Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 16:25
"Anam ağır xəstə idi. Bilirdim ki, o nə zamansa dünyasını dəyişəcək. İlk əməliyyatından sonra həkim dedi ki, ananınızın iki il ömrü qalıb. Amma Allah nə qədər o ömrü verdi-verdi... Anam 3 il 3 ay yaşadı".
Sonxeber.net bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətçi bir neçə ay əvvəl itirdiyi anası Qənirə xanımdan söz açıb:
"O ərəfələrdə artıq sürünürdüm. Bilirdim ki, işləməliyəm. Bilirdim ki, bütün yük mənim çiynimdədir və nələrsə etməliyəm. O illər ərzində əhvalımın pis olduğu zamanlar da olub amma bunu heç kimə biruzə verməmişəm. İçimdə çəkən insanam. Dərdimi danışmıram. Qapalı insanam. O ağırlığı çəkmək mənə çox çətin idi. İstədim ki, Vətəndən gedib biraz istirahət edim, eynim-beynim açılsın. Amma gələn kimi dostum, meyxanaçı Xəyyam dünyasını dəyişdi. Bu da mənə bir zərbə vurdu. Elə bilirəm ki, həyatımda yadda qalan çətinlik mərhələləri ki var, bu da yadda qalacaq ömürlük".
Qaraçuxurlu bildirib ki, valideyninin və dostu, həmkarı Xəyyam Əhmədlinin dünyasını dəyişməsindən sonra səhhətində ciddi problemlər yaranıb:
"Özümə gələ bilmirdim. Səhhətimdə artıq pis şeylər baş verirdi. Mən başqa müğənnilər ki, deyiləm. Onların veclərinə olmur. Amma mən cəmiyyətin ismarıcını eşidən insanam. Birazda cəmiyyət üstünə qoydu ki, bunu eləmə, bunu etmək olmaz. Sonra gördüm ki, çox çətindir və mən qalxa bilmirəm. El şənliklərinə getmirdim. Hər gün yuxudan oyanırdım, toy üçün ödənilən avansları geri qaytarırdım və məclislərə getmirdim. Sonra gördüm ki, hər şey hər tərəfli çətinə doğru gedir. Psixoloji bu vəziyyətdən çıxmaq mənə daha çətin olduğunu anladım. Özümə gəldim, ayağa qalxdım. Şükür Allaha yaxşılığa doğru gedirəm. Heç bir psixoloqa da getmədim. Başımda ağrılar olurdu, gicəllənmələr olurdu. Ürəyimdə sıxıntılar olurdu. Çox fikir edirdim. Panik atakım ola bilərdi. Şükür psixologiyam və iradəm güclüdür. Bir neçə ay tənbəl oldum, evdən bayıra çıxmadım, gücsüz oldum. Amma qarşısını aldım, yavaş-yavaş ayağa qalxıram, pozitiv olmağa çalışıram. Bir dərsdə bunda aldım ki, insan həyatı həqiqətəndə heç nədir. Balaca bir xəstəlik gəlib, götürüb aparar".
Qeyd edək ki, 2 il əvvəl Namiq Qaraçuxurlunun anası Qəmər xanım İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən ötən ilin sentyabrda dünyasını dəyişib. Meyxanaçı Xəyyam Əhmədli isə isə ötən ilin dekabrında ürək çatışmazlığından vəfat edib. /olay.az