Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 08:12
Bakı. Trend:
Ölkəmizdə fəaliyyət göstərən hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-sərhəd buraxılış məntəqəsinə səfəri təşkil olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Biznes mühitinin əlverişliliyinin və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı”nı icrası çərçivəsində təşkil olunan tədbirdə Fransa-Azərbaycan və Alman-Azərbaycan xarici ticarət palatalarının üzvləri, Komitənin aidiyyəti strukturlarının rəhbərləri və mütəxəssisləri iştirak edib.
Tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizin davamlı inkişafı ilə bağlı müəyyən edilmiş siyasət və strategiyanı özünə rəhbər tutan gömrük orqanlarının dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaradılması, gömrük sisteminin təkmilləşdirilməsi məqsədilə atdığı addımlar barədə məlumat verilib. Bildirilib ki, davamlı olaraq həyata keçirilən islahatlar barəsində mütəmadi qaydada sahibkarların məlumatlandırılması, problemli məqamların müəyyən edilməsi və dayanıqlı həllərin işlənib hazırlanması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Daha sonra Astara gömrük-sərhəd buraxılış məntəqəsinin iş fəaliyyəti ilə tanış olan şirkət nümayəndələrinə sərhədkeçmə proseslərinin sürətləndirilməsi və avtomatlaşdırılması ilə bağlı görülən işlər əyani şəkildə nümayiş etdirilib, malların və nəqliyyat vasitələrinin qeydiyyatı, nəzarət prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin