Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi açıqlandı

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın məqsədi açıqlandı

Tarix: 10 Oktyabr 2024 20:30

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın məqsədi və prioritet istiqamətləri açıqlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da əksini tapıb.

Milli Strategiyanın hazırlanmasında əsas məqsəd ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır.

Bununla əlaqədar olaraq aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi

Ölkənin su ehtiyatları hidroloji və hidrogeoloji tədqiqatlarla yenidən qiymətləndiriləcək, monitorinq stansiyaları rəqəmsallaşdırılacaq, məlumatların real vaxt rejimində emalı, habelə risklərin simulyasiyası və rəqəmsallaşması təmin ediləcəkdir. Bununla ölkənin su ehtiyatları barədə real təsəvvür formalaşacaq, iqlim dəyişmələrinin təsirləri nəzərə alınaraq dayanıqlı su mənbələrindən istifadəyə zəmin yaradılacaqdır.

Su ehtiyatlarının effektiv idarə edilməsi

Su ehtiyatlarının idarə olunması milli və hövzə səviyyələrində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi (SEİİE) və Çay Hövzəsinin İdarəçiliyinin Planlaşdırılması (ÇHİP) prinsiplərinə uyğunlaşdırılacaqdır. Azərbaycanda hazırkı su idarəçiliyi sistemində SEİİE prinsiplərini daha yaxşı əks etdirmək üçün beynəlxalq təcrübə öyrəniləcəkdir. Mövcud idarəetmə sistemi ölkədə su təsərrüfatları və su hövzələri səviyyələrində optimallaşdırılacaq, dövlət−özəl tərəfdaşlığının inkişaf etdirilməsi sayəsində idarəetmənin səmərəliliyi artırılacaq, sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşu nəzərə alınmaqla tariflər diferensiallaşdırılacaqdır. Su ehtiyatlarının hövzədaxili və hövzələrarası inteqrasiyalı idarə edilməsinə nail olunacaqdır.

Su ehtiyatlarından səmərəli istifadə

Suların dövlət uçotu sistemi təkmilləşdiriləcək və qanunsuz müdaxilələrin qarşısı alınacaqdır. Müasir suvarma üsullarının tətbiqi genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılacaqdır. Şirin su ehtiyatlarının artırılması məqsədilə 4 yeni su anbarı yaradılacaq, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatı 85 faizə, suvarma suyu təminatı isə 90 faizə çatdırılacaq, alternativ su mənbələrindən istifadə təşviq ediləcək, sayğaclaşma səviyyəsinin 100 faizə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılmasına nail olunacaqdır. Sanitariya xidmətləri ilə əhatə olunan ərazilərin xüsusi çəkisi 43 faizə çatdırılacaqdır.

Su təhlükəsizliyinin təmin edilməsi

Su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək və onların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək, sərhədlərarası razılaşdırılmış fəaliyyətlər vasitəsilə su hövzələri boyunca su ehtiyatlarının inteqrasiyalı idarə olunması inkişaf etdiriləcəkdir. Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan səmərəli istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin həlli məqsədilə qarşılıqlı əməkdaşlıq gücləndiriləcək, formalaşan tullantı sularının effektiv 10 idarə olunması sayəsində ekoloji tarazlıq qorunacaq, iqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab verməklə hidroekoloji böhranlar idarə ediləcəkdir. Transsərhəd suların idarə edilməsinə dair beynəlxalq konvensiyaların tələblərinə effektiv riayət olunmasına, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlığına mənfi təsir göstərən məsələlərə beynəlxalq normalar çərçivəsində baxılmasına nail olunacaqdır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su" sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir. 28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır. Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcəkdir. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir.


Etiketlər:  ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın məqsədi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ