Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 11:38
"Hər baş məşqçinin oyun stili var. Hansısa oyundan sonra Qriqorçuk açıqlama vermişdi ki, Emin Mahmudov meydançada mənim sözlərimə əməl etmir. Amma Emin Mahmudov yaxşı futbolçudur".
Sonxeber.net xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında futbol mütəxəssisi, 1990-cı illərdə "Neftçi"nin kapitanı olmuş Yunis Hüseynov deyib. O, "Neftçi"nin Emin Mahmudovdan kapitanlıq sarğısını alması haqda danışıb.
Komandanın baş məşqçisi Roman Qriqorçuk yarımmüdafiəçinin meydanda onun sözlərinə əməl etmədiyini bildirib. O, futbolçunu kapitanlıqdan məhrum edib. Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"la derbiyə komandanı kapitan kimi Ramil Şeydayev çıxarıb.
Yunis Hüseynov isə bu qərarın yanlış olduğunu bildirib: "Emin həm milli komandanın, həm "Neftçi"nin kapitanıdır. Uzun illərdir, "Neftçi"yə kapitanlıq edir və, deyərdim ki, hər çıxdığı oyunda canla-başla oynayan futbolçudur. Ola bilər ki, oyunu alınmasın. Amma Emin Mahmudov "Neftçi"yə sadiq futbolçudur. Hər çıxdığı oyunda var gücü ilə oynayıb. Mənə elə gəlir ki, ondan kapitanlığı almaq düzgün hərəkət deyil. Əgər baş məşqçi onu heyətə qoymursa, o başqa şeydir. Oyunçu zəif oynayırsa, heyətə qoymaya bilərsən. Amma kapitanlığı əldən almaq deməkdir ki, mən səni komandada görmək istəmirəm. Bu da əlbəttə ki, o biri futbolçulara təsir edə bilər. O biri futbolçular da düşünə bilərlər ki, kapitanla belə rəftar edirlər".
Mütəxəssis bu qərarın komandada daxili problem yarada biləcəyini vurğulayıb: "Mənə elə gəlir ki, Emin Mahmudova qarşı belə hərəkət etməməli idilər. Nə qədər zəif oynasa belə, komandanın kapitanı idi. Komandanı yığa bilən bir oyunçudur. Ona görə də kapitanlığı çıxarmaq düzgün olmadı. Heyətə qoymamaqları baş məşqçidən asılıdır. Futbolçu zəif oynayanda kimliyindən asılı olmayaraq heyətə buraxılmaya bilər, uzaqlaşdırıla bilər. Amma kapitanlığı çıxarmaq, fikrimcə, səhv idi. Kapitanlığı çıxarmaq artıq "mən səni" istəmirəm deməkdir. Düşünürəm ki, komandada daxili problem yarana bilər. Kapitan təcrübəli, futbolçular arasında hörməti olan, sözükeçən futbolçu olur. Onu da kapitanlıqdan çıxarandan sonra yüz faiz deyə bilərəm ki, komanda daxilində söz-söhbət olur. Mümkün deyil ki, olmasın. Ona görə, mənə elə gəlir ki, Qriqorçukun ən böyük səhvi Emin Mahmudovu kapitanlıqdan çıxarmağı oldu.