Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“2”lərlə ikinci oyuna: Fərqli tale və ya beşinci dəfə – TƏHLİL

“2”lərlə ikinci oyuna: Fərqli tale və ya beşinci dəfə – TƏHLİL

Tarix: 9 Mart 2024 13:06

Avropa Liqasının 1/8 finalına yüksəlməklə Azərbaycan futbolu tarixinə yeni səhifə yazan "Qarabağ Almaniya "Bayer"i ilə Bakıdakı ilk oyunda 2:2 hesablı heç-heçə edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, avrokuboklar tarixində 5-ci dəfə Azərbaycan klubu evdə keçirdiyi ilk görüşdə belə nəticəyə imza atıb.

Bunadək komandalarımız 4 dəfə səfərə ilk oyunda əldə etdiyi 2:2 hesabı ilə yollanıb. Öz meydanında rəqibini uda bilməyən təmsilçilərimizin taleyi isə fərqli alınıb.

"Xəzər Lənkəran"ın Estoniya zəfəri

Avrokubokların evdə keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə ilə kifayətlənən ilk Azərbaycan klubu "Xəzər Lənkəran"dır. 2012-ci ildə "Nomme Kalyu" ilə görüşdə məhsuldar sülh yaşanıb. 1994-cü ildə avrokuboklarda debüt edən Azərbaycan əvvəlki 18 ildə belə nəticə görməyib. Lənkəran klubu Estoniyada zəfər çalmağı bacarıb. Təmsilçimiz Baltik dənizi sahillərində 2 cavabsız qolla qələbə qazanıb.

"Neftçi" üçün uğursuz "2"lər

Evdə 2:2 hesablı heç-heçə edən ikinci Azərbaycan klubu "Neftçi"dir. Amma iki qol vurub, ikisini buraxan Bakı təmsilçisi üçün ikinci oyun uğursuz alınıb. Paytaxt klubu üç dəfə belə halla üzləşib.
2015-ci ildə Monteneqroda "Mladost"la matçı əlavə vaxta daşımağa həmin dövrdə işləyən səfər qolu qaydası mane olub - 1:1. Dörd il sonra İsrailə yollanan "Neftçi" "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzub. 2021-ci ildə isə "ağ-qaralar" Finlandiyada HİK-dən üç cavabsız qol buraxıb.

"Qarabağ"a tanış nəticə

"Qarabağ"la "Bayer" arasında matça qədər yalnız iki klubumuz ilk görüşdə 2:2 hesablı ev bərabərliyinə imza atıb. Maraqlıdır ki, həmin nəticələr də indiki kimi məhz Avropa Liqasında qeydə alınıb. Amma "Qarabağ"ın evdə öz 2:2-ləri var. Son illər formalaşan "Qarabağ" və digərləri" ifadəsi burada da yerinə düşür. Əgər "Neftçi" və "Xəzər Lənkəran" bu nəticələri təsnifat mərhələlərində gerçəkləşdiribsə, Qurban Qurbanovun komandaları 3 dəfə qrupdakı ev matçında belə hesabla üzləşib. Qrup mərhələsində isə bu bərbərliyin 1-ci və ya 2-ci dövrəyə təsadüf etməsinin heç bir əhəmiyyəti olmur. 2016-cı ildə "Slovan", üç il sonra APOEL, 2021-ci ildə "Omoniya" ilə qarşılaşmalar belə nəticələnib. İlk iki duel Avropa Liqasında, sonuncu isə Konfrans Liqasında baş tutub.

"Atalar üçdən deyib"

"Qarabağ" Almaniya klubunun uğurlu ənənəsini də qırmalıdır. "Bayer" üçün səfərdən 2:2 hesabı ilə dönmək düşərlidir. Avrokuboklar tarixində iki dəfə belə vəziyyətə düşən Leverkuzen təmsilçisi hər iki halda mərhələ adlayıb. "Atalar üçdən deyib" ifadəsi qonaqlar üçün "Bay Arena"da düşərli olmalı, "Qarabağ" meydan sahiblərinin ənənəsini qırmalıdır. 1987/88 mövsümündə UEFA kubokunun 1/8 finalında Rotterdamdan sülhlə dönən "Bayer" evdə "Feyenord"a bir qol vuraraq mərhələ adlayıb.
2001/02 mövsümündə Çempionlar Liqasının "Old Trafford"dakı ilk yarımfinalı da 2:2 hesabı ilə bitib. Leverkuzendəki 1:1 hesablı bərabərlik "Bayer"in "Mançester Yunayted"i səfər qolu ilə keçməsi üçün yetərli olub. "Real"la finala aparan həmin heç-heçədən 22 il sonra "aspirinlər" Bakıda 2:2-yə nail olub.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" görüşü martın 14-də keçiriləcək.

Milli.Az


Etiketlər:  2lərlə ikinci oyuna Fərqli tale ya beşinci dəfə TƏHLİL


RƏYLƏR