Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2025 15:14
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident!
Müdrik hərbi-diplomatik siyasətiniz nəticəsində regionda sülhün bərqərar olunması sahəsində baş verən mühüm hadisə - Azərbaycan-Ermənistan arasında birgə Bəyannamənin imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə həyata keçirdiyiniz çətin və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Tarixi əhəmiyyətə malik bu sənəd bilavasitə Sizin uzaqgörən və prinsipial diplomatik təşəbbüslərin və beynəlxalq hüquqa əsaslanan mövqeyinizin növbəti parlaq təzahürüdür.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin ardıcıl olaraq davam etdirdiyiniz uğurlu siyasətin nəticəsi olan bu mühüm hadisə Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, ədalətin bərpa olunmasına imkan verəcəkdir.
Müzəffər Ali Baş Komandanlığınızla İkinci Qarabağ müharibəsində və lokal xarakterli antiterror əməliyyatları nəticəsində əldə edilmiş parlaq Zəfərin belə əhəmiyyətli müqavilə ilə taclandırılması problemlərin ortaq və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya nümayiş etdirdi.
Bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılması, həmçinin uzun illər blokada şəraitində yaşamış Naxçıvanın da sürətlə inkişafına təkan verəcəkdir.
Bəyannamənin imzalanması ilə uzun illər nəticəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində birgə təşəbbüsün göstərilməsi yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılmasına deyil, həm də regionun təhlükəsiz gələcəyinin təmin edilməsinə və gələcək nəsillərin əmin-amanlıqla birgəyaşayışına yönəlmiş tarixi bir dövrün başlanğıcıdır.
ABŞ-Azərbaycan münasibətlərində hər zaman gərginlik yaradan 907-ci düzəlişin tətbiqinin Zati-alinizin nüfuzu və qətiyyətli siyasəti nəticəsində ləğvi, həmçinin ABŞ- Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ölkəmizin uzun illər üzləşdiyi haqsızlığa son qoyulmasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafına xidmət edəcəkdir.
Möhtərəm cənab Prezident,
Sizi bu əlamətdar hadisə münasibətilə bir daha ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Rəhbərliyiniz altında respublikamız sülh, inkişaf və ədalət yolunda bundan sonra da böyük nailiyyətlərə imza atacaqdır".