Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2025 10:48
Qaqauziyada əvvəldən də problemlər var idi. Son dönəmlər rəsmi Moskvanın Qaqauziyada baş verən proseslərlə bağlı açıqlamaları da orada hansısa gərginliyin yaşandığı ilə bağlı təəssürat yaradırdı. Gərginliyin artacağı, Moldovanın bu cür addımlar atacağı gözlənilən idi. Eyni zamanda Rusiyanın Ukrayna cəbhəsindən sonra Moldova məsələsinə də müdaxilə edəcəyinə dair iddialar var idi.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a hərbi ekspert Səxavət Məmməd Qaqauziya lideri Yevgeniya Qutsulın 20 günlük həbs edilməsinin regiona təsirini şərh edərkən deyib.
O bildirib ki, Rusiya Qaqauziya məsələsini kökündən həll eləmək üçün Ukrayna ərazisindən Moldova sərhədinə çıxa biləcəyi bir xətt götürməyi planlaşdırırdı:
"Qaqauziya liderinin Moldovada həbs olunması Rusiya-Moldova münasibətlərinə ciddi təsir göstərəcək. İndiki mərhələdə Moldova Rusiyadan qopmağa, yaxud suverenlik məsələsini tamamilə həll eləməyə çalışır. Amma görünən odur ki, Rusiya oradan əlini çəkmək istəməyəcək, bu mövzuda dirəniş göstərəcək, bir qədər də məsələni qabardacaq. Rusiya faktoru çox önəmlidir. Düşünürəm ki, Rusiya Moldovada eynən Gürcüstan variantı kimi bir gediş edə, hansısa bir formada siyasi hakimiyyəti dəyişməklə bağlı addımlar ata, yaxud hansısa formada hərbi müdaxilə həyata keçirə bilər. Məlumdur ki, Rusiyanın orada böyük hərbi bazası var".
Politoloq proseslərin hələ yeni başladığına diqqət çəkib:
"Qaqauziya liderinin həbsi onu deməyə əsas verir ki, Moldova bir çox məsələləri göz önünə alıb, riskləri hesablayıb və bu addımı atıb. Amma bu risklərin hansı nəticələr doğuracağı, Moldovanın özünün təhlükəsizliyi üçün nə dərəcədə uğurlu olacağını demək asan deyil. Bilirik ki, 1-ci və 2-ci Dünya müharibəsi Şərqi Avropada başlayıb. Bu, ən çox diqqət yetirilməli olan məsələdir. Görünən odur ki, yenə Şərqi Avropada proseslər baş verir və ciddi hadisələrin yaşanılması gözləniləndir. Ümumiyyətlə, Şərqi Avropanın qaynaması 3-cü Dünya müharibəsi ilə bağlı ehtimalları gücləndirə bilər".