Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib

Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib

Tarix: 6 Mart 2025 18:36

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktında qeyd edilib ki, təqsirləndirilən İslam Hadıyevin mərhum aktyorla şəxsi tanışlığı olub. Onlar bazarda tanış olub və bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir işləri aparıb.

İslam Hadıyev evdə təmir işləri apararkən evin saxlanc yerində torbada külli miqdarda pulun olduğunu görüb. Mənzildə işini bitirdikdən sonra pulu götürərək oranı tərk edib.

Bir müddət sonra ev sahibi ona zəng edib və götürdüyü 50 min manatı tələb edib. Lakin təqsirləndirilən şəxs puldan xəbəri olmadığını bildirib. Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni törətdiyini bildirib:

"Bir neçə gün sonra İosifin yoldaşı məni bazarda gördü və təhqir edərək pulu qaytarmağımı istədi. Təmir zamanı mənim drelim onlarda qalmışdı. Onu götürməyə gedəndə İosif üstümə hücum etdi və bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartanda bıçaq İosifin boğazına girdi".

Təqsirləndirilən ona elan olunmuş ittihama görə özünü qismən təqsirli bildiyini deyib.

Dövlət ittihamçısı İslam Hadıyevin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmədə elan edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Bakıda aktyor arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ