Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 09:33
Bakı. Samir Əli – Trend:
TANAP-ın reallaşmasını Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü, hər iki ölkənin yeni zəfəri adlandırmaq olar. Layihənin üstünlükləri təkcə enerji baxımından deyil, həm də Xəzər bölgəsindən Avropaya qədər uzanan marşrut üzərindəki bütün ölkələrin rifahına töhfə verməsidir.
Prezident İlham Əliyevin prinsipial siyasəti, qətiyyətli mövqeyi ilə daha bir xəyal gerçəyə çevrildi. Şübhəsiz ki, Xəzər dənizindəki ehtiyatların Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə bildirib ki, TANAP-ın reallaşması universal makroiqtisadi göstəricilərin, tədiyyə balansının, dövlət büdcəsinin və Ümumi Daxili Məhsulun (ÜDM) formalaşması baxımından milli iqtisadiyyatımız üçün dayanıqlı üstünlüklər vəd edir:
“Mənim hesablamalarıma görə, Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir. Ölkə iqtisadiyyatının dayanıqlılığı həm investisiya axınları, həm də bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi üçün son dərəcə önəmlidir və biz faktiki olaraq qazın neftdən sonra ölkə iqtisadiyyatının dayanıqlığına xidmət edən ikinci bir sahə kimi mövqeləşməsinin şahidi oluruq. Bunu da biz məhz Trans-Anadolu qaz kəmərinin reallaşması və bütövlükdə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə bu prosesin şahidi oluruq. Bu da bir daha onu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən enerji strategiyasının reallaşdırılması Azərbaycana dünya bazarında çox ciddi və dayanıqlı rəqabət üstünlükləri verdi”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin