Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 20:48
Bakı. Ləman Zeynalova - Trend:
Türkmənistan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsi texniki olaraq asan icra olunandır.
Bunu Trend-ə Atlantika Şurasının böyük elmi işçisi və “International Market Analysis Ltd”nin təsisçisi Ariel Koen deyib.
O bildirib ki, Türkmənistan qaz yataqlarını ixrac qaz kəmərinə bağlayacaq layihə uzun illər müzakirə olunub:
“Bu layihəni texniki olaraq reallaşdırmaq çox asandır. Bunun üçün sadəcə Xəzərin Türkmənistan və Azərbaycan sektorları arasında 120 kilometrlik boru kəməri çəkmək tələb olunur”.
Ekspert bildirib ki, bu, həyat qabiliyyətli layihədir:
“Avropalılar bu məsələdə böyük rol oynamalıdır və daha qətiyyətli və inadkar olmalıdır. Layihənin inkişafı üçün Türkmənistan Azərbaycanla və layihəyə cəlb oluna biləcək beynəlxalq neft-qaz şirkətləri ilə işləməlidir”.
Onun sözlərinə görə, layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri hesabına reallaşdırmaq lazımdır:
“Belə ki, bu, tamamilə reallaşdırıla bilən layihədir. Bu layihə uzun illər əvvəl reallaşdırılmalı idi, amma, yəqin ki, növbəti onillikdə baş tutacaq”.
Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin