Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzə Babayevin nəvəsi: ''Brilliant Dadaşova babamdan istifadə edirdi''

Mirzə Babayevin nəvəsi: ''Brilliant Dadaşova babamdan istifadə edirdi''

Tarix: 5 Avqust 2024 14:18

"Babam nənəmin "hə"sini almaq üçün düz dörd il onlara ayaq döyüb. Vermirmişlər. Şuşalı idilər. İmkanlı ailə olublar. Müğənni olduğuna görə babamı qeyri-ciddi adam hesab ediblər".

Sonxeber.net xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsi zamanı Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev deyib.

Həmin müsahibəni təqdim edirik:

- Emin bəy, babanız ailədə necə idi?

- Həddindən artıq ailəcanlı, ailə adamı olub bu adam. Biz bazarlıq nə olduğunu bilmirdik. Nə anam, nə bibilərim. Bazarlıq edəndə üç evə edirdi.

- Bildiyimə görə, siz oğul nəvəsisiniz...

- Bəli, mən oğul nəvəsiyəm. Bibimin iki övladı var, biz də iki uşaq olmuşuq. Mən və bacım. Ümumilikdə babamın dörd nəvəsi olub. Bibim qızı Kanadada yaşayır, bibim oğlu, mən və bacım isə burada. Mənə atamdan daha çox, babam tərbiyə verib. Çünki elə olub ki, uşaqlıqdan daim fasilələrlə kimsə onun evində yaşayıb. Bibim oğlu uşaqlıqdan evlənənə qədər orada yaşayıb, çünki bibimin yoldaşı qəzada rəhmətə gedib, o uşaq atasız böyüyürdü. Mirzə də onu götürüb, saxlayıb. Sonra mən institutda oxuyanda - 1990-cı illərin əvvəllərində o evdə yaşamağa başladım.

- Adətən, nənə-baba yanında böyüyən uşaqlar ərköyün olurlar. Valideynləriniz orada çox qalmağınıza narazılıq etmirdilər?

- Haqlısınız, atam icazə vermirdi. Deyirdi, sən orada qalsan, avaralanacaqsan, dərs oxumayacaqsan. Amma mən üzgüçülüklə məşğul olurdum. Valideynlərim istəyirdilər ki, mən Bədən Tərbiyəsi İnstitutuna girim. Yaxşı nəticə göstərirdim. Babam dedi ki: "Nə bədən tərbiyəsi? Mənim nəvəm idmançı-zad olmayacaq". O məni hüquqşünas görmək istəyirdi. Ancaq alınmadı. Çünki 1989-cu ildə oraya düşmək asan deyildi... O vaxt universitetin rektoru babama dedi ki, Mirzə, gəl bunu tarix fakültəsinə qoyaq, çünki hüquqa tələbat çoxdur. Birdən alınmaz. Beləcə, mən tarix fakültəsinə qəbul olundum.

- Mirzə müəllim mühafizəkar adam idi?

- Müəyyən mənada, hə. O vaxt bir müsahibəsi var idi. O videoyazı var məndə. Müxbir ona sual verir ki, sabah nəvələriniz ailə quranda siz nə dərəcədə iştirak edəcəksiniz? Babam cavab verir ki, mən bilmədən, öyrənmədən nəvəmi kiməsə verməyəcəyəm. Mən gərək bilim ki, onun ailəsi necədir, kimdirlər, nəçidirlər. Atası, anası kimdir. Belə ailəvi məsələlərdə mühafizəkar idi. Amma geyimə, müəyyən mənada yaşayış tərzinə qarşı müasir adamı idi. Məsələn, bacımın 22 yaşı olanda ona maşın almışdı.

- Yanında siqaret çəkə bilirdiniz?

- Yox. Heç atam da çəkmirdi. Babam 90 il yaşayıb. O, dünyasını dəyişəndən sonra atam da onun dalınca getdi. 2003-cü ildə babam rəhmətə getdi, 2005-ci ildə də atam. Atam öz atasının həsrətini çox çəkirdi. Çünki o, bizim hamımızı özünə bağlamışdı. Atamın 54 yaşı vardı. Babam onu yanından buraxmırdı. O, rəhmətə getməzdən əvvəl mən 31 yaşındaydım, amma məni də kənara qoymurdu. Çünki babam öz ailəsində də bunu görmüşdü. Onlar yeddi qardaş olublar. İçərişəhərli, ağşalvarlılardan idilər. Bizim ulu babamızın evi durur hələ də İçərişəhərdə. Babamın kiçik qardaşının qızı yaşayır indi orada. Xanlarovun evi var. Yəqin, eşitmisiniz, böyük nəsildir. Babamın anası Xanlarovlar nəslindəndir. Babamın ata tərəfi Şamaxıdan gəlmə və alicənab nəsil idi.

- Nənəniz çoxdan rəhmətə gedib, bildiyimə görə.

- Nənəm 1997-ci ildə rəhmətə gedib. Nənəmdən altı il sonra Mirzə müəllim dünyasını dəyişib. Sizi inandırıram ki, həmin altı ildə elə həftə olmadı ki, babam o qəbiristana, nənəmin məzarına getməsin. Mənə zəng edirdi ki, axşam işdən bir az tez çıx, gəl, məni götür gedək. Sizə bir detal deyim. Konsertdə ona gül verirdilər, o gülü dərhal aparıb nənəmin məzarına qoyurdu. İndi də bizdə o ənənə qalıb. Təkcə anım günlərində yox, bayramlarda da gedirik. Hamısının məzarı yanbayandır. Bir dənə babam İkinci Fəxri xiyabandadır.

- Nənəniz dünyasını dəyişəndən sonra, yəqin ki, onun həyatında dəyişiklər oldu...

- Çox darıxırdı onun üçün. Amma həyatı o qədər da dəyişmədi. Çünki bacım köçmüşdü oraya, vəfatına qədər babamla yaşadı. Ancaq yenə də bütün ev işləri onun üzərində idi. Nənəm sağlığında siqaret çəkən olub. Yadıma gəlir, o, həmişə televizorun qarşısında oturub siqaret çəkirdi. Çox, həddindən artıq çox çəkirdi.

- Gəncliyindən çəkirdi, yoxsa yaşlaşandan sonra?

- Dediyinə görə, 45 yaşdan sonra başlamışdı. Babam nənəmin "hə"sini almaq üçün düz dörd il onlara ayaq döyüb. Vermirmişlər. Şuşalı idilər. İmkanlı ailə olublar. Müğənni olduğuna görə babamı qeyri-ciddi adam hesab ediblər. Onlara deyiblər ki, Rübabə, Şövkət Mirzəyə qibtə edirlər, siz qızınızı vermirsiniz.

- Mirzə Babayev siqaret çəkirdi?

- Çox çəkmirdi. Bax, indi mən də elə çəkirəm. Məsələn, hansısa məclisdə 50 qram içib, ardınca bir siqaret çəkə bilərdi. Amma cibində qutu gəzdirmirdi. Hər şeydə normasını bilirdi, həddi aşmırdı.

- Mirzə Babayevin elə bir dövrü olub ki, çox məşhur olub, filmlərə çəkilib. Yaşlanandan sonra sanki bir qədər geri çəkildi. Hətta deyirdilər ki, onu sonradan Brilliant Dadaşova "Kinoklub" verilişində efirə çıxartdı.

- Brilliantla elə bu sözlərinin üstündə mübahisəm olub. Çünki kimsə ona belə qalmaqallı sual vermişdi, o da təxminən, cavabı siz deyən kimi təsdiqləmişdi. Ancaq hamı bilir ki, Mirzə Babayevə həmişə tələbat olub. Əksinə, mən sizə deyim, 1990-cı illərdə Brilliant veriliş aparanda özü, belə deyək də, babamdan yapışmışdı. Çünki o vaxt verilişin reytinqini qaldırmağa çalışırdı. Yəni əksinə, o, Mirzə Babayevdən öz məqsədləri üçün istifadə edirdi. Ancaq müəyyən mənada sizin sualınızda da haqlı məqam var. Babamın karyerasının bir dövründə boşluq olub. Bu da daha çox SSRİ-nin dağılması ilə bağlı idi. Lakin yaradıcı böhran olmayıb.

- Kənardan Brilliant xanımı çox istədiyi hiss olunurdu. Münasibətləri necə idi?

- Son illər danışmırdılar. Hətta Brilliant xanım babamın yasına gəlməmişdi.

- Səbəb nə idi?

- Babam hisslərini səmimi şəkildə ifadə edirdi. Sevəndə də səmimi sevirdi, söyəndə də. Ola bilsin ki, aralarında nəsə olmuşdu. Nəvələrinin içində ən şuluq mən olmuşam. Deyirdi ki, çıx get buradan, mənim belə nəvəm yoxdur. Bir neçə gün sonra heç nə olmamış kimi zəng edirdi ki, neyləyirsən, axşam gəl, filan yerə gedək. Pisliyi içində saxlamırdı. Mən bilirəm, onların arasındakı mübahisə nəyin üstündə olub. Hansısa kanaldan çəkilişə çağırıblar. Babamın da fonoqram oxumaqdan zəhləsi gedirdi. Ancaq həmin gün nəsə problem olub, musiqiçi olmayıb. Mirzə müəllim də Brillianta zəng edib, deyib, musiqiçin, qarmonçalan Ənvərə de, mənimlə gəlsin, canlı musiqilər ifa edim. Brilliant da deyib ki, Ənvər mənə lazımdır, biz axşam toya gedirik. O da inciyib Brilliantdan.

- Bu inciklikdən nə qədər sonra rəhmətə getdi?

- Haradasa üç-dörd il sonra. Bu illər ərzində də onlar danışmayıblar. Bu yaxınlarda, İctimai TV-də Mirzə Babayevə həsr olunmuş bir veriliş yayımlandı, orada mən Brilliant xanımla görüşdüm. Yaxınlaşıb məndən üzrxahlıq etdi.

- Yasına gələ bilmədiyinə görə?

- Xeyr. O elə bilmişdi ki, mən bibimin oğlu Ülviyəm. Brilliant Ülvinin toyunda oxuyub. Onda yaxınlaşdı mənə, dedi ki, çox üzr istəyirəm, adınız yadımdan çıxdı, sizin toyunuzda oxumuşam, o kaseti mənə verə bilərsiniz? Dedim ki, siz məni Ülvi ilə səhv salmısınız.

- Məşhur insanların övladları istəyirlər ki, sırf "Vikipediya" məlumatları yayılsın. Halbuki, bu adamlar həm də şəxsiyyət olublar.

- Bilirsiniz, mənim şəxsi düşüncəmə görə, Mirzə Babayev layiqincə qiymətləndirilməyib. Bunun səbəblərindən biri də onun həddindən artıq əlçatan adam olması idi. Məsələn, siz Rəşid Behbudovun, Zeynəb Xanlarovanın bazarda, avtobusda-filan göründüyünü eşitmisiniz? Əlbəttə, yox. Ancaq bu adam belə adam idi. Minirdi avtobusa, orada insanlarla söhbət edirdi. Çox sadə adam olub. Siz təsəvvür edin, adam gəlir bundan müsahibə almağa, bu da cırıq ev paltarında qapını açır. Xanım gələndə yenə geyiminə əl gəzdirirdi. Amma kişi gələndə şort geyinib otururdu. Evə qadın gəldiyini biləndə mütləq hazırlıq görərdi. Qalstuk isə həmişə üstündə olardı. Öyrəşmişdi. Xüsusən də, kəpənək qalstuk taxmağı sevərdi. 100-ə qədər qalstuku var idi. Hamısını saxlamışam.

- Özünə baxan adam idi?

- Babam rəhmətə gedəndə rəhmətlik Heydər Əliyevə onun ölümü barədə məruzə ediblər. Onun barəsində danışanda H.Əliyev deyib ki, 1940-cı illərdə Mirzə çox populyar idi. Elə geyinirdi ki, biz ona baxıb heyran olurduq.

- Xanımlara münasibəti necə idi? Sevgi macəraları olubmu?

- Mən əminəm ki, olub. Ancaq heç vaxt danışmayıb. Çünki yoldaşına çox hörmət edirdi. Nənəm həddindən artıq qısqanc qadın idi. Nənəm tez qocalmışdı, yetmiş beş yaşdan sonra evdən çölə çıxmırdı. Amma ayda bir dəfə mən onu salona aparırdım. Mütləq manikür-pedikür olmalı idi. Babam da zarafatyana deyirdi ki, kimin üçün edirsən, onsuz da, səni görən yoxdur. Mən hələ uşaq olanda bir də görürdüm ki, dalaşdılar. Kişi çox populyar insan idi. 1960-cı illərdə bütün SSRİ-ni gəzmişdi. Şərq ölkələrinə də gedirdi. Bu məşhurluğun içərisində qadın mövzuları və qısqanclıq qaçılmaz idi.

- Mirzə müəllim hündürboy idi?

- Yox, boyu 173 sm idi.

- O, ifası zamanı artistik hərəkətləri edirdi. Bu ona problemlər yaradırdı?

- Ona 1960-70-ci illərdə qadağa qoyulmuşdu. "Xalq artisti" adını da ona görə gec vermişdilər. 1957-ci ildə "Əməkdar", 1992-ci ilin mayında "Xalq artisti" adı alıb. Onu dövlət tədbirlərinə çağırmırdılar.

- Nə ilə bağlı idi?

- Səhnədə özünü çox sərbəst apardığına görə. O vaxtlar estrada ifaçılarının iki-üç səhnə duruşu vardı. Bu, Rəşid Behbudovdan tutmuş Bülbülə qədər hamısına aid idi. Bircə Mirzə Babayev qoyulan həmin qaydalara tabe olmurdu. Ancaq "Xalq artisti" adının verilməməsi ona çox pis təsir edirdi.

- Tərs, inadkar adam idi?

- Yox. Bizə qarşı tələbkar idi, özünə qarşı yox. Səhnədə necə idisə, həyatda da elə idi. Deyirdi ki, həyatda artistlik eləmək doğru deyil. O heç vaxt peşəkar şəkildə öz üzərində işləməyib. Anadangəlmə istedadı olub. Konservatoriyaya girib, o da sırf inzibati məsələlərə görə. Heç o da ona lazım deyildi. Özü də deyirdi ki, orada aldığı təhsil ona heç nə verməyib. Memarlıq təhsili də vardı. Ağdam Musiqi Teatrı memar kimi Mirzə Babayevin layihəsi idi.

- "Vətən" kinoteatrı da onun layihəsi idi?

- Bəli.

- Deyilənə görə, bir dəfə Şövkət Ələkbərova evdə əyləşib Mirzə Babayevə qulaq asırmış. Birdən qayıdıb ki, Mirzənin səsi güclü olmasa da, görün necə ürəkdən oxuyur?!

- Onun da, Şövkətin də çox kiçik diapazonu var idi, Floradan fərqli olaraq. Emin Sabitoğlu o vaxt demişdi ki, Mirzənin səsində şirin bir duz, qəribə bir xırıltı var. O xırıltı ani məqamda keçirdi mülayim oktavaya. Sözə, mətnə xüsusi önəm verirdi. Mahnıda birinci mətn, sonra musiqi gəlirdi onun üçün.

- Ona görə də onun mahnı mətnləri çox dolğundur.

- Bəxtiyar Vahabzadə deyirdi ki, mənim mətnlərimi heç kim Mirzə kimi dinləyiciyə çatdıra bilmir.

- Deyirsiniz ki, dəyər vermirdilər. Ancaq aktyor olmamağına baxmayaraq, onu nə qədər filmə çəkmişdilər. Heç aktyorlar o qədər filmə çəkilmirdilər.

- Bu günə qədər onun çəkildiyi filmlərin dəqiq sayını bilmirəm. Özü deyirdi ki, 32 filmə çəkilib. Vəfatından sonra saydım, gördüm 38-dir. Sonra getdikcə təzə filmləri çıxırdı. Elə filmlər var, SSRİ məkanında müxtəlif kinostudiyalarda çəkilib, biz hələ heç baxmamışıq. Misal üçün, Canni Rodarinin əsəri əsasında çəkilən "Sehrli səs Celsomino" filmi. Hər halda, 38 film az deyil.

- Qiymət verilməməyini nə mənada deyirsiniz?

- Partiyanın dediklərini eləsəydi, ona münasibət tamamilə fərqli olacaqdı. Sadə adamları təhlükə kimi görürdülər. Mən axırıncı dəfə Birinci Fəxri xiyabanda 2002-ci ildə olmuşam. Mikayıl Abdullayev rəhmətə gedəndə Mirzə dedi ki, gəl bir az gəzək. Dostlarının çoxu orada idi. Gəzirdi, fikrə dalırdı.

- Mirzə deyirdiniz?

- Yox. "Deda" deyirdik. Russayağı. Zarafatca dedim ki, sən öləndə harada yer verəcəklər? Çünki ancaq yola yaxın boş yerlər qalmışdı. Dedi, bilinmir, hələ məni burada basdıracaqlar, yoxsa yox. Elə bil hiss edirdi. Sağlığında özünə münasibəti görürdü. Elə də oldu. Babam rəhmətə gedəndə qohumlara dedim, kişini aparıb qardaşlarının yanında basdıraq. Mən hiss edirdim ki, babam da öz yerini qardaşlarının dəfn olunduğu məzarlıqda görür. Mən yaşadığım küçə 70 il Xanlar adını daşıyıb. Xanlar da Stalinin silahdaşı olub. "Baksovet"ə ərizə yazmışdım ki, yaşadığım küçə 70 ildən çoxdur ki, hansısa inqilabçının adını daşıyır. Dəyişdirin, olsun Mirzə Babayev. Bu gün də nəvəsi orada yaşayır. O məktubdan sonra küçənin adını dəyişdilər, ancaq babamın adını vermədilər.

- Pul qazanan adam idi?

- Bəli. Babamın digər təhsili memarlıq idi. O vaxt yaxşı pul qazanırdı. Rəsmi qonorar alırdı, Yeni il şənliklərinə gedirdi. Bir şənliyə görə ona 50 manat qonorar yazırdılar. Bir gündə üç-dörd şənliyə gedirdi. Elə gün olurdu, 200 manat pul qazanırdı. Hamısını da qoyurdu "knijka"ya. 1991-ci ildə, az qaldı, onu infarkt vursun. Banklarda 50 000, 60 000 pulu batdı. Düzdür, biz yaxşı yaşayırdıq. Məsələn, mən ikinci kursda oxuyanda mənə maşın almışdı. Sonradan öyrəndik ki, qazancı ilə xərci arasında böyük fərq var imiş. Qazandığı pullarla beş-altı ev ala bilərdi.

- Evinizə kimlər gedib-gəlirdilər? Evdə məclis qurmağı sevirdimi?

- Mən görməmişəm. Ola bilsin, mənə qədər olub. Qıraqda ola bilərdi. Çünki evdə mühafizəkar idi. Heç vaxt qoymazdı ki, arvadının yanında hansısa yad kişi dəm olsun. Ən yaxın dostları Tofiq Quliyevlə Emin Sabitoğlu idi. Mənim adım Emin Sabitoğlunun şərəfinə qoyulmuşdu. İstəyirdi, atasının adını qoysun: Əbdülcabbar. Anam deyib ki, köhnə addır. Həmin vaxt da Eminlə hansısa mahnı üzərində işləyirdilər. Dedi ki, onda Emin olsun.

- İçirdi?

- İçirdi, amma sərxoş olmurdu. Özünə qoyduğu hədd var idi. Atam sərxoş olurdu, amma babam yox.

- Həm rəssam idi, həm memar. Aktyorluq, müğənnilik. Bunları necə özündə cəmləşdirə bilirdi?

- Ondan başlayaq ki, onlar ayrı-ayrı dövrləri əhatə edir. 1950-ci illərin ortalarına qədər rəsm çəkirdi. Sonradan çəkməyib. Rəsmlərin hamısı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindədir. 27 dənə böyük rəsmi var. Həmin muzeyinin daxili tərtibatı Mirzə Babayevə məxsusdur. 1930-cu illərə qədər ora mehmanxana olub. 1936-cı ildə qərar verdilər ki, orada muzey olacaq.

- Bir dəfə demişdi ki, Faiq Ağayev müğənni deyil. Bu mənada kimləri müğənni, xanəndə hesab edirdi?

- Təzələrdən heç kimi. Azərin səsini tərifləyirdi. Deyirdi, o elə opera oxusa, yaxşıdır.

- Toylara gedirdi?

- Ancaq tanışların toylarına. Özü deyir, mən toylara getməmişəm. Sadəcə, toy müğənnisi olmadığını göstərmək istəyirdi. Amma bu, o demək deyil ki, heç vaxt getmirdi. Məsələn, Emin Sabitoğlunun Xədicə ilə yox, birinci arvadı ilə olan toyunu o etmişdi. Tofiq Kazımovun iki qızının da toyunda o oxuyub. Ancaq sifarişlə toya getməyib.

- O, 1913-cü il təvəllüddür, eləmi?

- Bəli. O, son illərində böyük səbirsizliklə 90 illiyini gözləyirdi. Bir gün mənə zəng etdi ki, gəl, ərizə yaz, mən istəyirəm, Heydər Əliyevlə görüşüm. Tofiq Quliyevin 75 illiyi sarayda təntənə ilə keçirilmişdi. Heydər Əliyev səhnəyə çıxmışdı. Orada Heydər Əliyev dostcasına əlini qoyub babamın çiyninə. O da onda inam yaratmışdı. Səbəbini soruşanda nəsə demədi, ancaq ömrünün sonuna az qaldığını hiss etmişdi.

- Mirzə müəllim böyük Vətən müharibəsində də iştirak edib?

- Edib, ancaq birbaşa döyüş meydanında olmayıb. Üç-dörd ay Rostovda qulluq edib, iki medalı var. Son vaxtlarında isə hansısa təmir emalatxanasının rəisi olub. Sovet İttifaqına sadiq adam olub. Ad verilməməsinə də buna görə xiffət edirdi. O vaxt fəxri ad sənətkara verilən qiymət idi.

- Çəkildiyi filmlərdə hansı rolu xoşuna gəlirdi?

- Nə öz filminə baxırdı, nə də mahnılarına qulaq asırdı. Ancaq yemək bişirəndə öz mahnılarını fitlə səsləndirirdi. Xörəyi də heç kimə etibar eləmirdi. Nənəm sağ olanda da özü bişirirdi.

- Son günlərini necə xatırlayırsınız? Yanında idiniz?

- Ömrünün son illəri, elə əvvəllər də, günüm onunla keçib. Amma son günlər ona sürücülük edirdim. Özü sürürdü, amma biz qoymurduq. Dərdini bölüşməyi xoşlamırdı. Bizə də deyərdi ki, sizdən halınızı soruşanda həmişə deyin, yaxşıyam. Hətta işləriniz lap pis də olsa, hiss etdirməyin. O, bütün ağrılarını nəğmələrində ifadə etməyə çalışırdı. Məncə də, bu onda gözəl alınırdı. Babamın özündən xəbərsiz çəkilən şəkilləri var. Nə qədər gizlətməyə çalışsa da, şəkillərə baxanda görürsən ki, əslində, bu adamın dərdi çox olub. Amma heç vaxt problemlərini dilinə gətirməyib. Bu mənada Mirzə Babayev yadımda mənəvi cəhətdən möhkəm, xarakterli adam kimi qalıb.

Ölümündən üç saat qabaq yanında olmuşam. Amma ondan iki il əvvəl xəstələnmişdi. İsti günlərdən birində balıq yeyib, sonra özünü pis hiss edib. Elə səhnədəcə yıxılıb. Ağzından qan gəlib. Bu hadisə olub 2001-ci ildə. Həmin gün mənə zəng etdilər ki, tez gəl, baban yıxılıb. Gəldim ki, qan içindədir. Həmin hadisəni bütün qəzetlər yazmışdı, ictimai diqqət yaranmışdı. 2003-cü il yanvarın 6-da mənə dedi, qarnım sancılanır, apardıq xəstəxanaya. Xəstəxanada həkimlər qan analizi götürdülər. Dedilər ki, böyrək qanı yaxşı təmizləmir. Gərək yatsın burada. Heç çoxunun xəbəri yox idi. Məncə, birinci dəfəki kimi diqqət olsaydı, ölməzdi. Yanvarın 13-də dünyasını dəyişdi.

Birinci hadisədən sonra inanmırdıq. Tibb bacısı deyirdi ki, axırıncı dəfə əlimdən tutdu, "Kəpənəy"i oxudu. Dedi, mən buradan çıxandan sonra gələrsən evimə. Günorta əmimlə onun yanına getdik. Dedi, sənsən, Teymur? Məni atamla səhv salırdı. Sonra mənə dedi ki, mənə nəsə olsa, pul döşəyin altındadır. Dedim, heç nə olmayacaq, evə qayıdanda pulunu da götürərsən. Amma elə oldu ki, evinə heç vaxt qayıtmadı...


Etiketlər:  Mirzə Babayevin nəvəsi Brilliant Dadaşova babamdan istifadə edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ