Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 16:00
Bakı. Elçin Mehdiyev – Trend:
Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan etimadın daha bir göstəricisidir.
Bunu özəl olaraq Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin tədbirdə iştirakı dövlət-din münasibətlərində dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi:
“Azərbaycanda qeydiyyatdan keçmiş bütün dini icmalara eyni münasibət var. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və burada hər bir insanın hüquqları Konstitusiya ilə müdafiə olunur.
Bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi birinci hal deyil. Azərbaycan həmişə belə tədbirlərə ev sahibliyi edir və ayrı-ayrı dövlətlərdən gələn din xadimləri də məmnuniyyətlə belə tədbirlərdə iştirak edirlər. Birincisi, təşkilatçılıq səviyyəsi çox yüksəkdir. İkincisi, dinlər arasında münasibətlər tam şəkildə dünyaya örnək olunacaq bir vəziyyətdədir.
O cümlədən, Azərbaycanda dini azadlıqlar da yüksək səviyyədə təmin olunur. Bu baxımdan da Azərbaycan nə vaxt belə tədbirə ev sahibliyi etmək istəyirsə, dərhal razılıq alır. Mən bu sahə üzrə başqa ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişəm və həmişə Azərbaycan nümunə göstərilib”.
Deputat vurğulayıb ki, Prezident tərəfidən bütün dini konfessiyalara eyni qaydada vəsait ayrılır: “Məscidlərə, senaqoqlara, kilsələrə eyni münasibət göstərilir. Sammitdə ayrı-ayrı bölmələrdə aparılan müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında danışıldı. Eyni zamanda, cənab Prezident İlham Əliyev Sammitdə çıxışı zaman qeyd etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün mədəni və dini abidələri, ziyarətgahları dağıdılıb.
Həmçinin, Azərbaycanın muzeyləri və müxtəlif mədəni sərvətləri erməni barbarları tərəfindən dağıdılıb. Bütün bunlar bir daha onu göstərir ki, ermənilər Azərbaycana qarşı təkcə işğalçılıq, etnik təmizləmə deyil, eyni zamanda dini ayrı-seçkilik siyasəti də aparırlar. Bu baxımdan, belə tədbirlərin əhəmiyyəti böyükdür. Dünyanın gözü Azərbaycandadır. Dünyada ara qarışdırmağın yollarından biri də dini konfessiyalar arasında gərginlik yaratmaqdır. Lakin Azərbaycan həmin ölkələrdən fərqli olaraq dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.
İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin