Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qız Qalası” su qovşağının açılışı – Azərbaycanla İran əlaqələrinin yeni dövrü

“Qız Qalası” su qovşağının açılışı – Azərbaycanla İran əlaqələrinin yeni dövrü

Tarix: 21 May 2024 15:27

Sonxeber.net report-a istinadən Sədrəddin İsmayılovun yazısını təqdim edir

Azərbaycanla İran arasında münasibətlərdə gərginlik olsa da, heç vaxt birdəfəlik pozulmayıb.

Hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri olaraq daim əlaqəli fəaliyyət göstərib. İran Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. O, 1991-ci il dekabrın 25-də bu addımı atıb.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin olduğu helikopter qəzaya uğrayıb. Bu faciəvi hadisə nəticəsində prezident də daxil olmaqla bütün sərnişinlər həlak olub.

Qəza xəbər yayılandan sonra rəsmi Bakı yardım əlini uzadan ilk dövlət olub. Qəza ilə bağlı rəsmi məlumat yayıldıqdan da sonra Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə başsağlığı verən ilk dövlət başçılarından olub.

Bu iki məlumat Azərbaycanla İran arasında humanitar sahədə münasibətlərin davamlı olduğunun göstəricisidir. Başqa sözlə, rəsmi Bakı dar gündə həmişə qonşu dövlətin yanında olub.

İki ölkə arasında iqtisadi, ticarət əlaqələri də davamlı olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 506 milyon 269 min dollar təşkil edib. Azərbaycanla İran arasında iqtisadi əlaqələrin davam etdiyin göstərən amillərdən biri də karbohidrogen sahəsində əməkdaşlıqdır. 2022-ci ilin yanvarından Azərbaycan və Türkmənistan İran vasitəsilə qaz mübadiləsinə başlayıblar. Tərəflər arasındakı razılaşmaya əsasən, illik tədarük həcmi 1,5-2 milyard kubmetr təşkil edəcək. Daha sonra - 2022-ci ilin iyununda Bakı və Tehran arasında Türkmənistandan Azərbaycana svop qaz tədarükü iki dəfə artırılacaq sənəd imzalanıb.

Rəsmi Bakı ilə Tehrana arasında əldə edilən razılaşmaya əsasən, Azərbaycanın Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Körpünün layihəsi hazırlanıb. Bu layihə barədə Azərbaycan Baş nazirinin müavinin Şahin Mustafayev bildirmişdi ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq: "Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək".

Dövlət başçısı İlham Əliyevin İran rəsmiləri ilə də təmasları vaxtaşırı olur. O, 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı çərçivəsində Azərbaycanın dövlət başçısı ilə İran Prezidenti Seyid İbrahim Rəisinin görüşü olub.

Həmin görüşdə mərhum İbrahim Rəisi bildirmişdi: "Xoşbəxtlikdən, əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir. Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq".

Həmin görüşdə Prezident İlham Əliyev də iki ölkə arasında əlaqələrin inkişafını müsbət dəyərləndirərək demişdi: "Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq".

Prezidentlərin Azərbaycanla İran sərhədindəki görüşü sanki Daşkənddəki dialoqun davamı idi. Onlar Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində iştirak ediblər. Bu hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran tərəfindən aparılıb. İki dövlətin sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib.

Azərbaycanın başqa torpaqları ilə yanaşı, hidroqovşaqların tikildiyi ərazilər də işğaldan azad edilib. Dövlət başçısı İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarını işə salıblar. Həmin tədbirdə İran Prezidenti su qovşağının əhəmiyyətindən danışaraq bildirmişdi: "Bu bəndin suyundan həm içmək üçün, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək".

Prezident İlham Əliyev də bu hadisəni çox yüksək qiymətləndirib: "Eyni zamanda, Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihədir. Qeyd etdiyiniz kimi, suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq".

Bu layihə Azərbaycanla İran arasında əlaqələrin yeni dövrünü başlanğıcı da sayıla bilər.

İbrahim Rəisi bu məsələni vurğulayaraq demişdi ki, Azərbaycanla münasibətlər, bağlılıq təkcə qonşuluq bağlılığı deyil: "Aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək".

İran Prezidentinin çıxışının sonunda "Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik" deməsi iki ölkə münasibətlərini korlamağa çalışanlara da ismarış sayıla bilər.

İbrahim Rəisi faciəli şəkildə həlak oldu. Ancaq çıxışından da göründüyü kimi o Azərbaycanla əlaqələrin qurulmasında, inkişafında maraqlı olub. Bu baxımdan su qovşağının açılışındakı açıqlamasını onun vəsiyyəti, arzusu kimi dəyərləndirmək olar.

Bu hadisə onu da sübut edib ki, iki dövlət arasında münasibətlərin normal olması, inkişafını həm də zaman diktə edir. Araz çayı üzərində su qovşağı, körpülər uzun illərin arzu və istəklərindəndir. Odur ki, bu kimi layihələr həm də iki ölkə arasında gələcək münasibətlərin göstəricisi sayıla bilər. Prezident İlham Əliyev bunu belə vurğulayıb: "Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq".

İran iyunun 28-də yeni prezident seçəcək. Yəni, həlak olan prezidentin varlığından asılı olmayaraq dövlətlərarası münasibətlərin inkişafı üçün hər cür şərait var. Başlamış bütün işlərin şəffaf və aydın olması regional, qlobal əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına da töhfə verər.


Etiketlər:  Qız Qalası qovşağının açılışı Azərbaycanla İran əlaqələrinin yeni dövrü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ