Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 20:00
Bakı. Mətanət Nəsibova - Trend:
Regionlararası əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin vacib hissəsidir və bu baxımdan Moskvada keçirilən Rusiya-Azərbaycan regionlararası forumu bunun bariz nümunəsi və əlamətdar hadisədir.
Bunu Trend-ə rusiyalı ekspert Darya Qrevtsova deyib.
Ekspertin sözlərinə görə, bu irimiqyaslı tədbir iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini təsdiqləyir:
"Rusya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, hərbi və humanitar sahələrdə inkişaf edir. Azərbaycanın regionları ilə Rusiyanın 70-dən çox regionu sıx işləyir. Azərbaycanda Rusiyanın enerji korporasiyaları uğurla fəaliyyət göstərir. Avtomobilqayırma sahəsində əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar var. Nümunə kimi "KamAZ"ın işini göstərmək olar, bu istiqamətdə texniki yığılma və avtomobillərə xidmətlər göstərilir. "AvtoVAZ" Azərbaycanın bütün regionlarında "Lada" avtomobillərinin pərakəndə satışı üçün 40-dan çox şöbə yaradıb. Öz növbəsində azərbaycanlı investorlar Rusiyada kənd təsərrüfatı obyektlərinin tikintisində fəal iştirak edirlər. Rusiya və Azərbaycan birgə infrastruktur layihələri reallaşdırır. Xəzər dənizinin statusu barədə Konvensiyanın imzalanması da dövlətlərimiz arasında qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, ilk növbədə nəqliyyat, yük daşımaları, neft, qaz hasilatı, ekologiya və digər sahələrə aiddir. Turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir. Bir sözlə, Rusiya ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı etimada əsaslanan etibarlı strateji tərəfdaşlığı nəzərdə tutur. Rusiya haqlı olaraq Cənubi Qafqazda aparıcı strateji və ticari-iqtisadi tərəfdaş hesab olunan Azərbaycanla davamlı və sıx əməkdaşlıqda maraqlıdır".
D.Qrevtsova həmçinin təhlükəsizlik sahəsində hər iki ölkənin səmərəli əməkdaşlığını qeyd edib:
"Tərəflərin sıx əməkdaşlığı regionun təhlükəsizliyinə müsbət təsir göstərir. Azərbaycan strateji vacib Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş qismində beynəlxalq koordinatlar sistemində yüksək reytinqə malikdir. Şübhəsizdir ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyı altında aparılan dəqiq strategiya və düşünülmüş dövlət siyasəti sayəsində mümkün olub. Ona görə də Rusiya Azərbaycanla müttəfiqlik əlaqələrinin genişləndirilməsinə, hərbi-texniki əməkdaşlığın və çoxtərəfli dialoqun möhkəmlənməsinə hazır olduğunu bəyan edir ki, bu da əlbəttə, dövlətlərimizin maraqları çərçivəsindədir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin