Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 15:39
Bakı. Rufiz Hafizoğlu - Trend:
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi lap əvvəldən Türkiyə və Azərbaycan üçün prioritet olub.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Nazirlikdən bildiriblər ki, TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək:
“TANAP təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də Avropa üçün vacibdir, çünki məhz bu layihə sayəsində Xəzər hövzəsindən ilk dəfə təbii qaz Avropa bazarlarına daxil olacaq”.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin