Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elvin Cəfərquliyev: ''''Qarabağ''dan ayrıla bilərəm''

Elvin Cəfərquliyev: ''''Qarabağ''dan ayrıla bilərəm''

Tarix: 17 Fevral 2025 15:38

"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev "Report"a müsahibə verib.

24 yaşlı müdafiəçi Misli Premyer Liqasının XXIII turunda qarşılaşdıqları "Neftçi" oyunundan və qazanılan qələbədən danışıb. O, eyni zamanda adının tez-tez Avropa klubları ilə yanaşı hallanması məsələsinə də münasibət bildirib.

- Misli Premyer Liqasının XXIII turunda "Neftçi"yə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Hər kəs gördü ki, maraqlı oyun keçdi. Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Onlar matça çox yaxşı ab-hava qatmışdılar. "Neftçi" fanatlarını da diqqətdən kənarda qoymaq istəməzdim. Onlar da çox fəal idilər. Stadionda azarkeş sayı çox olanda qarşılaşma daha maraqlı alınır. Ümumiyyətlə, "Neftçi" ilə görüşlərimiz hər zaman böyük maraq kəsb edir. Təbii ki, qələbəyə görə çox sevincliyik. Xal itirmək istəmirdik.

- "Qarabağ" sanki "Neftçi" ilə oyunlara xüsusi prinsipiallıqla hazırlaşır. Bunun səbəbi nədir?

- Mən bunu "Neftçi"nin azarkeşləri ilə əlaqələndirərdim. Onlar stadionda çox çılğın olurlar. Üstəlik, "Neftçi" Azərbaycanın tarixi komandasıdır. Hər zaman aramızdakı qarşılaşmalar gərgin mübarizə şəraitində keçir. Rəqib olaraq heç də zəif deyillər, bizə meydanda çətin anlar yaşadırlar.

- Son vaxtlar adınız Avropanın bir sıra xarici klubları ilə yanaşı hallanır. Bu məsələ barəsində nə deyə bilərsiniz?

- Bəli, mən də eşidirəm və bu barədə məlumatım var. Lakin real bir şey olduqda bunu hər birimiz görəcəyik. Hazırda konkret heç nə yoxdur.

- Yaxşı təklif gələrsə, "Qarabağ"dan ayrılmağı düşünürsünüz?

- Əlbəttə, yaxşı təklif gələrsə, "Qarabağ"dan gedə bilərəm. Lakin bunun üçün şərtlər uyğun olmalıdır. Hər bir azərbaycanlı futbolçu kimi vətənimi xarici ölkədə layiqincə təmsil etmək istəyərəm. Dediyim kimi, bunun üçün uyğun komanda olmalıdır.

- Baş məşqçi Qurban Qurbanovla bu barədə söhbətiniz olub?

- Mənim üçün ilk növbədə Qurban müəllimin sözüdür. Onun xeyir-duası və məsləhəti olmalıdır. Hələ ki, məsləhətləşməmişik. Lakin gələcəkdə real təklif olarsa, ondan məsləhət alacağam. Lakin dediyim kimi, nə baş məşqçi, nə də menecerlə bu barədə danışığımız olub.

- Premyer Liqanın növbəti turunda "Sabah"la qarşılaşacaqsınız. Həmin oyundan gözləntiləriniz nədir?

- Hər görüşə qələbə niyyəti ilə çıxırıq. Əlbəttə ki, 3 xal qazanmağa çalışacağıq. "Qarabağ" çalışır ki, hər oyunda azarkeşlərini sevindirsin.


Etiketlər:  Elvin Cəfərquliyev Qarabağdan ayrıla bilərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ