Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2024 15:24
Dünya futbol tarixinin ən yaxşı 5 fulbolçusu müəyyən edilib. Onlardan birinin həyat və kariyera yolu olduqca maraqlı və macəralıdır.
Sonxeber.net musavat.com-a istinadən ilk beşlikdə yer alan alman futbolçu Friç Volter haqqında maraqlı məlumatları təqdim edir.
Volter 1920-ci ilin 31 oktyabrında Kaiserslautern şəhərində futbolçu ailəsində anadan olub. Dünya müharibəsindən məğlub ayrılan ölkəsində bütün çətinliklərə rəğmən çox erkən yaşda futbol kariyerasına başlayıb. 8 yaşında artıq Kaiserslautern komandasının yeniyetmələrdən ibarət heyətinin üzvü olur. 17 yaşında isə əsas heyətə qatılır və bütün oyunların taleyini həll edən performans sərgiləyir.Qeyri-rəsmi məlumatlara görə həmin klubun formasında 400-ə yaxın qol vurur. Dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırmasına baxmayaraq, bütün futbol kariyerası boyu doğma klubunu dəyişmir. Həyatda ən böyük arzusu isə bir gün Dünya kuboku oyununun onun doğma stadionunda keçirilməsi olur.
Kariyerasının zirvəsində müharibə yenidən dünyanı ağuşuna alır. 1942-ci ildə orduya çağırılır. Ağrılı-acılı və məğlubiyyətli müharibə illəri ulduz futbolçunu dəfələrlə ölümlə üz-üzə qoyur. Amma həyatının anlamı olan məhz futbol onun həyatını xilas edir...
1945-ci ildə alman ordusunun böyük bir bölüyü ABŞ ordusuna əsir düşür. Danışıqlardan sonra əsirlər Sovet ordusuna təhvil verilir. Günlərlə öldücücü şaxtada qalan əsirləri Sibirə sürgün etməyə qərar verirlər. Ölüm səfəri başlayır. Plana əsasən, əsirlər Ukrayna ərazisindən keçərək, Sibirə aparılmalı və orada ölümə təslim edilməli idi. Artıq ölüm səfərində əsirlər yorğunluqdan, aclıqdan və soyuqdan məhv olmağa başlamışdılar. Nisbətən soyuq iqlimdə yaşaması, idmanla mütəmadi məşğul olması və müharibənin acı təsirini dadması Volterə dözüm verirdi. Əsirlər təkcə almanlardan ibarət deyildi. Sibir məhbusları arasında kifayət qədər macar da var idi. Hətta macar futbolçular da əsirlər arasında yerlərini almışdılar. Ukrayna ərazisində qısa fasilə zamanı əsir macarlar və almanlar arasında futbol oyunu oynanılır. Bundan xəbər tutan Volter oynamaq üçün macarlara yalvarmağa başlayır. Əsir macar komandasının üzvlərindən biri onu dərhal tanıyır. Düşmən sovet ordusunun zabitinə onu təqdim edərək deyir :" Mən onu tanıyıram. O Friç Volterdir. Onunla dəfələrlə futbol oynamışam. Siz onu yanlış tanıyırsınız. O alman deyil, macardır." Əsirin bu sözlərinə inanan sovet zabitlər onu oyuna buraxırlar. Əlbəttə ki, Volter yenə mükəmməl oyun sərgiləyir və çıxış etdiyi macar komandası qalib olur. Lakin, macarların əsirlikdəki bu qalibiyyəti onlara gələcəkdə baha başa gələcəkdi. Volter məhz onun həyatını xilas edən macarların əlindən Dünya kubokunu alacaqdı...
Onun macar hesab olunması həyatını da xilas edir. Digər almanlar kimi öldürülmür və müharibə qurtarandan sonra ölkəsinə qayıda bilir.
Volter futboldan 9 il ayrı qalmışdı və nisbətən yaşlanmışdı. Lakin, bu onda əsla ruh düşgünlüyü yaratmır və müharibəni, əsirlik həyatını tamamilə geridə qoyub bütün gücü ilə futbola atılır.
Artıq Almaniyanını yığma komandasında kapitan yerini alan Volter 61 oyunda çıxış edərək, 31 qola imza atır.
Hətta həyatını xilas edən Macarıstana qarşı oyunda 2-0 geridə olan komandasını 2 qol vuraraq məğlubiyyətdən xilas edir və Dünya kubokunu Almaniyaya gətirir. Dünya müharibəsində faciəvi məğlubiyyətə uğrayıb məhv olmağın bir addımlığına gələn ölkəsinə bu kubok xeyli stimul verir.
1958-ci ildə İsveçdə keçirilən Dünya kubokunda isə ölkəsini yarım finala qədər aparmağı bacarır.
Əfsanəvi futbolçu 2002-ci ildə 81 yaşında həyata gözlərini yumur. Onun ən böyük arzusu ölümündən 4 il sonra həyata keçir. Doğma stadionunda Dünya kuboku yarışı keçirilir. Matçdan öncə futbolçunun xatirəsi yad olunur.
Bütün kariyerası boyu sadiq qaldığı stadion indi onun adını daşıyır.
Almaniyanın milli futbol komandasının fəxri 4 kapitanından biri məhz Friç Volterdir.
Alman Futbol Federasiyasının 1954-2003-cü illər arasında fəaliyyət göstərən "Qızıl Oyunçular" siyahısında yer alıb.