Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 16:04
Bakı. Trend:
15 və 16 noyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastika İttifaqının iki illik Baş Assambleyası keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Azərbaycanı bu tədbirdə AGF-nin Baş katibi Nurlana Məmmədzadə, İcra komitəsinin üzvü Mariana Vasileva, federasiyanın Beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və Texniki direktoru Natalya Bulanova təmsil edib.
47 üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa gimnastikası” (European Gymnastics) adlanacaq. Bu dəyişiklik isə 2020-ci ilin 1 aprel tarixindən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, “Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin Baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.
Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin