Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2025 12:12
İsrailin İranla açıq üz-üzə gəldiyi, ABŞ-ın isə sanki qoç kimi bu savaş meydanına girdiyi müharibə gözlənilməz bir atəşkəslə bitdi. Amma bu atəşkəsə baxmayaraq, heç kim bunun son olduğunu düşünmür: hər şey onu göstərir ki, qarşıdurma sadəcə pauzaya alınıb. İran öz nüvə infrastrukturuna ciddi zərbə alıb, amma həmin zərbələrin gerçək miqyası, əslində, Tehrandan başqa kimsəyə məlum deyil. Ən pis halda, İran müharibədən əvvəlki həcmdə proqramını bərpa edə bilər, ən yaxşı halda isə sağ qalan texnologiyalar və yarımçıq ehtiyatlardan yararlanaraq nüvə bombasına daha sürətli gedən yolu aça bilər.
Sonxeber.net "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Söhbət ilk növbədə bir neçə yüz kiloqram 60 faizədək zənginləşdirilmiş urandan gedir ki, buna qədər həmin maddəyə MAQATE nəzarət edirdi, amma İsrailin ilk bombardmanlarından sonra bu uran naməlum istiqamətə daşınıb. Nəzəri cəhətdən, bu qədər uran təxminən 10 ədəd döyüş başlığı üçün bəs edərdi, əgər onun tamamlama prosesi başlasaydı. Üstəlik, Tehran öncədən ehtiyat istehsal zəncirləri qurmuş və bir sıra sentrifuqaları yeni yeraltı obyektlərdə gizlətmişdi. Məhz həmin ehtiyatlar proqramı ildırım sürətilə bərpa etmək üçün dayaq nöqtəsi ola bilər.
Rəsmi Tehran hələ də deyir ki, nüvə silahına ehtiyacı yoxdur və buna 2003-cü ildən qüvvədə olan ali lider Xameneinin fətvasını misal çəkir. Amma əslində İran İslam Respublikasının strategiyası illərlə belə olub: rəsmi şəkildə nüvə silahının yayılmaması sazişindən çıxmamaq, amma eyni zamanda lazım gələndə qısa müddətdə atom bombası hazırlamaq üçün bütün texnologiyaları ehtiyatda saxlamaq. Bu "gözləmə" statusu İranın əsas planı olub ki, İsraili və ərəb qonşularını tez bir zamanda real nüvə arsenalına keçmək təhlükəsi ilə çəkindirsün.
2015-ci ildə məhz bu balans danışıqlarda "əvəzli razılaşmaya" - yəni Birgə Hərtərəfli Fəaliyyət Planına gətirdi. İran o vaxt hərbi tədqiqatları dondurmağa və obyektlərini MAQATE-nin sərt nəzarətinə açmağa razı oldu, qarşılığında sanksiyaların yumşaldılması və milyardlarla dolların ölkəyə axıdılması baş verdi. Bu pulların bir qismi həm şiə qruplarına, həm də Əsəd rejiminə dəstəyə yönəldi. Amma Saziş cəmi üç il yaşadı: 2018-ci ildə ABŞ prezidenti Tramp şərtləri çox yumuşaq hesab edərək ondan çıxdı. Yeni versiyanı bağlamaq cəhdləri də alınmadı və 2019-cu ildən İran yenidən öz imkanlarını genişləndirməyə başladı.
2025-ci ilə qədər köhnə Nətənz və Fordo zavodları artıq 20, hətta 60 faizlik uran istehsal edirdi və modernləşdirilmiş sentrifuqalar sayəsində həcmi daha da böyütmək mümkün olmuşdu. Elə bu obyektlər İsrail və ABŞ-ın kütləvi zərbələri üçün birinci hədəf oldu. Fordoda, məsələn, israillilər və amerikalılar xüsusi dərinləşən bombalardan istifadə edib ventilyasiya şaxtalarını və yeraltı zalların bir qismini yerlə-yeksan etdilər. Nətənzdə də kombinə edilmiş hücumlar üst infrastrukturu məhv elədi, yeraltı enerji xətləri də zədələndi.
Amma ekspertlərin dediyinə görə, iranlılar müharibədən qabaq bərpa üçün zəmin hazırlamışdılar: bir hissə avadanlıq naməlum məkanlara daşınmış, İsfahanda və Nətənzə yaxın yeni dərin yeraltı sexlər tikilmişdi. Bu komplekslərin ya heç ziyan görmədiyi, ya da qismən zədələndiyi güman olunur. Üstəlik, xammal bazası da qalır - uran konsentratı və onu sentrifuqalarda istifadə edilə bilən UF6 qazına çevirmə texnologiyası hələ də İranın əlindədir.
Əgər Tehran daha da irəli getmək istəsə, zənginləşdirilmiş UF6 qazını metal urana çevirməli və gələcək döyüş başlıqları üçün nüvə partlayış nüvəsi hazırlamalıdır. İsfahanda məhz bunun üçün metal uran zavodu tikilmişdi. Hələ ki, zavod tam işə salınmayıb və zərbələr alıb, amma bünövrəsi və bəzi texniki qurğuları salamat qala bilər.
Başqa bir istiqamət isə məşhur "Amad" proqramıdır ki, 2000-ci illərin əvvəlində İran məhz nüvə döyüş başlığı quruluşunu hazırlayırdı. Rəsmi olaraq bağlanıb, amma həmin hərbi mühəndislər də, onların biliyi də heç yerə yox olmayıb. O vaxt İsrail kəşfiyyatının oğurladığı arxivlər göstərirdi ki, İranda partlayış sistemləri, neytron mənbələri və implozion sxemlər üzərində artıq iyirmi il əvvəl ciddi işlər görülmüşdü. Deməli, əgər silah üçün yetərli material və bir az vaxt tapsalar, İran bombanı yığa bilər.
MAQATE-nin rəhbəri Rafael Qrossi açıq deyib ki, zərbələrdən sonra yenidən yoxlamalara başlamaq olduqca çətindir. Bir çox obyekt ya yerlə-yeksan olunub, ya da boşaldılıb və İran bu xaosdan istifadə edərək istehsalı gizlicə bərpa etməyə cəhd göstərə bilər.
Reallıq budur ki, bu zərbələr İranın zənginləşdirmə və istehsal zəncirini müvəqqəti sıradan çıxardı, amma tamamilə məhv etmədi. Yəni "demək olar ki, nüvə dövləti" oyunu yenidən başlaya bilər - özü də əvvəlkindən daha yüksək risklərlə. Vaşinqton da aydın mesaj verir ki, bundan sonra yalnız güc mövqeyindən danışacaq və yeni hava zərbələri ilə hədələyir. Tehran isə yenə də öz ənənəvi ritorikasına sadiqdir: "dinc atom" proqramını inkişaf etdirmək hüququndan imtina etməyəcək və təzyiqlərə boyun əyməyəcək.
Başqa sözlə, ABŞ və İsrailin İranın nüvə iddialarına vurduğu bu "böyük qamçı" sadəcə növbəti böhran dalğasını bir qədər ertələdi - amma onu tamamilə aradan qaldırmadı.
Bununla belə, son illər İranın tikdiyi ehtiyat yeraltı komplekslər, demək olar ki, toxunulmaz qalıb.
Məlumatlara görə, həmin obyektlərdən birində sentrifuqaların istehsalı üçün avadanlıq quraşdırılıb ki, bu da nəzəri baxımdan bir neçə aya zənginləşdirmə prosesini yenidən işə salmağa imkan verərdi. Amma əsas risk budur: İranın sadəcə kifayət qədər xammalı qalmaya bilər - yəni məhz o uran heksafloridi ki, hazırkı zərbələrdən sonra ehtiyatları xeyli zədələnib.
Bununla yanaşı, Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatları çox güman ki, qalır - 20 faizlik, hətta 60 faizlik partiyalar, ekspertlərin hesablamasına görə, bir neçə döyüş başlığı üçün bəs edər. Üstəlik, bu maddələr artıq MAQATE-nin nəzarətində deyil və bu da vəziyyəti daha da gərginləşdirir.
Nüvə döyüş başlığının hissələri ilə bağlı da suallar açıq qalır. Bəzi məlumatlara görə, İran zəruri komponentləri - məsələn, şok dalğası generatorlarını və ya neytron mənbələrini - vaxtında hazırlayıb qoruyub saxlaya bilib. Amma bu günə ölkənin əlində elə bir işlək zavod yoxdur ki, uranı dərhal metal halına salıb milli layihə çərçivəsində bombanın nüvəsini istehsal etsin.
Ümumilikdə götürsək, İsrail və ABŞ-ın zərbələri İranın nüvə proqramını kökündən məhv edə bilmədi - proqram artıq o qədər inkişaf edib ki, bir zərbə ilə xəritədən silmək mümkün deyil. Bu hücumlar sadəcə Tehranın planlarını ertələdi və bəlkə də İran rəhbərliyinin siyasi iradəsinin bir qismini qırdı.
ABŞ-da isə zərbələrin effektivliyi barədə qızğın mübahisələr alovlanıb. Bu polemika çoxdan sırf hərbi qiymətləndirmənin hüdudlarını aşıb, siyasi mübarizənin bir parçasına çevrilib. Amerika cəmiyyəti də dərin şəkildə bölünüb: respublikaçıların 80 faizindən çoxu zərbələri dəstəkləyir, amma demokratların 90 faizə yaxın hissəsi buna kəskin etiraz edir.
Münaqişənin kökləri 2018-ci ilə gedib çıxır - həmin vaxt ABŞ prezidenti Tramp Barak Obamanın dövründə bağlanmış sazişi pozdu. Həmin saziş İrana qarşı sanksiyaların ləğvi müqabilində nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tuturdu. Elə oradan da qütbləşmə başladı - təkcə Konqresdə yox, həm də ekspert çevrələrində və medianın özündə. Bəziləri hesab edir ki, Obamanın sazişi İrana nəzarəti təmin edirdi və 15 illik müddəti belə özlüyündə məntiqli idi, digərləri isə ancaq sərt güc tətbiq etməklə Tehranın planlarından əl çəkəcəyinə inanır.
Münasibətlərin bu qədər qızışmasına Trampın sərt bəyanatı da əlavə yağ tökdü - guya "İranın nüvə proqramı yer üzündən silindi". ABŞ-da çoxları bu iddianı sual altına alır, xüsusən də Fordo obyektinə zərbələr kontekstində. Axı indiyədək heç bir şəffaf məlumat yoxdur ki, həmin yeraltı müəssisələr doğrudan da tam sıradan çıxarılıb.
Amerika Fordoya qarşı dünyada mövcud olan ən güclü dərinləşən bombalardan - GBU-57/B tipli mərmilərdən istifadə etdi. Bu bombalar döyüş şəraitində ilk dəfə işə salınırdı. Amma hətta onların gücü belə bəs etməyə bilərdi - çünki həmin obyektlər onlarla metr qaya və beton qatları ilə qorunurdu. Tramp əleyhdarları məhz buna istinad edərək əməliyyatın uğurlu olmadığını deyirlər, tərəfdarları isə əksinə, tam qələbədən danışırlar. ABŞ kəşfiyyat orqanları da əlavə çaşqınlıq yaradıb - onlar obyektin vəziyyəti barədə ziddiyyətli məlumatlar ötürür.
Reallıq isə ondan ibarətdir ki, əgər Fordo həqiqətən sıradan çıxarılıbsa belə, İran artıq onu əvəzləməyə hazır ehtiyat bazalar qurub. MAQATE-nin açıqlamasına görə, iranlılar minlərlə "uçotdan kənar" sentrifuqanı saxlayıblar ki, mümkün itkiləri ört-basdır etsinlər. Bundan əlavə, Fordoda uran ehtiyatları böyük deyildi - əsas rezervlər İsfahanda idi və hücum başladıqdan az sonra naməlum istiqamətə daşına bilərdi.
MAQATE rəhbəri Rafael Qrossi yaxın günlərdə bir qədər sakitləşdirməyə çalışdı. Onun sözlərinə görə, Fordodakı sentrifuqalar çox güman ki, artıq işləmir, çünki partlayışların yaratdığı yeraltı vibrasiyalara davam gətirə bilməzdi. Amma o da istisna etmir ki, texnikanın bir qismi bərpa oluna bilər.
Beləliklə, İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq mümkün olmadı. Amma vurulan zərbələr yetərincə ağır olub ki, ABŞ və İsrail üçün yeni çəkindirmə mexanizmlərini qurmaq üçün vaxt qazansınlar. Əsas sual budur ki, onlar bu fürsəti dəyərləndirə biləcəklərmi?
İran indi nə edəcək?
Tehran öz nüvə infrastrukturuna endirilmiş bu ağır zərbələrdən sonra fakt qarşısında qalıb. Üç mümkün yol var.
Birinci yol - ümumiyyətlə nüvə ambisiyalarından əl çəkmək. Amma bu, demək olar ki, xəyaldır. İranda könüllü şəkildə bu strateji rıçaqdan vaz keçməyə hazır deyillər. Çünki məhz bu rıçaq illərdir Tehrana həm dünya ilə danışıqlarda üstünlük verib, həm də rəqibləri çəkindirib. Əgər Tehran geri addım atsa belə, bu ancaq qısa nəfəs almaq üçün taktik addım olar, özü də qarşı tərəfdən ciddi güzəştlər şərtilə.
İkinci yol - nüvə proqramını müharibədən əvvəlki vəziyyətə qaytarmaq cəhdi. Amma bu yolun üzərində dərhal iki maneə görünür. Birincisi, ABŞ çox açıq mesaj verib ki, zənginləşdirməni əvvəlki miqyasa qaytarmağa icazə verməyəcək və nəticəsi ağır olacaq. İkincisi, İranın bütün istehsal zəncirini bərpa etməsi üçün həm vaxt, həm də nəhəng resurslar lazımdır. Üstəlik, bu resurslar digər hərbi layihələrlə - məsələn, İsrailin zərbələrindən zərər görmüş raket qüvvələri ilə rəqabət aparmalıdır.
Üçüncü yol - ən riskli və ən ümidsiz variant: qısa müddətdə irəli atılıb, əlində qalan resurslardan real döyüş başlığı düzəltməyə cəhd etmək. İranın hələ də təxminən 500 kiloqram yüksək zənginləşdirilmiş uranı var ki, artıq MAQATE-nin nəzarətindən çıxıb. Nəzəri baxımdan, bundan ən primitiv tipli, "top sxemi" deyilən atom bombası yığmaq olar - elə ABŞ-ın Hirosimaya atdığı bombanın prinsipi ilə. Belə bombada zənginləşdirilmiş urandan hazırlanmış iki ayrı hissə adi partlayıcı vasitəsilə toqquşdurularaq kritik kütlə formalaşdırır və zəncirvari reaksiya başlayır.
Texniki baxımdan bu, hətta 60 faiz zənginləşmə ilə də mümkündür, amma nəticədə bombanın ölçüsü və çəkisi xeyli böyüyəcək, effekt isə çox aşağı qalacaq. Üstəlik, bombanın metal nüvəsini hazırlamaq üçün ayrıca işlək zavod lazımdır ki, o da İranda hazırda yoxdur.
Əsas əngəl isə texniki yox, siyasi xarakterlidir. Çünki hətta İran belə primitiv döyüş başlığı hazırlasa da, ondan istifadə intihar deməkdir - İsrailin və ya ABŞ-ın cavabı İranı yerlə-yeksan edə bilər. Üstəlik, o bombanı hədəfə çatdıracaq daşıyıcı və komandanlığın bu qərarı verməyə cəsarəti olub-olmayacağı da sualdır.
Hazırda Tehran emosiyalara qapılıb kəskin addım atmağa getməyib. Nüvə silahının yayılmaması üzrə müqavilədən çıxmaq əvəzinə, sadəcə MAQATE ilə əməkdaşlığı dondurub. Amma qapını tam qapatmayıb - əgər BMT İrana dinc atom proqramı çərçivəsində zənginləşdirmə hüququnu tanısa, yoxlamalara qayıtmağa hazır olduğunu bildirib. Bu da əslində vaxt udmaq və diplomatiya kanalını tam bağlamamaq üçün bir növ kompromis sayılır.
Bəs ABŞ nə cavab verəcək?
Vaşinqton artıq növbəti mərhələyə hazırlıqlara başlayıb. ABŞ prezidenti Tramp açıq bəyan edib ki, yalnız İranın zənginləşdirmədən tamamilə imtina edəcəyi halda yeni razılaşmaya razıdır - faktiki olaraq ultimatum. Tehran bu şərti qəbul etmədiyi üçün zərbələr endirildi, indi isə Ağ Ev ümid edir ki, güc mövqeyindən danışıqları diktə edə biləcək.
Əslində ABŞ Tehrana yeni kompromis təklif edir: bəzi sanksiyaların yumşaldılması və sərt nəzarət altında, "təhlükəsiz" bir nüvə proqramının yenidən qurulmasına dəstək - özü də maliyyəni İranın zəngin ərəb qonşuları ödəyəcək. Əvəzində tələb olunur ki, Tehran hər cür hərbi atom ambisiyasından əl çəksin.
Əgər bu "şirinlik" işləməsə, Tramp və İsrail yeni zərbə seriyasına əl atacaqlarını gizlətmirlər ki, İranı nüvə silahına yaxınlaşmaq imkanından tam məhrum etsinlər.