Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2024 14:45
Prezident İlham Əliyev Hacıqabul Sənaye Parkının yaradılması və "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" sərəncamda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb.
Müəyyən edilib ki, Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;
Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir;
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər;
Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında" 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etməlidir.
İqtisadiyyat Nazirliyi üç ay müddətində Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyən etməli; bu fərmana uyğun olaraq Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər görməli; bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
"Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli sərəncamının 2-ci hissəsi ləğv edilib.