Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik

İlham Əliyev: Biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik

Tarix: 28 Fevral 2024 16:27

Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib ki, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq.

Prezident İlham Əliyev bildirdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlətimizin başçısı bir məsələni də əfsuslar hissi ilə qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. "Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm" deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir.

Milli.Az


Etiketlər:  İlham Əliyev Biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ