Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2025 17:16
İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal edən sahibkarların da müzakirə mövzusuna çevrilib.
Logistika mütəxəssisləri vəziyyəti diqqətlə izlədiklərini, xüsusən də Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gətirilən avtomobillərin İran ərazisindən keçməklə daşınması prosesindən narahat olduqlarını bildirirlər.
Regionda vəziyyətin gərginləşməsi Azərbaycanın avtomobil bazarındakı qiymətlərə nə dərəcədə təsir göstərəcək? Mövzunu araşdırmağa çalışdıq.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev oxu.az-a açıqlamasında münaqişənin avtomobil bazarına təsir edəcəyini düşünmədiyini bildirib:
"Sözsüz ki, regionda istənilən konflikt, ümumilikdə geosiyasi vəziyyətin qarışıq olması logistikaya öz təsirini göstərir. Hazırda Azərbaycana avtomobillər, xüsusən Çin-Qazaxıstan-Xəzər-Bakı marşrutu ilə gətirilir, həmin marşrut üzrə hərəkətdə isə hər hansı yubanma və ya problem yoxdur".
E.Əliyev qeyd edib ki, yalnız İran körfəzi istiqamətindən gələn avtomobillərin çatdırılması məsələsi müəyyən narahatlıq yaradır:
"Hesab edirəm ki, münaqişə uzanacağı təqdirdə həmin istiqamətdən gələn avtomobillərin çatdırılmasında yubanmalar qaçılmaz ola bilər. Amma bir daha qeyd etmək istəyirəm ki, son dönəmdə Azərbaycana ən çox Çin istehsalı olan avtomobillərin gətirildiyini nəzərə alsaq, avtomobil bazarında hər hansı avtomobil qıtlığı və qiymət artımını görə biləcəyimizi düşünmürəm. Digər məsələləri isə zaman göstərəcək".
Cənubi Koreyadan Azərbaycana avtomobil gətirilməsi ilə məşğul olan sahibkar Samir Əfətli oxu.az-a açıqlamasında İran ərazisindən keçməklə Azərbaycana gəlməli olan avtokonteynerlərdə yubanma ola biləcəyini ehtimal etdiyini bildirib:
"Biz Cənubi Koreyadan Azərbaycana avtomobil konteynerləri göndərməklə məşğuluq. Buradan Azərbaycana konteyner göndərməyin Gürcüstandan və İran ərazisindən keçməklə iki yolu var.
İndiki vəziyyətdə İran ərazisindən keçməklə avtomobillərin çatdırılmasında müəyyən gecikmələrin yaşana biləcəyini ehtimal edirik. Münaqişə yeni olduğu üçün dəqiq fikir demək çətindir. Çünki hazırda həmin yolla getməli olan konteynerlərimiz yoxdur. Son konteynerlərimiz münaqişədən iki gün əvvəl Azərbaycana çatıb. Münaqişənin uzanacağı təqdirdə hansı qərarlar veriləcək, həmin yolla logistikaya icazə veriləcək, ya verilməyəcək - hələ ki sual altındadır. Hesab edirəm ki, sadəcə, prosesləri izləyib müəyyən nəticə əldə edə biləcəyik".
İqtisadçı-ekspert Xalid Kərimli isə açıqlamasında avtomobil bazarında qiymətartırıcı faktorların olduğunu istisna etməyib:
"Məlumdur ki, Azərbaycana Avropadan və ABŞ-dən gətirilən avtomobillər, əsasən, gəmilərlə Gürcüstan üzərindən Poti limanı vasitəsilə, eləcə də Türkiyə və Gürcüstan üzərindən quru yolları ilə gətirilir. Avtomobil bazarımızın əhəmiyyətli hissəsini təşkil edən Çindən, Yaponiya və Cənubi Koreyadan gətirilən avtomobillər isə həm İran üzərindən, həm də Qazaxıstanı keçməklə gətirilə bilir. Bu səbəbdən İranda baş verən proseslər, təbii ki, həm riskləri, həm də daşınma xərclərini artıra bilər.
Səbəb isə ondan ibarətdir ki, tranzit İran üzərindən işləməyəndə digər istiqamətlərdə tələbat artmış olur ki, bu da daşınma qiymətlərinin artması deməkdir. Məsələn, Bəndər-Abbas limanının işləməməsi Poti-Batumi limanlarının yükünü artıra bilər. Belə olan halda həmin istiqamətdə daşınma qiymətləri artmış olur, daşınma xərclərinin artması da avtomobilin qiymətində, əlbəttə ki, özünü büruzə verəcək.
Ümumiləşdirsək, görərik ki, bütün proseslər qiymətartırıcı faktorlardır. O ki qaldı qiymətlərin nə qədər artacağı məsələsinə, onu artıq bazar özü göstərəcək".