Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 13:45
Yazıçı Şərif Ağayar meyxana sənətindən danışan aktyor Nofəl Şahlaroğlunu tənqid edib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, yazıçı meyxananın ciddi sənət olduğunu deyən aktyorun fikrinin yanlış olduğunu qeyd edib:
"Gənc dostlardan biri bu müəllimin meyxana haqqında söhbətini atıb. Baxdım. Özünə xas teatral pafosla sağa-sola "pustoy" atəşlər açaraq meyxananın ciddi sənət olduğunu sübut etməyə çalışır. Diplom işi yazıbmış falan-filan. Olsun, əlbəttə. Abşeron folklorundan diplom işi də yazmaq olar, lap elmi iş də, amma meyxanaçıları söz ustadı kimi təqdim etmək olmaz.
Bir meyxana deyən sözü ustad səviyyəsində bildiyi an meyxanadan uzaqlaşmalıdır. Hobbi kimi demək başqa. Vahid hobbi kimi deyirdi. Hobbi kimi deməyibsə, böyük istedadına rəğmən onun da ustadlığına şübhəm yarana bilər".
Ş.Ağayar milyonlarla baxış sayının olmasının göstərici olmadığını bildirib:
"Baxış sayı naminə kütləyə yaltaqlanmayın. Mənim də hərdən qulaq asdığım Damlanın baxış sayı meyxanadan da çoxdur. O musiqi sənətində hansı məqamdadırsa, meyxana da təxminən ordadır. Milli-mental dəyərlərə sığınmaq sənətin səviyyəsini qaldırmır.
Balaəli ilə Nəfəsin dueti "iki zirvə"nin trimfudur. Budur mahiyyət. Ciddi musiqinin və sözün yüngül - kütləyə hesablanmış tumançaq imitasiyası.
Meyxana niyə var demirik, olmasın da demirik, sadəcə yerini göstəririk".