Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 10:42
ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza girmək üçün onu Rusiyanın boyunduruğundan çıxarmaq istəyir. Yəqin ki, ortada bir plan var, ona əsasən də mərhələli şəkildə Paşinyan hökumətini buna hazırlayır. Entoni Blinkenin müavinlərin bir-birinin arxasınca İrəvana səfərlərinin də səbəbi budur.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin arxasınca idarəetmə və resurslar üzrə müavin Riçard Vermanın İrəvana gözlənilən səfəri haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Qərbin Ermənistanı istifadə olunmağa hazır zəif bənd kimi seçdiklərini bildirib:
"Cənubi Qafqazda Azərbaycan xarici siyasəti artıq oturuşub. İlham Əliyevin Avropa Birliyinə üzvlük haqqında çıxışlarına, eyni zamanda üç ay əvvəl NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərə diqqət yetirsək, bunu daha aydın şəkildə görərik. Gürcüstan da müəyyən problemlərin yaşanmasına və təzyiqlərə baxmayaraq, balanslı xarici siyasət həyata keçirməyə çalışır. Amma bölgədə Rusiyaya qarşı istifadə etmək üçün ən münbit ölkə Ermənistandır. Birinci Dünya müharibəsi zamanı Osmanlıya qarşı alətə çevrilənlər indi Qərbin əlində Rusiyaya qarşı bir alətə və böyük güclər arasında şahmat taxtasına çevrilir. Paşinyanı arxayınlaşdırıb vəd verənlər Gürcüstanla bağlı da eyni şeyi etmişdilər. ABŞ-ın keçmiş prezidenti Corc Buşun Tiflisdəki rəqsi və sonra cərəyan edən hadisələr ən yeni tarixdir".
Alim atılan addımların Ermənistanı çox ağır nəticəyə sürüklədiyini vurğulayıb:
"Nə qədər yardımlar edilsə də, ABŞ regiondan çox uzaqda yerləşdiyi üçün hazırlanan planlar, yol xəritələri geosiyasi baxımdan uğur qazana bilməyəcək. Tək Ermənistanı yanına almaqla və Türkiyə ilə Azərbaycanın milli maraqları əleyhinə addımlar atmaqla burada qələbə qazanmaq, bölgəyə yerləşmək mümkün deyil. Paşinyanın KTMT-dən çıxmaqla bağlı bəyanatını da real hesab etmirəm. Çünki təşkilatı tərk etsə belə, İrəvanın dərhal NATO-ya üzv qəbul olunması ağlabatan məsələ deyil. Qarşımızda Gürcüstan, Ukrayna örnəyi var. Digər tərəfdən, Türkiyə NATO-nun ilk ən güclü beş üzvündən biri kimi veto hüququndan istifadə edə və bunu əngəlləyə bilər. Paşinyanın Qərbə inteqrasiya ilə bağlı qısa zaman kəsiyində atdığı kəskin addımlar çox ağır əks-nəticələr, reaksiyalar doğura bilər. Hətta Rusiyanın hərbi variantları nəzərdən keçirməsi də ehtimallar daxilindədir. Burada Moskvanın hərbi mövcudluğu məsələsi də gözardı edilməməlidir. Hamı hər şeyi görür və kimin kimə hansı direktivləri verdiyini başa düşür. Bir addım atarkən kimin yanında duracağını, hansı planının tərkib hissəsi olacağını və yerləşdiyin regionu, qonşularını unutmamalı, tarazlaşdırılmış fəaliyyət göstərməlisən. Dövlətlərarası münasibətdə bu mütləqdir, yoxsa ya arada, ya da ayaq altında qalmaqdan səni heç kim xilas etməyəcək".
Qeyd edək ki, ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli İdarəetmə Forumunda iştirak etmək və Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşmək üçün iyunun 17-19-da Ermənistanın paytaxtı İrəvanda səfərdə olacaq.
10-12 iyun tarixlərində isə Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen İrəvanda səfərdə idi.