Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 13:03
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) təsis edilməsi ilə bağlı Baş Assambleyanın keçirilməsinə mühüm dəstəyiniz İƏT ölkələri gənclərinin inkişafı və birliyinin gücləndirilməsində Zati-alinizin qəti mövqeyinin göstəricisidir. 2010-cu ildə Azərbaycan hökuməti tərəfindən İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum kimi İƏTGF-nin Avrasiya Regional Mərkəzinə Bakıda ev sahibliyinin edilməsi və dəstəklənməsi regionumuzun liderləri üçün gözəl nümunədir. Zati-alinizin İƏTGF-nin beynəlxalq təşkilat kimi yaradılması və institusionallaşması üçün verdiyi dəstəkdən qürur duyur, bunu Azərbaycan Respublikasının İƏT-ə mühüm töhfəsi hesab edirik. Biz İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyəti olaraq Zati-alinizin etimadı, dəstəyi və qardaş Azərbaycana rəhbərliyi ilə fəxr edir və davamlı olaraq bu etimadı doğrultmaq üçün çalışırıq.
Sizin Azərbaycanda 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməyiniz və həmin il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam coğrafiyası üçün mühüm hadisələrdən biri idi.
Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın bütün əraziləri üzərində tam suverenliyini və hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə əldə edilmiş ilk və böyük uğurdur.
Şuşa şəhərinin bu il İslam dünyasının mədəniyyət paytaxtı və İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi Sizin müsəlman dünyasında nüfuzunuzun bariz göstəricisidir. İnanırıq ki, bu il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzinə çevriləcəkdir.
Möhtərəm Prezident, İƏT ölkələrinin həmrəyliyinə dəstək verən və qardaş Azərbaycanı inkişaf etdirən fəaliyyətinizə görə Sizə təşəkkür edir, ən xoş arzularımızı bildirmək şərəfinə nail oluruq.
Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar diləyirik. Ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik".