Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 12:27
BRİCS-in Kazan şəhərində baş tutacaq sammiti yaxınlaşdıqca, tədbirin əhəmiyyəti və gözləntiləri ilə bağlı suallar artmaqdadır. Əsas diqqət çəkən məsələlərdən biri isə Türkiyənin bu blokda hansı statusla təmsil olunacağı və onun potensial genişlənməyə münasibətidir. Sammitin gündəliyinə BRİCS-ə yeni üzvlərin qəbul olunması, vahid qlobal ödəniş sistemi və ya ortaq valyutanın yaradılması məsələlərinin daxil edilməsi də gözlənilir. Eyni zamanda, Vladimir Putinlə Çin lideri Si Cinpin, habelə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq ikitərəfli görüşlər də xüsusi maraq doğurur.
BRICS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu beynəlxalq iqtisadi və siyasi ittifaqdır. Təşkilatın adı üzv ölkələrin adlarının baş hərflərindən yaranıb. Bu ittifaq 2006-cı ildə yaradılıb və 2010-cu ildə Cənubi Afrikanın qoşulması ilə hazırkı tərkibini alıb.
Təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası üzvdürlər.
Qurumun məqsədləri qlobal iqtisadi və siyasi sistemdə daha ədalətli nizam yaratmaq, inkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq, Qərb hegemoniyasına qarşı iqtisadi balans yaratmaq, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrini genişləndirmək, alternativ maliyyə institutları və ödəniş sistemləri inkişaf etdirməkdir.
BRİCS-də hər il üzv dövlətlərin liderlərinin iştirakı ilə sammitlər təşkil olunur, üzvlər arasında iqtisadi əməkdaşlıq, infrastruktur layihələri, ticarət və enerji sahələrində tərəfdaşlıq qurulur, BRICS Yeni İnkişaf Bankı vasitəsilə inkişaf layihələri maliyyələşdirilir, alternativ ödəniş sistemləri üzərində işlər aparılır və valyuta ehtiyatlarının diversifikasiyası təşviq edilir.
BRICS dünya əhalisinin təxminən 40%-ni, qlobal ÜDM-in isə 25%-ni təmsil edir. İttifaq qlobal problemlərin həllində və yeni dünya nizamının formalaşmasında aktiv rol oynayır.
BRİCS-in Kazan sammiti: gözləntilər və rəqəmlər
Sammit 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək və tədbirdə BMT baş katibi Antonio Quterreşin, həmçinin, BRİCS üzvü olan ölkələrin dövlət başçılarının iştirakı gözlənilir. Bununla belə, Səudiyyə Ərəbistanının təmsilçiliyinə dair hələ də aydınlıq yoxdur.
Rusiya rəsmiləri 38 dövlətə dəvət göndərildiyini və artıq 32 ölkənin iştirakını təsdiqlədiyini açıqlayıblar. Onlardan 24-ü prezident səviyyəsində, 8-i isə nazirlər və digər yüksək səviyyəli rəsmilər tərəfindən təmsil olunacaq. İştirakçılar siyahısının tədbir başlayana qədər daha da genişlənməsi mümkündür.
Hazırda BRİCS-ə üzv olan ölkələr sırasında Rusiya, Çin, Hindistan, Braziliya, Misir, İran, BƏƏ, Efiopiya, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanı yer alır. Bu il Azərbaycan, Türkiyə, Malayziya, Suriya və Kuba da üzvlüyə müraciət edib. Bundan əlavə, 30-dan çox ölkə fərqli formatlarda BRİCS-lə əməkdaşlıqda maraqlıdır.
Türkiyə və BRİCS: Gələcək inteqrasiyanın ilkin düzəni?
Sammitin əsas müzakirə mövzularından biri Türkiyənin BRİCS-də hansı statusla təmsil olunacağıdır. Türkiyənin tamhüquqlu üzv olacağı, yoxsa tərəfdaş statusunda çıxış edəcəyi barədə ziddiyyətli məlumatlar var. Rusiya rəsmiləri əvvəlcə Türkiyənin tamhüquqlu üzvlüyünün müzakirə ediləcəyini bildirmişdi, lakin sonradan tərəfdaşlıq formatının daha real olduğunu vurğulayıblar. Bu isə Türkiyənin BRİCS daxilindəki roluna dair sualları açıq saxlayır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, BRİCS-in hazırkı üzvləri blokun tələsik genişlənməsini məqbul saymırlar və birlik yeni üzvlərin qəbulu ilə bağlı qərarları ehtiyatla qəbul edir. Ancaq "ölkə-tərəfdaş" modeli üzvlük yolunda daha praktik bir addım kimi təqdim olunur. Bununla yanaşı, bəzi üzv ölkələr daha çox ölkənin tamhüquqlu üzv kimi qəbul edilməsini dəstəkləyir.
Türkiyənin BRİCS-ə üzvlük səyləri ilə yanaşı, onun ASEAN-a (Cənub-Şərqi Asiya Millətlər Assosiasiyası) inteqrasiya istəyi də diqqət mərkəzindədir. Ərdoğanın sözlərinə görə, Türkiyə yalnız NATO-ya üzv olmaqla kifayətlənməməli, ticarət və iqtisadi inkişaf imkanlarını artırmaq üçün müxtəlif bloklarla əməkdaşlıq etməlidir. O, BRİCS və ASEAN-ın üzvlüyünün Türkiyənin regional və qlobal siyasətində "hesablamaları dəyişdirəcəyini" bəyan edib.
Yeni qlobal maliyyə arxitekturası: birgə valyuta məsələsi
BRİCS-in genişlənmə perspektivlərindən əlavə, sammitin digər mühüm müzakirə mövzusu qlobal ödəniş sisteminin yaradılması və ya ortaq valyutanın təsis edilməsidir. Belə bir valyuta dolların hegemoniyasına alternativ yaradaraq, BRİCS-ə üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirə bilər. Türkiyə də bu müzakirələri diqqətlə izləyir, çünki onun iqtisadiyyatı hələ də ABŞ dollarına və Qərb maliyyə sisteminə bağlıdır.
Son illərdə Rusiya-Ukrayna münaqişəsi, İsrailin Qəzza bölgəsindəki hərbi əməliyyatları və Qırmızı dənizdəki gərginliklər qlobal ticarət yollarına mənfi təsir göstərmişdir. Belə bir şəraitdə Türkiyə iqtisadi və siyasi əlaqələrini diversifikasiya etmək və Avropa İttifaqı ilə əlaqələrdən kənarda alternativ bazarlar və tərəfdaşlar tapmaq məcburiyyətindədir.
Qərbə rəqib yox, tərəfdaş
Türkiyənin BRİCS-ə üzvlük marağı onun Qərblə, xüsusən də ABŞ ilə münasibətlərindəki dəyişikliklərin işığında da dəyərləndirilməlidir. Ankara və Vaşinqton arasında münasibətlərin gərginləşməsi, İsrail-Fələstin münaqişəsi ilə bağlı fərqli mövqelər bu ziddiyyətləri daha da dərinləşdirir. Türkiyə Xarici İşlər naziri Hakan Fidan ABŞ siyasətinin sionizm təsiri altında olduğunu vurğulayıb və bunun ikitərəfli münasibətlərə mənfi təsir etdiyini bildirib.
Türkiyənin BRİCS və ASEAN-la əməkdaşlıqda aktivliyi, həmçinin, Avropa İttifaqına üzv olma prosesinə təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Aİ uzun illərdir Türkiyəni üzvlük prosesində qeyri-müəyyənlikdə saxlayır, və bu, Ankaranı yeni tərəfdaşlıqlar axtarmağa sövq edir.
Kazan sammitinin geosiyasi önəmi
Kazan sammitində BRİCS-in uğuru Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını göstərə bilər. Tədbirdə Putin, Si Cinpin və Ərdoğan kimi liderlərin təkbətək görüşləri, rəsmi müzakirələrdən daha çox əhəmiyyət kəsb edə bilər. BRİCS-in əsas üzvlərinin, xüsusilə Çin və İranın sammitdə iştirakı, Qərbə və ABŞ-yə qlobal cənubun birliyini nümayiş etdirmək üçün önəmli bir siqnaldır.
Bundan əlavə, Qərb ölkələrinin bəzi iştirakçı dövlətlərə qarşı təzyiqlərinə baxmayaraq, sammitin geniş təmsilçiliyi BRİCS-in artan nüfuzunun göstəricisi kimi çıxış edir. Guterreş və digər beynəlxalq liderlərin iştirakı da bu nüfuzu daha da gücləndirir.
BRİCS-in Kazanda keçiriləcək sammiti həm təşkilatın gələcək istiqamətini, həm də qlobal iqtisadi və siyasi arenada dəyişikliklərin mümkün trayektoriyasını müəyyən edəcək. Türkiyənin BRİCS-ə inteqrasiyası məsələsi, ortaq valyuta ideyasının müzakirəsi və liderlərin təkbətək görüşləri sammitin əsas məqamları olacaq. Bu tədbir həm də qlobal cənubun birliyini möhkəmləndirərək, ABŞ və Qərb hegemoniyasına qarşı alternativ güc mərkəzlərinin formalaşmasında vacib rol oynaya bilər.
Azərbaycanın BRICS-ə qoşulmaq üçün rəsmi müraciəti beynəlxalq arenada diqqət çəkən mühüm hadisələrdən biridir. Bu addımın səbəbləri, motivasiyaları və mümkün nəticələri ilə bağlı geniş müzakirələr artıq başlayıb. Ölkənin bu qlobal ittifaqa qoşulmaq niyyəti onun beynəlxalq siyasi kursunun yeni mərhələyə keçidini göstərir.
Strateji inteqrasiya: Azərbaycanın yeni xarici siyasət prioritetləri
Azərbaycanın BRICS-ə üzv olmaq istəyi çoxvektorlu xarici siyasətin tərkib hissəsi kimi qəbul edilə bilər. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitində Çinlə imzalanan strateji tərəfdaşlıq deklarasiyası bu istiqamətdə ilk mühüm addım oldu. Burada vurğulanan məqsədlərdən biri Azərbaycanın BRICS-ə üzvlük niyyətini bəyan etməsi və bu təşəbbüsün Pekin tərəfindən dəstəklənməsidir. Bu, Azərbaycanın öz xarici əlaqələrini regional çərçivədən çıxararaq qlobal miqyasda genişləndirmə strategiyasının parçasıdır.
Dəyərlərin uyğunluğu və geosiyasi rezonans
Azərbaycanın BRICS-ə marağı yalnız iqtisadi və siyasi aspektlərlə məhdudlaşmır. Ölkənin milli-mənəvi dəyərlərə bağlılığı və ənənəvi dəyərlərin qorunması istiqamətindəki mövqeyi BRICS-ə üzv olan dövlətlərlə uyğun gəlir. Bu, xüsusilə, Qərb ölkələrində liberallıq adı altında dəyərlərin aşındırılması fonunda daha qabarıq görünür. BRICS-in Qərb hegemoniyasına qarşı yeni dünya nizamı qurmaq istiqamətindəki təşəbbüsləri də Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür.
İqtisadi əməkdaşlıq: investisiya və ticarət fürsətləri
BRICS-ə üzvlük Azərbaycanın iqtisadi əlaqələrini diversifikasiya etməsinə geniş imkanlar açır. Xüsusilə Çin və Hindistan kimi böyük iqtisadiyyatlarla əməkdaşlıq imkanları ölkənin yeni bazarlara çıxışını təmin edə bilər. Azərbaycan neft-qaz sektoru ilə yanaşı, kənd təsərrüfatı və sənaye məhsullarının da ixracını genişləndirmək niyyətindədir. Eyni zamanda, BRICS-in üzv ölkələri ilə alternativ enerji sahəsində əməkdaşlıq Azərbaycanın "yaşıl enerji" strategiyasına dəstək verə bilər. Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə birgə layihələr artıq həyata keçirilir ki, bu da Azərbaycanın gələcəkdə daha dayanıqlı enerji infrastrukturuna sahib olmasına kömək edəcək.
Maliyyə sisteminin gücləndirilməsi: alternativ yollar
Azərbaycan BRICS-in maliyyə institutlarında da aktiv iştirak etməklə öz maliyyə sistemini diversifikasiya etməyi planlaşdırır. BRICS çərçivəsində formalaşdırılan yeni ödəniş sistemləri və maliyyə mexanizmləri Azərbaycanın xarici valyuta ehtiyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, yeni maliyyə resurslarının cəlb edilməsinə şərait yaradacaq. Bu, ölkənin iqtisadi dayanıqlığını gücləndirmək və maliyyə sistemində asılılığı azaltmaq üçün əhəmiyyətli addımdır.
Nəqliyyat dəhlizləri: strateji əhəmiyyət
Azərbaycanın BRICS-ə qoşulması həm də nəqliyyat və logistika sahəsində əhəmiyyətli təsir göstərə bilər. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsi olan Azərbaycan, bu dəhlizlərin inkişaf etdirilməsi üçün BRICS ölkələri ilə əməkdaşlıqdan faydalana bilər. Tariflərin optimallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi bu marşrutlarla yükdaşımaların həcmini artıracaq və çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə qısaldacaqdır.
Qərblə münasibətlərin dinamikası və yeni ittifaqların axtarışı
Azərbaycanın BRICS-ə üzv olmaq təşəbbüsü, eyni zamanda, Qərb ölkələri ilə münasibətlərdə yaranmış gərginliklər fonunda dəyərləndirilə bilər. İkinci Qarabağ müharibəsindən və son antiterror əməliyyatlarından sonra Qərb ölkələrinin Azərbaycana qarşı təzyiqləri artmış, ölkə tez-tez insan haqları və demokratiya məsələləri ilə bağlı ittihamlarla üzləşmişdir. BRICS platforması Azərbaycanın öz mövqeyini beynəlxalq arenada daha effektiv şəkildə müdafiə etməsi üçün yeni imkanlar təqdim edir.
Diplomatik manevrlər və dialoqlar
BRICS çərçivəsində Azərbaycan və Hindistan arasında yaranan fikir ayrılıqları da dialoq yolu ilə həll oluna bilər. Azərbaycanın Hindistana böyük həcmdə neft ixrac etməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yaxşı zəmin yaradır. Eyni zamanda, BRICS Azərbaycan üçün İranla daha konstruktiv münasibətlər qurmaq baxımından da əlverişli platforma ola bilər.
Azərbaycanın BRICS-ə üzvlüyünün potensialı və əhəmiyyəti
Azərbaycanın BRICS-ə üzvlük təşəbbüsü ölkənin beynəlxalq mövqeyini gücləndirmək, iqtisadi və diplomatik əlaqələrini genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Bu addım Azərbaycan üçün həm iqtisadi, həm də siyasi üstünlüklər vəd edir, eyni zamanda, ölkənin xarici siyasətində yeni istiqamətlərin formalaşmasına səbəb olur. BRICS-in üzvü olmaq Azərbaycanın qlobal proseslərdə daha fəal iştirakını təmin etməklə yanaşı, ölkənin iqtisadi və maliyyə sistemini də gücləndirəcəkdir. Nəticədə, bu inteqrasiya Azərbaycanın dünya səhnəsində daha əhəmiyyətli oyunçuya çevrilməsinə imkan yaradacaq.
Elçin Alıoğlu