Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur türk serialı Qarabağda çəkilə bilər

Məşhur türk serialı Qarabağda çəkilə bilər

Tarix: 28 Mart 2024 13:45

"Tam səmimi deyirəm ki, çəkiliş meydançasında heç bir kapriz görmədim. Məni də çox yaxşı qarşıladılar, təbii ki, bunun səbəbi Ozan Akbaba idi".

Sonxeber.net bildirir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində aktyor Elşən Orucov deyib.

Müsahibəni təqdim edirik:

- Türkiyədə TRT kanalında yayımlanacaq "Çıraq" serialına çəkilirsiniz. Çəkilişlər haqqında məlumat verməyinizi istərdik.

- Çəkilişlərin təxminən yarısı bitib. Yenidən Türkiyəyə gedirəm. Çəkiliş 66 gün olmalıdır, hazırda 30-cu gündür. Serial on bölümdən ibarətdir, mən dördündə çəkilirəm. Yəqin ki, ekran işi sentyabrda yayımlanacaq. Beləliklə, üç bölümün çəkilişləri bitib, biri qalıb.

- Serialda necə bir obraz canlandırırsınız?

- Serialda azərbaycanlı iş adamını canlandırıram. Ssenari Ozan Akbabanındır. O məsləhət gördü ki, obrazın adı da Elşən olsun. Obrazım ciddidir, dövlət işçisidir. Yalnız bu qədər məlumat verə bilərəm.

- Baş rolunu məşhur aktyor Oqtay Kaynarcanın canlandırdığı "Ben bu cihana sığmazam" serialının bir bölümünə çəkildiniz. Obrazınız Türkiyədə necə qarşılandı?

- O, Türkiyədə çox izlənən serialdır. Orada çəkiləndən sonra ətrafımdan, hətta tanımadığım insanlar tərəfindən çox müsbət reaksiyalar gördüm. Təbii ki, azərbaycanlının seriala çəkilməsi, orada Azərbaycan dilində danışması və sair gözəl haldır. Türkiyədə bizim dilimizi çox sevirlər.

Onu da deyim ki, serial yayımlanan gün xəstələnmişdim, onu elə xəstə-xəstə izlədim. Ən böyük arzum serialın bir bölümünün Qarabağda çəkilməsi idi. Serialda Qarabağa həsr edilən mövzuları görmüşdüm.

Ozan Akbaba yaxın dostumdur. Oqtay Kaynarca ilə də yaxşı münasibətimiz formalaşdı. Bir qarabağlı və azərbaycanlı kimi, onlara istəyimi bildirdim. Oqtay Kaynarca istəyimi çox gözəl qarşıladı. Mən Mədəniyyət Nazirliyinə müraciət etdim, təklif müsbət qarşılandı və razılıq verildi.

Onu da deyim ki, Ozan Akbaba "Çıraq" serialına çəkilmək üçün öncədən müqavilə bağlamışdı və buna görə "Ben bu cihana sığmazam" serialından ayrılmalı idi. Eləcə də mən. Beləliklə, Ozan Akbaba və mənim serialdan ayrılmağım məsələni bir az uzatdı. Amma inşallah, qismət olar, serialın bir bölümünü Qarabağda çəkərik. Fikirləşirəm ki, çox yaxşı bir hal olacaq. Hələlik danışıqlar gedir. İnşallah, yaxşı nəticə olacaq.

- Oqtay Kaynarca, Ozan Akbaba və bir çox tanınmışlarla çəkildiniz. Çəkiliş zamanı çətinlik yaşadınızmı? Məşhurların hər hansı kaprizləri olurdumu?

- Tam səmimi deyirəm ki, çəkiliş meydançasında heç bir kapriz görmədim. Məni də çox yaxşı qarşıladılar, təbii ki, bunun səbəbi Ozan Akbaba idi. Artıq çəkiliş meydançasında hər kəs məni tanıyırdı. Ozan Akbaba ilə çəkdiyimiz "Nə oldu, Paşinyan?" videosu çox məşhur idi.

Serialın rejissoru Mustafa Şevki Doğan çox yaxşı insandır. Çəkiliş meydançasında heç bir yad münasibət hiss etmədim. Üç gün serial çəkilişində iştirak etdim və çəkilişlərimiz çox rahat keçdi. Oqtay Kaynarca serialda baş rolu canlandırmaqla yanaşı, serialın prodüseridir. Çəkiliş meydançasında o qədər sadə, səmimi ortam yaradıb ki, kiminsə özünü yad bilməsi mümkün deyil.

Orada peşəkar çəkiliş heyəti gördüm. Təbii ki, bu da mənə təcrübə oldu. Eləcə də "Çırağ"ın çəkiliş heyətində eyni halı yaşayıram. Türkiyədə kino və serial sahəsi çox inkişaf edib.

- Çəkiliş zamanı aktyorların hər hansı bir tələbi olurmu?

- Xeyr, hər hansı tələb olmur. Tapşırılan rolla bağlı fikir bildirirlər. Azərbaycandan fərqli olaraq, nə qədər yaxın münasibət olsa da, iş birliyindən öncə müqavilə bağlanır. Müqavilənin şərtlərinə əməl etməlisən. Mən də müqavilə bağlamışam.

- Serial çəkilişindən nə qədər qonorar əldə etmisiniz?

- "Ben bu cihana sığmazam" serialının bir bölümündə çəkildim. Ümumiyyətlə, qonorar haqda düşünmədim. Eləcə də ortada dostum Ozan Akbabanın olması və Oqtay Kaynarca ilə yaxşı münasibətimə görə qonorar haqda düşünmədim. Başda Ozan Akbaba, Oqtay Kaynarca olmaqla bütün çəkiliş heyəti məni diqqətsiz qoymadılar.

Oqtay Kaynarca məşhur markaların birindən hədiyyə göndərmişdi, çox sağ olsun. Düşünürəm ki, serialda çəkilmək qonorardan böyük avantaj verdi. "Çıraq" serialında qonorar nəzərdə tutulub. Yenə deyirəm ki, o layihələrdə rol almaq mənə qonorardan daha vacibdir.

- Hər aktyor məşhur seriallarda rol ala bilmir...

- Doğrudur. Türkiyədə kino və serial bazarı çox böyükdür. Türkiyənin film sahəsinə düşmək üçün nə qədər müraciət edən tanınmışlar var. Təbii ki, mənim avantajım Ozan Akbaba ilə dostluğumdur. Ona görə fikirləşirəm ki, bu barədə şanslıyam.

Onu da deyim ki, Müşfiq Quluzadə adlı azərbaycanlı dostumuz var. O, "Anka" filminin prodüseridir və Ozan Akbaba ilə Bakıya gəlmişdi. Böyük bir şirkətin sahibidir, film istehsal edirlər. Onlar yeni film çəkəcəklər, mən də təklifi almışam. Film komediya və tarixi janrda olacaq. Hələlik ssenari yazılır. Filmdə, ola bilsin ki, azərbaycanlı bir obrazı canlandıracağam, amma dəqiq deyil. Obrazım dəqiqləşdikdən sonra məlumat verəcəyəm.

- "Çıraq" serialının çəkilişi zamanı hansısa çətinlik yaşadınızmı?

- Tam səmimi deyim ki, heç bir çətinlik yaşamıram. İşlərini o qədər peşəkar görürlər ki, heç bir çətinlik olmur. Biz Azərbaycanda çəkiliş zamanı tanış adam varsa, məkanlara ödəniş etmirik. Amma Türkiyədə məkanlarda çəkiliş zamanı pul ödəyirlər. Təbii ki, orada filmlərin büdcəsi böyükdür. Bu, serial bazarının böyük olması ilə bağlıdır. Türkiyədə çəkiliş heyətləri çox peşəkardır və inanıram ki, bizim oradan öyrənəcəyimiz çox şey var. Tam səmimi deyirəm ki, dostlarımın, istedadlı aktyorlarımızın Türkiyədə serial və filmə çəkilməsini çox istəyirəm.

Deyim ki, yayda tarixi bir film çəkiləcək. Bu layihə də Ozan Akbabaya aiddir. Film Qafqaz xalqlarından bəhs edir. Ozan Akbaba ilə də danışmışam, mümkün olsa, azərbaycanlı aktyorlar da çəkiləcəklər. Ssenariyə uyğun aktyorlar seçiləcək. Təbii ki, bu mənim dostum ola da, olmaya da bilər. Əsas odur ki, peşəkar olsun. Azərbaycanlının orada iştirakı mənim üçün əsasdır.

- Türkiyədə iki filmə də çəkiləcəksiniz. İş təkliflərinə görə qardaş ölkəyə köçməyi planlaşdırırsınız?

- Ozan Akbaba ilə belə bir zarafatımız olub, deyir ki, "oğlum, artıq get-gəlləri burax". Türkiyədə müraciətlər və iş görüşləri çox olur. Məsələn, mənə iş təklifi olur və görüşmək lazımdır. Türkiyədə yaşamadığıma görə serial çəkilişi zaman görüşmək imkanı tapıram. Onda isə vaxtım az olur.

Bir aya yaxın Türkiyədə oldum, çəkiliş olmayan günlər Ozan Akbaba ilə iş görüşlərinə gedirdik. Yeni insanlarla tanış olurduq. Yeni ideyalar formalaşır və iş təklifləri olurdu. Ona görə də Türkiyədə yaşamağım şərtdir. Amma indi mənim üçün çətindir.

- Türkiyədə olanda Bakı üçün darıxırsınızmı?

- Düzü, darıxmağa çox vaxt olmurdu. Orada ətrafım genişdir, böyükdür. Mən Türkiyədə olanda Xalq artisti Röya Ayxan da orada idi. Onunla da görüşdüm. Türkiyədə azərbaycanlı dostlarım da çoxdur. Bununla yanaşı, Ozan Akbaba restorana dəvət edirdi, sabah başqa bir dostumuzdan dəvət gəlirdi. Belə olan halda darıxmaq yada düşmürdü, amma yenə də ürəyim burada qalırdı. Çünki əhatəm, ailəm, qızım üçün çox darıxırdım.

Ola bilər, vaxt keçdikcə uyğunlaşaram. Amma səbirsizliklə Bakıya qayıtmaq haqqında fikirləşirdim. Hətta indi Bakıya qayıtmamalı idim, çəkilişimlə bağlı bir həftə boş vaxtım var idi. Dedim ki, Bakıya getmək istəyirəm, bəzi işlərim var.

Yenə Türkiyəyə gedəcəyəm. İnşallah, məqsəd işdirsə, ortaya yaxşı bir iş çıxacaqsa, niyə də olmasın?!

- Sizin Türkiyədə seriala çəkilməyinizə ölkəmizdə reaksiyalar necədir?

- İnsanların reaksiyası çox yaxşıdır. Bakıya gələndən sonra Laçına getdim, orada ilk dəfə toy mərasimində iştirak etdim. Eləcə də Şahdağda şəhid ailələri üçün təşkil olunan bayram tədbirinə qatıldım. Məni görən hər kəsin reaksiyası çox gözəl idi. Azərbaycanda serialın bu qədər izlənildiyini bilmirdim, hər kəs mənə xoş söz deyir, fikrini bildirir, Oqtay Kaynarca, Ozan Akbabanı soruşurdu. Onların həyatda necə insan olduqları ilə maraqlanırdı.

İnanıram ki, o seriala mən deyil, başqası da çəkilsəydi, hər kəs sevinərdi, mən özüm də... Mən o sevinci ətrafımdan, insanlardan görürəm. Təbii ki, xoş təəssüratdır.

- Maraqlıdır, Oqtay Kaynarca obrazınız haqqında hansı fikirləri bildirdi?

- "Nə oldu, Paşinyan?" videosuna baxmışdılar, eləcə də Ozan Akbabanın qonaq olduğu "Fəlidən doğru xəbər" verilişinə... Düzdür, o, komediya janrında idi. Amma haqqımda məlumatlı idi.

Oqtay Kaynarca çox peşəkar insandır. Çəkilişlər bir dubla hazır olurdu. Vaxt daha çox texniki məsələlərə gedir. Çəkiliş heyəti peşəkardır. Texniki heyət hazırlaşana qədər məşq edirdik, sonra çəkiliş meydançasına çıxırdıq.

Oqtay Kaynarca obrazımdan razı qaldığına görə serialda qalmağımı istəyirdi. Amma bilmirəm, təəssüf edim, yoxsa "qismət" deyim... "Çıraq" serialı da çox uğurlu layihədir. Türkiyənin TRT kanalında yayımlanacaq, çox məsuliyyətli işdir.

Dediyim kimi, Türkiyədə aktyorla müqavilə bağlanır, müqaviləyə əsasən, başqa serial və filmlərdə çəkilmək olmaz. Ozan Akbaba da "Ben bu cihana sığmazam" serialına çəkildiyi ilk gündən bildirib ki, filan tarixdə ayrılacaq. Amma Oqtay Kaynarca bizim serialda qalmağımızı çox istəyirdi, xüsusilə Ozan Akbabanın.

İnşallah, bilmək olmaz, bəlkə, serialın finalına yaxın, "Çıraq"ın çəkilişləri bitəndən sonra öncəkinin bir bölümündə də çəkilə bilərik. Bir az öncə dediyim kimi, onun Qarabağda çəkilməsini çox istəyirik. Bir bölüm ona həsr oluna bilər. Şuşanı görmək istəyirlər. Çünki Ozan Akbaba Şuşadan o qədər ağızdolusu danışırdı ki...

Oqtay Kaynarca da Azərbaycanı çox sevir və buraya gəlməyi çox istəyir.

- Gələcəkdə Türkiyənin daha hansı məşhur aktyorları ilə səhnəni bölüşmək arzunuz var?

- Tam səmimi deyim ki, qismətdən, serialda çox tanınmış aktyorlarla çəkildim. Elə bir arzum olmayıb ki, filan aktyorla çəkilim və sair. Ozan Akbabanı həm insan, həm də aktyor kimi çox dəyərləndirdiyim üçün ürəyimdən onunla hansısa səhnəni bölüşmək keçmişdi. Onunla öz verilişimdə xırda bir zarafatımız olmuşdu.

Ozan Akbaba ilə səhnəmdən sonra hansısa aktyorla oynamaq haqqımda düşüncəm yoxdur. Ozan Akbaba və Oqtay Kaynarca ilə işləmək çox rahatdır. Sözün yaxşı mənasında onlardan çox şey öyrənirəm. Onlar Türkiyənin ən tanınmış və peşəkar aktyorlarıdır. Həm işdə, həm də insan kimi çox yaxşıdırlar. Belə gözəl insanlara rast gəlməyin özü də mənim üçün şansdır.

- Ozan Akbaba ilə dostluğunuzu necə xarakterizə edərsiniz?

- Üç ildir dostluq münasibətimiz var. Türkiyədə Ozan bəy mənə o qədər diqqət edirdi ki, narahat olurdum. Dedim ki, siz burada əsas aktyorlardan birisiniz. Mənə belə diqqət göstərirsiniz, narahat oluram. O da mənə cavab verdi ki, bizim səmimiyyətimiz, dostluq münasibətimiz var. Sən mənim qardaşımsan! Heç nədən narahat olma. Bu, belə olmalıdır.

Düşünürəm ki, ən əsas məsələ - səmimiyyətdir. Ozan bəy Türkiyədə seriala çəkilməyimi çox istəyirdi. Mən Türkiyəyə istirahətlə bağlı gedəndə də həmişə onunla görüşürdüm. Hər dəfə mənə deyirdi ki, sən Türkiyədə serial və filmə çəkilməlisən.

Sonuncu dəfə Türkiyəyə "Çıraq" serialı üçün getmişdim. "Ben bu cihana sığmazam" serialının çəkiliş heyətinin axşam yeməyi təşkil olunmuşdu. Ozan Akbaba haqqımda Oqtay Kaynarcaya məlumat vermişdi və məni də restorana dəvət etmişdi. Onunla ikinci dəfə görüş oldu və sonra mənə zəng etdilər ki, Oqtay Kaynarca sizin serialda çəkilməyinizi xahiş edir. Mən də böyük məmnuniyyətlə dəvəti qəbul etdim.

- Türk dilində necə, sərbəst danışa bilirsiniz?

- Türk dilini yaxşı bilirəm. Bütün gün türkcə danışırdım ki, çəkiliş heyəti məni başa düşsün. Bir səhnə var idi, hətta orada da türk dilində danışmağa başladım. Sonra dedim ki, mən niyə bu dildə danışıram?.. (gülür) Türk dilini yaxşı bildiyim üçün hər hansı problem olmurdu. Onlar bəzi Azərbaycan sözlərini başa düşməyəndə izah edirdim. Qardaş ölkə olduğu üçün bizə reaksiyaları çox gözəldir. Amma bu da reallıqdır ki, Türkiyənin kino və serial sahəsinə daxil olmaq çox çətindir.

- Türkiyədə karyeranıza davam etsəniz, menecerinizin olmasını istərdinizmi?

- Artıq o barədə düşünürəm. Türkiyədə menecer olmadan fəaliyyət göstərmək mümkün deyil. Mənə menecer də təklif edirlər. Ozan Akbabanın həyat yoldaşı Buket Arıkan Akbaba çox gözəl insandır və yaxşı münasibətimiz var. Türkiyənin ən məşhur menecerlərindən biridir. Buket xanım mənə dedi ki, iş təklifləri zamanı birbaşa sizinlə yox, menecerlə danışmalıdırlar.

- Türkiyədə iki filmə də çəkiləcəksiniz. Maraqlıdır, başqa seriallardan təkliflər də varmı?

- Ozan Akbaba mənə bildirdi ki, səni kimi azərbaycanlı aktyor Türkiyədə yoxdur. Ona görə də seriallardan iş təklifləri olacaq. İşlə bağlı bütün planlarımı Ozan bəylə müzakirə edir və məsləhətləşirəm.

Hazırda istəyim odur ki, Ozan bəyin layihələrində iştirak edim və öz üzərimdə işləyim. Orada kino və serial sahəsində iştirak etmək asan məsələ deyil. Türkiyədə qonorar məsələsi də fərqlidir.

- Türkiyədəki xərclərinizi şirkət üzərinə götürüb?

- Xeyr, Türkiyədə dostumun evində qalıram. Orada mənə avtomobil də ayrılıb. Heç bir çətinlik hiss etmirəm, sanki Azərbaycandayam. Düzdür, hərdən darıxıram. Hətta dostlarıma zəng edirəm ki, bir-iki günlük Türkiyəyə gəlin.

- Artıq Türkiyədə də tanınmağa başlayırsınız. Maraqlıdır, türk xanımla və yaxud aktrisa ilə evlənərsinizmi?

- Belə bir söz var, heç vaxt "heç vaxt" demə... Heç vaxt demədiyim hadisələri yaşadığım üçün heç bir fikir demək istəmirəm. Bəzən həyat sənin düşündüyün və planlaşdırdığın kimi olmur. Ona görə bu haqda düşünmürəm. İndi vaxtımı işimə ayırmışam və o barədə düşünmürəm. Hazırda ən böyük sevgim qızımadır.

- İlk baxışda sevgiyə inanırsınız?

- Artıq heç nəyə inanmıram.

- Səbəb?

- Bilmirəm... Bədbin fikir olmasın. O barədə fikirlərim qarışıqdır. Xasiyyətimlə əlaqəli olaraq bir tərəfə - iş sahəsinə istiqamətlənmişəm. Adətən, mən bir tərəfə istiqamətlənirəm. İş tərəfə yükləndiyimə görə şəxsi həyat haqqında düşünmürəm. Mənim üçün belə rahatdır. Çünki eyni anda iki istiqamətə baxsam, biri digərinə mane olacaq.

- Şəxsi həyatınızda xoşbəxt olmaq sizin də haqqınızdır.

- Düşünürəm ki, xoşbəxtlik yaşanan bir andır. Xoşbəxt olmaq üçün planlı olaraq nəsə edəndə xoşbəxt olmursan. Xoşbəxtlik gözləmədiyin bir anda yaşanan hissdir.

- O hissi yaşamağı gözləyirsiniz?

- Hər gün xoşbəxt ola bilməzsən, onda hisslərin özü də adiləşər. Hər kəsin yaratdığı bir dünya var. Mən orada özüm üçün bəzi hissləri həll etmişəm və onunla daha məntiqli davranıram. Əvvəl anlamadan o hissin üzərinə gedirdimsə, indi daha məntiqli hərəkət edirəm. İnsan həyatda əməllərinə görə qiymətləndirilir və cəzalandırılır. Çalışıram, hər zaman pozitiv olum.


Etiketlər:  Məşhur türk serialı Qarabağda çəkilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ