Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 11:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində aparılan arxeoloji materialın çöl tədqiqatlarında yeni üsullar tətbiq edilib, Təpəbaşı abidəsində dron vasitəsi ilə çəkilişlər aparılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ilk dəfə olaraq fəaliyyətə başlamış “Azərbaycan-Qazaxstan Beynəlxalq Arxeoloji Ekspedisiyası” Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində çöl tədqiqatları zaman dron çəkilişləri AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşları tərəfindən aparılıb.
Arxeoloji tədqiqatlar zamanı dəmir və antik dövrlərə aid müxtəlif dərəcələrdə qorunub saxlanılan qəbir və qurbangah abidələri aşkar edilib. Bu dəfnlərdən biri küp, digəri təknə tipli, qalanları isə torpaq qəbirlərdir. Qeyd olunan tarixi dövrlərin qədim əhalisinin həyatının və mədəniyyətinin müxtəlif aspektləri – silahlar, çeşidli keramika qabları, tunc və daş məmulatları, kauri çanaqları və başqa tapıntılar əldə edilib. Ən maraqlı tapıntılardan biri isə üzərində Sarmat tipli damğalar olan saxsı qabdır. Qonşu ərazilərdə oxşarlıq tapan, eyni zamanda özünəməxsus xüsusiyyətlərinə malik olan qəbir və qurbangah mərasimlərinin maraqlı elementləri aşkar edilib. Əldə edilmiş maddi mədəniyyət nümunələri qazıntı yerində təşkil edilmiş çöl laboratoriyasında ilkin restavrasiyadan keçib.
Qazıntı sahəsində həm dəmir dövrünə, həm də antik və son antik dövrlərinə aid olan keramika məmulatlarının olduğu dəfnlər tapılıb. Bu dəfnlərin yaşını müəyyən etmək üçün oradan əldə olunan kömür və sümük qalıqları radiokarbon analizləri üçün aparıcı xarici laboratoriyalara və o cümlədən, AMEA-da fəaliyyət göstərən müvafiq laboratoriyaya göndəriləcək. Alınacaq nəticələr əsasında alimlər Qədim Azərbaycanda dəmir dövründən antik dövrə keçid prosesinin xüsusiyyətlərini müəyyən etməyə çalışacaqlar.
Şəkidə aparılan arxeoloji tədqiqatlar qədim Albaniya dövlətinin tarixi təşəkkülü xüsusiyyətlərini və Azərbaycan tarixində İskit dövründən Albaniya dövrünə keçid mərhələlərini müəyyən etmək üçün olduqca böyük önəmə malikdir.
Kiş kəndində antik dövrə aid əsaslı arxeoloji tədqiqatlar “Azərbaycan-Qazaxıstan Beynəlxalq Arxeoloji Ekspedisiyası” tərəfindən 2020-ci ildə də davam etdiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin