verəcəyini bildirib.
Seçki Məcəlləsinin tələbinə görə, sağlamlıq vəziyyəti məhdud olan seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün daşınan seçki qutularından istifadə edilir.