Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 13:52
"Ruben Vardanyan epizodunu bir çox iddialar və əks iddialar əhatə etsə də, aydındır ki, onun Nobel Sülh Mükafatına namizədliyi bu cür namizədliyə layiq olma meyarlarıyla bağlı xeyli hiddət doğurub".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu tanınmış amerikalı jurnalist Martin Şerman nüfuzlu "Newsmax" nəşrində erməni biznesmen Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərilməsinə həsr etdiyi məqalədə bildirib.
Müəllif ümumiyyətlə Nobel Sülh Mükafatının salnaməsində bəzi qəribə və həqiqətən də qorxulu epizodlar olduğunu xatırladıb. O, nadir hallarda açıqlanan faktlardan biri kimi bəşəriyyətin ən böyük müharibəsini qızışdıranlardan biri Adolf Hitler və onun ən böyük köməkçisi Nevil Çemberlen 1939-cu ildə mükafata namizəd olmasını göstərib. M.Şerman başqa bir qəribə hadisənin sülh mükafatının verildiyi zaman vəzifədə cəmi səkkiz ay işləmiş, nüfuzlu mükafatı qazanmaq üçün heç bir iş görməmiş ABŞ-nin keçmiş prezidenti Barak Obamaya verilməsi qərarını adlandırıb. Müəllif xatırladıb ki, Obama iki müddətə seçildiyi səkkiz illik prezidentlik dövründə yeddi ölkəyə hərbi zərbələr endirib, həmçinin son onilliklərdə ilk dəfə Çin və Rusiya ilə silahlı toqquşma potensialı yaradıb.
İcmalçı daha sonra erməni biznesmen Ruben Vardanyanın mükafata namizədliyinin irəli sürülməsinə toxunub və mükafatın əsl məqsədi ilə daha əvvəl qeyd olunan hallar kimi bunun da uyğun gəlmədiyini qeyd edib.
"Vardanyan guya humanitar fəaliyyət göstərib, amma o Assizli Fransisko (məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisi - red.) deyil. Onun "xeyriyyəçiliklə rəngarəng" kimi təsvir edilən tərcümeyi-halı, şübhəsiz ki, danılmaz dərəcədə qaranlıq məqamları ehtiva edir", - deyə müəllif bildirib.
O, Vardanyanın bioqrafiyası barədə qısa məlumat verib və qeyri-qanuni maliyyə əməllərini xatırladıb.
"Vaxt keçdikcə milyarderin biznes təşəbbüslərinin gizli mahiyyəti haqqında məlumatlar ortaya çıxmağa başladı, bu, Vardanyanın layiqli Nobel Mükafatı namizədi ola biləcəyi fikriylə tamamilə ziddiyyət təşkil edir.
2019-cu ilin martında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) yaydığı hesabatdan görünür ki, Vardanyanın maliyyə təşkilatı milyard dollarlıq çirkli pulların yuyulması sxeminin tam mərkəzində olub. Belə ki, onun ofşor şirkətlər şəbəkəsi və erməni təmasları şübhəli maliyyə fəaliyyəti üçün mərkəz kimi istifadə edilib. OCCRP-yə görə, bu sxem müştərilərə pulları Rusiyadan çıxarmağa, xaricdəki aktivlərini gizlətməyə və pulları yumağa imkan verib", - deyə məqalədə bildirilir.
Müəllifin sözlərinə görə, 2022-ci ilin yanvarında Vardanyan, Bayden administrasiyasının "Putin Accountability Act"ına uyğun olaraq sanksiyaya namizəd kimi siyahıya salınıb. Vardanyan da Qərbin sanksiyalarından qaçmaq üçün elə həmin il Rusiya vətəndaşlığından imtina edir və Ermənistanın işğalı altında olan Qarabağa köçür, heç bir ölkə tərəfindən tanınmayan separatçı rejimdə qondarma dövlət naziri vəzifəsini tutur.
"Vardanyan, orada olarkən Azərbaycanla dinc kompromis və birgə yaşayışı təşviq etmək əvəzinə, regionda nifaq və düşmənçilik alovunu qızışdırır. Bu potensial Nobel Sülh Mükafatı laureatı olmaqla böyük uyğunsuzluq təşkil edir", - deyə müəllif vurğulayıb.
Məqalədə hazırda Vardanyanın terrorçuluğu maliyyələşdirməkdə və digər cinayətlərdə ittiham olunaraq Bakıda həbsdə olduğu vurğulanıb.