Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Filmə baxdım, arzuladım ki, kaş onunla çəkiləydim”

“Filmə baxdım, arzuladım ki, kaş onunla çəkiləydim”

Tarix: 2 Aprel 2024 02:05

"Əvvəllər hansısa aktrisanı bir filmə çəkəndə çox götür-qoy edirdilər. Məsələn, ola bilərdi ki, aktrisanın, ya aktyorun xarici görünüşü obraza uyğun olsun, amma səsi uyğun olmasın və ya əksinə. Elə olanda aktrisa oynayırdı, səsi isə dəyişirdilər. Məsələn, "Qara Volqa"da mən "Marqarita"nı oynamışam. Xarici görünüşüm obraza uyğun gəlirdi, səsim isə çox incə idi. Ona görə də səslənməni rəhmətlik Nuriyyə xanım Əhmədovaya tapşırdılar.

Daha bir ciddi problem - məişət dilini gətiriblər seriallara. Küçə dilini daşıyıblar ekrana. Bu, doğru deyil, çünki kinonun öz dili var: ədəbi-bədii dil. Bu gün guya bunu təbii olmaq üçün edirlər. Əslində, bu, təbii deyil, əksinə, insanı qıcıqlandırır. Başa düşmək lazımdır ki, dilin zənginliyi var, o zənginliyi qorumaq, nümayiş etdirmək lazımdır".

Sonxeber.net bildirir ki, bunu Oxu.Az-a müsahibəsində Xalq artisti Naibə Allahverdiyeva deyib. Müsahibəni təqdim edirik:

- Naibə xanım, başlayaq ondan ki, niyə çoxdandır görünmürsünüz?

- Hərdən mediada görünürəm. Televiziyada necə görünüm - verilişlərə getmirəm, seriallara çəkilmirəm.

- Siz Tbilisidə doğulmusunuz. Necə oldu ki, Azərbaycana gəldiniz?

- Oxumağa gəldim. 1980-ci ildə orta məktəbi bitirdim və gəldim Azərbaycana.

- Aktrisa olmaq qərarını necə verdiniz?

- Uşaqlıqdan arzulayırdım, amma daha çox rejissor olmaq istəyirdim. Niyə görəsə elə düşünürdüm ki, aktrisalar həmişə rejissorlardan asılı olurlar. Ona görə istəmirdim kimdənsə asılı olum, istəyirdim, məndən asılı olsunlar. Uşaq idim, ancaq belə düşünürdüm. Sonra gəldim Azərbaycana, imtahan verdim İncəsənət Universitetinə və mənə dedilər ki, səndən yaxşı aktrisa olar. Sən elə aktrisa olsan, yaxşıdır. (gülür)

- Aktrisa olmazdan əvvəl elə aktyor və ya aktrisalarımız var idimi ki, onlara həsəd aparırdınız?

- Əlbəttə. Rasim Balayev.

- Ancaq Rasim Balayev?

- Mən Gürcüstanda yaşadığım üçün Azərbaycan kinosundan, teatrından o qədər də xəbərdar deyildim. Düzdür, o vaxt kinoteatrlara filmlər gəlirdi, amma o qədər də xəbərdar deyildim, nə yalan deyim. Gürcüstanda o qədər də təbliğ olunmurdu Azərbaycan kinosu və ya teatrı. Bir dəfə "Nəsimi" filminə baxdım və çox xoşum gəldi həm kinodan, həm Rasim Balayevdən. Ürəyimdən keçdi ki, inşallah, mən də böyüyərəm, aktrisa olaram, Rasim Balayevlə birlikdə çəkilərəm. Çox qəribə hiss var idi içimdə. Sonra gəldim buraya, oxudum, aktrisa oldum.

- Amma çəkilmədiniz Balayevlə bir yerdə...

- Yox. (gülür)

- Heç eyni səhnədə də ola bilmədiniz?

- Xeyr. Təsəvvür edirsiniz, bir səhnədə də ola bilmədik. Arzum ürəyimdə qalıb. (gülür) Amma bir aktyor kimi çox sevirəm onu.

- Azərbaycana gəldiniz, aktrisa oldunuz, filmlərimizə baxdınız, bəs ondan sonra Rasim Balayevdən başqa sevdiyiniz aktyor, ya aktrisalarımız oldumu?

- Təbii ki, belə aktyor və aktrisalar var idi. Məsələn, Şəfiqə Məmmədovanı çox bəyənirdim. Heyranlıqla baxırdım e ona. Səməndər Rzayevi çox sevirdim. Hamısının adını sadalamaq bir az çətindir, amma çox idilər. Baxın, Fuad Poladovla bir yerdə "Qara Volqa"da çəkilmişəm, Yaşar Nuri, Telman Adıgözəlov kimi aktyorlarla çəkilmişəm. Tərəf-müqabil tərəfdən naxışım gətirib yəni.

Nəsibə xanımla çox istəyərdim tərəf-müqabil olum, təəssüf, qismət olmadı. Amma bir xatirəm var: Tələbə vaxtı Nəsibə xanımı bir dəfə yolda gördüm. Sahil bağının yanında maşında oturmuşdu, maşının qapısı da açıq idi. Nəsibə xanımı gördüyümə çox sevindim, qaçıb yaxınlaşdım ona və dedim ki, "Nəsibə xanım, mən sizi çox sevirəm e. Mən də gələcəkdə aktrisa olacağam". (gülür) O da əlini qoydu mənim başıma və qayıtdı ki, sağ əlim sənin başına, arzu edirəm ki, mənim kimi sən də seviləsən. Çox qəribə, çox gözəl hiss idi.

- Sevildiniz də. Demək ki, əli düşdü sizə...

- Hə, həqiqətən, əli düşdü. Tanındım da, sevildim də. (gülür)

- Naibə xanım, müsahibələrinizin birində demisiniz ki, plastilin kimi aktrisayam. Bəs niyə çəkilmirsiniz?

- Gərək çəksinlər ki, çəkilim də...

- Bəs niyə çəkmirlər?

- Bilmirəm ki... Düzünə qalsa, ümumilikdə bu gün film çox az çəkilir, seriallar da, bir-ikisini çıxmaq şərti ilə, mənim xoşuma gəlmir. Ona görə də gedib orada vaxtımı boşuna keçirtmək istəmirəm.

- Nə xoşunuza gəlmir, məsələn?

- Qonorar azdır, aktrisalar həmişə şikayət edirlər. Ümumi yaradıcılıq mühiti yoxdur. Həm də bilirsiniz, o dövrdə çəkilən aktyor və aktrisalar bu dövrdə çəkilmirlər. Düzdür, əgər çox ürəkdən istəsəm, yəqin ki, çəkilərəm. Bir neçə dəfə belə istəyim olub, çəkilmişəm də. Amma sonra, nə bilim, nəsə xoşuma gəlmədi.

- Xoşunuza gəlməmək məsələsini bir az xırdalasaq?..

- Proses özü xoşuma gəlmədi. Bilirsiniz, biz, yəni bizim nəsil, öyrəşmişik ki, rolun üzərində işləyək. İndi elə deyil. İndi mətni axşam verirlər, deyirlər, get, səhər gəl, çəkilirik. İşin içində yaradıcılıq yoxdur. Yaradıcılıq prosesi olmadığı üçün də məni seriala çəkilmək cəlb eləmir. Məsələn, baxanda görürəm ki, səhnədə adi işığı düz qura bilmirlər. Burada hansı yaradıcılıqdan söhbət gedə bilər?

- Sirr deyil ki, sizi məşhur edən obrazınız "Yarımştat" tamaşasındakı "Tomka" olub. Daha doğrusu, "Tomka"nın dörd sözlük cümləsi. Məhz bu yarım cümlə ilə sizin ulduzunuz parlayıb. Əvvəlcə onu soruşum - tamaşada improvizə var, yoxsa hamısı rejissor təxəyyülünün məhsuludur?

- Var, əlbəttə, var.

- Hansı hissəsindədir?

- Elə o məşhur olan "Tomka maçi, Musik muçi"... (gülür)

- Necə ağlınıza gəldi o ifadə? Həmin proses çox maraqlıdır. Həmin vaxt səhnədə, demək olar ki, yox idiniz və birdən səhnəmizin çox böyük sənətkarları ilə eyni tamaşada yer aldınız, Yaşar Nuri kimi bir sənətkarla tərəf-müqabil oldunuz. Necə hazırlaşdınız, necə oldu ki, belə bir improvizə ağlınıza gəldi və həyatınızın zəfər zənginə çevrildi?

- Həmin tamaşanı tələbə yoldaşım Şərif Qurbanəliyev çəkirdi. Tamaşa da Ramiz Mirzəyevin "Sabah" yaradıcılıq emalatxanasının studiyasında çəkilirdi. Bir gün Şəriflə təsadüfən televiziyanın dəhlizində görüşdük, hal-əhval tutduq. Mən dedim ki, ay Şərif, gözəl tamaşalar çəkirsən, bəs məni niyə çəkmirsən, tələbə yoldaşı deyilik? Baxdı üzümə, dedi ki, çəkərəm, çəkərəm.

Aradan bir müddət keçdi, Şərif mənə zəng elədi və dedi ki, bəs mən bir tamaşa çəkirəm, "Yarımştat", orada sənə aid bir rol var. Kiçik roldur, haradasa on dəqiqəlik katibə roludur, istəyirsənsə, gəl onu oyna. Gəldim, rola baxdım, sonra Şərifə dedim ki, ay Şərif, bu nə roldur vermisən mənə? Balaca bir şey. O da qayıtdı ki, rolun böyüyü-kiçiyi olmur aktyor üçün. Get, bunu hazırla. Razılaşdım.

Tamaşanın birinci məşqləri başladı və mən orada korifeyləri görəndə canımı tər basdı. Cavan idim axı. Məşqə başlayanda utandığımdan dilim başladı dolaşmağa. Gənc vaxtı çox çəkingən idim. İndi nə illah edirəm, ağzımdan düz söz çıxmır, dilim dolaşır - hamı da həm bir-birinin üzünə, həm də Şərifə baxır ki, yəni haradan tapmısan bunu? Şərif də onları inandırmağa çalışır ki, yox e, əslində, Naibə çox yaxşı aktrisadır, ola bilsin, həyəcanlanıb, ona görə dili topuq vurur.

İlk məşq bitdi, çıxmışıq bayıra, Şərif dəhlizdə mənə dedi ki, başa düşmədim, sənin dilin niyə dolaşır, pəltəksən? Bu nə danışıqdır, bu nə məşqdir?

Nə isə, gəldim evə. Evə gələndən sonra özümə söz verdim ki, bu rolu necə lazımdır oynamalıyam. Öz-özümə dedim ki, Naibə, bu nədir ki, sən buna görə həyəcan keçirirsən? Bilirdim ki, oradakı sənətkarların həyəcanı basıb məni. Təsəvvür edin, bir ay gecə-gündüz demədən bu 10 dəqiqəlik obrazın üstündə işlədim. Düz bir ay. Kənardan, ola bilər, asan görünür, amma o obrazı yaratmaq üçün o tipi, o xarakteri tapmaq elə də asan olmadı. Nəhayətdə "Tomka"nın daxili dünyasını, xarakterini tapdım.

- Necə tapdınız?

- Bizə tez-tez gəlib-gedən bir rəfiqəm var idi. Bir gün yenə oturub onunla oradan-buradan danışırdıq, birdən bunun üzünə zilləndim. Özü bir az gülməli qız olsa da, çox gözəl idi. Maraqlı da danışıq tərzi vardı. Baxdım ona və birdən qayıtdım ki, sən "Tomka"san! İndi də həmişə deyir ki, qədrimi bilməzsən, bir dəfə demirsən ki, qubalı qızı Məhsəti xanım sayəsində yaratmışam o rolu. (gülür)

- Yaxşı müşahidə qabiliyyətiniz də var, deməli.

- Müşahidəni hədsiz çox sevirəm. Təsəvvür edin, o vaxt Yeni il şənlikləri, ya Novruz bayramında mənə hansısa adi bir səhnəcik tapşırılanda belə, çalışırdım ki, yaradacağım obrazın xarakterini tapmaq üçün müşahidə edim. Məsələn, şənliklərin birində "Qaraçı"nı oynamalı idim. Onu oynamaq üçün gedirdim metronun "28 May" stansiyasının qarşısına, orada həmişə malakan qaraçıları dururdular, onları saatlarla müşahidə edirdim. Təsəvvür edirsiniz?

- Düzü, etmirəm. Siz zatən Yevlaxda yaşamısınız. Qaraçı görmək üçün "28 May"a getməyə niyə ehtiyac duyurdunuz ki?

- Yox, bilirsiniz, onların tipi, tərzi fərqli idi axı. Biri var, bizim hər yerdə gördüyümüz qaraçılar, biri də var, onlar - malakan qaraçıları. Onların danışıqları da fərqli idi. Yəni, qaraçılar rus dilində necə, hansı ləhcə ilə danışırdılarsa, həmin ləhcə ilə danışırdılar bizim dildə. Mənə də obrazı yaratmaq üçün maraqlı tipaj lazım idi. Ona görə gedib onları kənardan müşahidə edirdim, onlarla danışırdım.

- Bayaqkı fikirdən uzaqlaşdıq. "Yarımştat"da "Tomka"nın improvizəsində həm tərəf-müqabillərinizi, həm rejissoru təəccübləndirən nə oldu?

- "Muxtar müəllim"ə (Yaşar Nuri) öpüş göndərdiyim yer - "Tomka maçi, Musik muçi" hissəsi. (gülür) Onu məndən heç kim gözləmirdi.

Ramiz müəllim də (Ramiz Həsənoğlu - tamaşanın prodüseri - red.) kənardan baxırdı. Elə o səhnəni oynamışdım ki, Ramiz müəllim əl çaldı və dedi ki: "Bravo! Bitdi e, bitdi. Sən artıq populyar oldun. Sənin bu ifadən tarixə yazıldı". Tamaşa efirə gedənin səhəri günü artıq məşhur oldum. Həqiqətən, Ramiz müəllim deyən oldu. Görün neçə il keçib üstündən, tamaşa 1996-cı ildə çəkilib, indi də 2024-dür, hələ də nə o sözlər, nə mimika dillərdən düşmür. (gülür)

- Naibə xanım, "Yarımştat" tamaşası ilə məşhur olmusunuz. Həyat hekayənizə baş vursaq, həyatınızı yarımştat saymaq olar, yoxsa tam ştatdasınız?

- Elə yarımştatdır... Həyatım da tam ştat ola bilmədi.

- Bu, sizi bir anda məşhur edən tamaşanın və "Tomka"nın taleyinizə təsiri ilə bağlı ola bilər?

- Nə bilim... Düşünürəm arada bu barədə. Bəzən deyirlər ki, bir mistik qüvvə var, aktyorlar hansı rolları oynayırlarsa, həmin rollardan nəsə sanki mütləq onların həyatlarına sirayət edir, yəni həyatlarına müəyyən təsir göstərir. Bəlkə də, mistikadır, bilmirəm. Ona görə mən çox faciəvi rollar oynamaq istəmirəm. Düzdür, teatrda olub, faciə janrında oynamışam, amma elə bilirəm ki, həyatımıza təsiri var.

- Deyə bilərikmi, "Yarımştat" bütün həyatınıza təsir edib, ya da həyatınız o obrazı qarşınıza çıxarıb?

- Yox, deməzdim ki, o obrazı qarşıma çıxarıb, amma haradasa nəsə var...

- Naibə xanım, övladınız da yolunuzla gedir?

- Xeyr. Bir qızım var. Xarici Dillər Universitetini bitirib, ingilis dili üzrə tərcüməçi. Əvvəllər istəyirdi aktrisa olmaq, amma onu çəkindirdim bu yoldan. Sonra müğənni olmaq istədi. Dedim: "Ay bala, sənin səsin cırıldayır, səndən müğənni olar?" (gülür)

Düzdür, qızım teatrla çox maraqlanırdı, tamaşalarıma gəlib baxırdı. İstənilən halda, düşündüm ki, o, başqa sahəyə getməlidir. Çünki, bilirsiniz, sənət, həqiqətən, qurban tələb edir.

- Sənətə nəyi qurban verdiniz?

- Çox şeyi... Birinci elə sağlamlığımı...

- Rejissorlara yaxınlaşıb soruşmursunuz ki, məni niyə çəkmirsiniz?

- Yox, heç vaxt. Heç etmərəm də elə şey.

- Niyə? Baxın, qrup yoldaşınıza özünüz dediniz, o sizi çəkdi və kiçik bir obrazla məşhur oldunuz. Bəlkə, yenə kiməsə deməyə ehtiyac var?

- Yox, o başqadır. Əslində, təkliflər olmamış deyil. Məsələn, çox istedadlı bir rejissor var - Rövşən Zeynallı. O deyir ki, kaş Allah mənə bir imkan yaratsın, mən sizinlə gözəl bir film çəkim. Çox arzu edirəm bunu. Demək istəyirəm, çəkmək istəyən rejissorlar var, çəkməyə vəsait yoxdur. Həm də bilirsinizmi, mən elə rejissorlarla işləmişəm ki, Cahangir Mehdiyev kimi, Ramiz Mirzəyev kimi, rəhmətlik Məhərrəm Bədirzadə kimi. Belə rejissorlarla işləyəndən sonra hər rejissorla işləmək də olmur. Biz artıq o yüksəliş pilləkənini qalxmışıq, oradan enmək doğru olmur axı. İndi mən elə bir rejissorla işləmək istəyirəm, elə bir ssenari istəyirəm ki, orada nəsə deyə bilim, nəsə yarada bilim.

- Belə çıxır ki, ssenarilər sizi qane etmir?

- İndiki ssenarilərin əksəriyyətində heç bir dramaturji material yoxdur. Düzdür, əslində, elə bütün seriallar sabun köpüyü kimi bir şeydir, amma bu, o demək deyil ki, nə oldu çəkəsən, nə oldu danışasan. Tamaşaçılar deyirlər ki, indiki aktyorların bir-biri ilə olan dialoqları çox sünidir. Əslində, bu, çox halda, aktyorun günahı deyil ki - ssenari yoxdur. Bayaq dediyim kimi, bizdə adi işığı düzgün qura bilmirlər. Çəkiliş gedir, baxırsan ki, işıq heç o mövzuya aid deyil. Yəni pərakəndəlik var, heç nə heç nəyi tamamlamır. Ona görə çəkilmək deyəndə... Anlayıram ki, vaxt gedir, zaman gedir, çəkilmək lazımdır, amma o mühit, o atmosfer yoxdur. Düzdür, bizim çox yaxşı gənc rejissorlarımız var, yetişirlər də. Sadəcə, onlara imkan, şərait yaratmaq lazımdır.

- Seriallara çəkilmirsiniz, başqa bir işiniz də yoxdur. Bəs nə ilə dolanırsınız, ancaq teatrın maaşı ilə?

- Bəli. Ancaq maaşla... (gülür)

- Çatır nəyəsə?

- Birtəhər. Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoya-qoya çalışırıq çatsın. (gülür). Bəlkə də, çatar, amma səhhət normal olsa, dava-dərmana pul verməsən. Müəyyən yaşdan sonra da səhhət başlayır sözə baxmamağa. Mənim ən çox pulum, inanın ki, həkimlərə gedir. Evdə deyirlər ki, sən ancaq həkimləri dolandırırsan, yaşadırsan e onları.

Haradasa 10-15 il bundan əvvəl İTV-də çəkiliş zamanı ayağım sındı, çox əziyyət çəkdim. Yeni il şənliyi çəkilirdi, dağın başına aparmışdılar bizi. Yıxıldım, ayağım sındı. Orada da iki gün qalmalı oldum. Həkim olmadı, ayağıma su doldu, sonra da məlum oldu ki, qırığı düz bitişdirməyiblər, orada da müəyyən proses əmələ gəlib. Türkiyədən belə gedib-gəldim. Türkiyədə mənə dedilər ki, ayağı dondurmaq lazımdır. Ayağı dondurmaq da əlil olmaq deməkdir deyə razılaşmadım və çıxdım gəldim Bakıya. Hələ də müalicə edirəm.

- Oynamaq istədiyiniz, arzusunda olduğunuz hansısa rol varmı?

- Əlbəttə, var. Bu yaxınlarda mənim yubileyim oldu. Rejissor Nicat Kazımov hazırlamışdı. Çox gözəl, çox möhtəşəm bir yubiley tədbiri oldu. Yubileyin adı da "Gerçəkləşməmiş arzular" idi. Mənim gənclikdə arzu etdiyim obrazlar var idi ki, həmin yubileydə onların hərəsini 20 dəqiqə ərzində oynadım.

Məsələn, "Cülyetta"nı, "Kleopatra"nı, "Sevil"də "Dilbər"i, "Hamletin anası"nı və "Hacı Qəmbər"də onun xanımını oynadım. İstədiyim obraz, əsasən, "Kleopatra"dır.

- Bu sual yorucu görünə bilər, çünki tez-tez rast gəlinir. Amma elə məqam var ki, onsuz da keçinmək olmur. Dediniz ki, səhnə sizdən sağlamlığınızla bərabər, çox şeyi aldı. Hər şeyi yenidən başlamalı olsaydınız, yenə o pərdənin arxasından çıxmağı arzu edərdiniz, yoxsa dəyişərdiniz yolunuzu?

- Mütləq e, mütləq. Əlbəttə, dəyişməzdim.

- Niyə?

- Çünki bu sənət mənim qanımdadır, içimdədir, həyatımdadır. Mən bunsuz öz həyatımı təsəvvür etmirəm. Baxın, "sənət qurban tələb edir" sözü elə-belə deyilmir. Biz səhnədə başqa-başqa insanların həyatını yaşayırıq, öz həyatımızı yox. Öz həyatımızda, onsuz da, hamı kimi həyəcanlar, streslər, qalmaqallar, problemlərlə qarşılaşırıq və üstəlik, bütün bunları həm də səhnədə yaşayırıq, həm də hər gün. Bilirsinizmi, bu, bizim beynimizə, ürəyimizə, həyatımıza nə qədər ziyan edir? Sən məcbursan, rolu daxilindən keçirəsən. Bütün ürəyini, beynini ona fokuslayasan. Sən bunu texniki şəkildə oynasan, tamaşaçı sənə baxmaz axı. Xüsusən də teatrda. Teatrda sən canlı olaraq tamaşaçı ilə ünsiyyətdə olursan və istədiyin mesajı zala, tamaşaçıya mütləq ötürməlisən, o, səhnədə qalmamalıdır. Ona görə elə tamaşalar olur ki, onu oynayıb çıxandan sonra saatlarla ürək çırpınmalarım dayanmır. Amma istənilən halda, sevirəm mən bu sənəti.

- "Möhtəşəm yüz il" Azərbaycanda çəkilsəydi, özünüzü hansı rolda görmək istəyərdiniz?

- Ancaq "Hürrəm"... (gülür) Mənə elə gəlir ki, "Hürrəm" obrazı mənin yaratdığım obrazların xarakterinə yaxındır. Məsələn, mənə versəydilər o rolu, düşünürəm ki, eynən o cür xarakter seçərdim "Hürrəm"ə.

[1]

- Bu gün çəkilən filmlərdə və seriallarda sünilik, pafos həddən ziyadə çoxdur. Sizcə, bu sünilik nədən doğur?

- Nədən doğur sualına birmənalı cavab vermək olmur, desəm, inanmayacaqsınız.

Əvvəllər hansısa aktrisanı bir filmə çəkəndə çox götür-qoy edirdilər. Məsələn, ola bilərdi ki, aktrisanın, ya aktyorun xarici görünüşü obraza uyğun olsun, amma səsi uyğun olmasın və ya əksinə. Elə olanda aktrisa oynayırdı, səsi isə dəyişirdilər.

Məsələn, "Qara Volqa"da mən "Marqarita"nı oynamışam. Xarici görünüşüm obraza uyğun gəlirdi, səsim isə çox incə idi. Ona görə də səslənməni rəhmətlik Nuriyyə xanım Əhmədovaya tapşırdılar.

Daha bir ciddi problem - məişət dilini gətiriblər seriallara. Küçə dilini daşıyıblar ekrana. Bu, doğru deyil, çünki kinonun öz dili var: ədəbi-bədii dil. Bu gün guya bunu təbii olmaq üçün edirlər. Əslində, bu, təbii deyil, əksinə, insanı qıcıqlandırır. Başa düşmək lazımdır ki, dilin zənginliyi var, o zənginliyi qorumaq, nümayiş etdirmək lazımdır. Biz Türkiyə seriallarına baxıb türk dilini öyrənə bilirik. Onlar da təbii danışırlar, amma küçə dilində yox, ədəbi-bədii dildə danışırlar. Baxırsan, bizdə bir ailə oynanılır, ailədə hərə bir ləhcədə danışır. Bu, təbiilik deyil, sənət deyil. Bu, ümumiyyətlə heç nə deyil. Bu günah isə ancaq aktyorlarda deyil, sadəcə, üzdə olan onlardır deyə hamı onlardan bilir.

Bundan başqa, səhnədə aktrisa özünü oynamamalıdır. Tapşırılan obrazı yaratmalıdır, onu oynamalıdır. Məqsəd tamaşaçıya özünü göstərmək yox, obrazı canlandırmaq olmalıdır.

Sözümün canı odur ki, kameranın düyməsini basan hər adama rejissor, hər əlinə qələm alana da ssenarist demək olmaz. Rejissor istəsə, aktrisanı məhv də edə bilər, yüksəldə də bilər.

- "Xalq artisti" fəxri adını necə aldınız?

- Necə aldım?.. Mən almadım, onu mənə verdilər.

- O xəbəri necə aldınız?

- Gözlənilməz şəkildə. Həmin gün evdə idim, ev işləri ilə məşğul idim. Evi tozsoranladığım vaxt telefonuma zənglər gəlibmiş. Mən də tozsoranın səsindən eşitməmişəm. Tozsoranı söndürəndə baxdım ki, telefon susmur, evdə də təkəm. Telefonu açanda gördüm ki, nə qədər zəng gəlibmiş mənə. Çox həyəcanlandım. Düşündüm, görəsən, nə hadisə olub belə? Zəng edənlərin də siyahısına baxıram ki, müxtəlif adamlardır. Bir şey kəsdirə bilmirəm. Həyəcanım bir az da artdı. Həmin ara yenə zəng gəldi, bu dəfə zəng edən Naxçıvanın Xalq artistlərindən biri idi. Telefonu açan kimi dedi ki: "Səni təbrik edirəm, Haradasan? Adam Xalq artisti olanda telefonu açmaz?" Mən də məsələni bilmirəm deyə dedim, inşallah. Kimdir e, mənə "Xalq artisti" adını verən? Qayıtdı ki, yox e, sənə "Xalq artisti" veriblər. Yenə mən başa düşmədim. Elə bildim, o nəyisə qarışdırıb. Çünki həmin ərəfədə mən Prezident mükafatı almışdım deyə ağlımdan keçdi ki, səhv salıb mükafatları. Dedim, Prezident mükafatına görə təbrik edirsən? Çox sağ ol, amma o mükafatı bir ay bundan qabaq almışam. Dedi: "Yox, nə mükafat? Sən "Xalq artisti" adı almısan".

O danışdıqca artıq beynimdən keçirirdim ki, bu məni ələ salır, görəsən? Yekə kişidir, belə zarafat edər yəni? Biz onunla Naxçıvanda bir yerdə işləmişdik, oradan tanıyırdıq bir-birimizi. Onun belə zarafat edəcəyi də inandırıcı gəlmirdi. Dedi: "Ay qız, aç, oxu. Sənə fəxri ad veriblər". Dedim: "Yaxşı, əgər düz olsa, sənə 30 manatlıq kontur vuracağam". Hələ də vururam o konturu, yenə də vururam. (gülür)

Danışdıq, bitirdik, sayta baxdım və görəndə ki həmkarım düz deyir, qurudum yerimdə.

Həmin vaxt mən heç yaxşı deyildim. Bir hadisə olmuşdu, depressiyada idim. Elə pis vəziyyətdə idim ki, evdən çölə çıxmaq istəmirdim. Bəlkə də, bir on il qocalmışdım o ərəfələrdə. Xəbəri gördüm, zəng elədim qızıma və başladım qışqıra-qışqıra ona deməyə. Mənə elə qəribə bir sevinc gəldi, elə qəribə bir hiss gəldi, sanki bir anın içində həyatım tamamilə dəyişdi. Bütün o ağrı, problem, depressiya yox olub getdi. Yenidən doğulmuşammış kimi... (qəhərlənir). Özü də "Xalq artisti" fəxri adı mənə məhz doğum günümdə verilmişdi - 2018-ci ilin avqust ayında.

- Demək, səhnə həyatınızın ilk uğuru "Yarımştat"la oldu, zirvəsi də fəxri adla...

- Bəli, eynən belə. İndi həm fəxri adı, həm də onun məsuliyyətini daşıyıram. Mükafatların ən alisinə layiq olmuşam. Bunun məsuliyyəti də özü qədər ağır və şərəflidir.

- Yadınızda qalan hansısa gülməli hadisəni danışa bilərsiniz?

- Biri elə bu yaxınlarda oldu. Mənim həyatda ən sevmədiyim sual "sənin neçə yaşın var?" sualıdır. Heç sevmirəm də o sualı. Soruşan olanda ilk beynimdən keçən "ay balam, neyləyirsən axı yaşımı?" olur. (gülür) Deməli, rəfiqəm gəlib bizə. Bu vaxt kimsə onun tanışlarından biri zəng edib, bunlar danışırlar. Rəfiqəm də zəng edənə mənim yubiley tədbirimdən danışır - ay belə gözəl oldu, belə möhtəşəm oldu-filan. Mən də oturmuşam yanında. İndi telefonun o tərəfindəki adam deyir ki, "A, nə yaxşı... Neçə yaşı oldu ki?" Mən də rəfiqəmə yavaşcadan deyirəm ki, "de ki, 40... 40." Rəfiqəm də telefon qulağında qayıdasan ki, "Naibə, sən də ağ elədin e lap. Qırx e. Yox bir". Sonra o söhbətə nə qədər güldüm. Hər yadıma düşəndə gülürəm, o dərəcə maraqlı situasiya olmuşdu.


Etiketlər:  Filmə baxdım arzuladım kaş onunla çəkiləydim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ