Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli - FOTO

Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli - FOTO

Tarix: 5 Avqust 2025 18:52

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində "Xankəndi" adlı panel təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidə doğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayan azərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi və Xankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.

Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçinin Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis dillərində videomaterial nümayiş olunub.

Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin tarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb. Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30 ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.

Panel sualların cavablandırılması və düşərgə iştirakçılarının qəhrəmanlıq ruhunda mahnıları ifa etmələri ilə yekunlaşıb. Diaspor gəncləri paneli mövzu və forma baxımından yeni platforma kimi dəyərləndirib, panel boyu həm qürurverici, həm də duyğulu anlar yaşadıqlarını qeyd ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.


Etiketlər:  düşərgəsində böyük maraq yaradan Xankəndi paneli FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ