Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rekordu əldən vermək istəməyən qızıl və toyların azaldığı ay: Zinət əşyaları bahalaşacaq?

Rekordu əldən vermək istəməyən qızıl və toyların azaldığı ay:  Zinət əşyaları bahalaşacaq?

Tarix: 16 Mart 2024 18:32

Ötən il dekabrın 4-dən bahalaşmaqda olan qızıl 2024-cü il martın 9-da rekord vurub - "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) bir troya unsiyası üçün 2 200 dolları ötüb.

Bir neçə gün keçsə də, nəcib metal yüksək səviyyədə dəyərini qoruyur, yəni azalma çox cüzi - 0,21% faizdir.

Maraqlıdır, qızılın qiymətinin yüksək səviyyədə qalmasının səbəbi nədir? Bunun Azərbaycan bazarına təsiri necədir?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiymətinin uzun müddət azalmamasının səbəbi geosiyasi vəziyyətin stabil olmamasıdır:

"Dövlətlər bir-birinə sanksiyalar tətbiq edirlər. Bu səbəbdən mərkəzi banklar qızıl ehtiyatlarını artırırlar. Eyni hal vətəndaşlara da aiddir. Onlar da bazardakı qeyri-müəyyənlikləri görür və bu səbəbdən ehtiyat tədbiri kimi əllərindəki valyutanı qızıla çevirirlər".

Ekspert qeyd edib ki, əmtəə birjasından alınan məhsulun bazara gətirilməsi uzun müddəti əhatə etdiyi üçün birjadakı gündəlik dəyişikliklər bazara çevik təsir etmir. Burada son bir ilin yüksək qiymətlərinin təsiri daha çox olur.

İqtisadçı Rəşad Həsənov da bu fikirdədir ki, yaxın günlərdə ölkədə qızılın qiymətində ciddi dəyişiklik olmayacaq. Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, son günlərdə qızıl bazarlarında volatillik (bir şeyin qiymətinin dəyişkənliyini xarakterizə edən statistik maliyyə göstəricisi - red.) yüksəkdir:

"Qeyri-stabillik, qlobal iqtisadiyyatla bağlı risklər, sərmayədarların davranışları volatilliyin yüksək olmasına mühüm təsir göstərir. Azərbaycan bazarı qlobal bazarlara gec reaksiya verir. Yəni burada dövretmə sürəti zəifdir və həmin məhsulların idxalı ay ərzində bir və ya bir neçə dəfə olur. Buna görə də əmtəə birjasında olan cüzi dəyişikliklər bizim bazarda hiss olunmur. Yəni birja məlumatları, əsasən, qızılı xammal şəklində alanlar üçün əhəmiyyətlidir ki, lazımi məqamda onu ucuz qiymətə ala bilsinlər".

R.Həsənov əlavə edib ki, hazırda ölkənin qızıl bazarında aktivlik aşağıdır. Ramazan ayı olduğundan toyların da sayı azalır, buna görə də, onun fikrincə, bu passivlik yaxın bir ay ərzində davam edəcək.

Xatırladaq ki, hazırda Azərbaycanda qızılın bir qramının qiyməti 89,2 manat təşkil edir.

Milli.Az


Etiketlər:  Rekordu əldən vermək istəməyən qızıl toyların azaldığı ay Zinət əşyaları bahalaşacaq


RƏYLƏR