Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2025 00:32
Rusiyada Telegram və WhatsApp vasitəsilə zənglərə məhdudiyyət qoyulub.
Sonxeber.net xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (RKN) məlumat yayıb. Qurumun açıqlamasına görə qərar hüquq-mühafizə orqanlarının təqdim etdiyi materiallar əsasında dələduzluq halları ilə mübarizə məqsədilə verilib. Bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri və araşdırmalar nəticəsində bu messencerlər səsli zənglər vasitəsilə fırıldaqçılıq, pul tələb etmə, diversiya və terror fəaliyyətinə cəlbetmə hallarında əsas vasitələrə çevrilib. Digər funksiyalar isə məhdudlaşdırılmayıb.
Dövlət Dumasının deputatı Anton Nemkin bildirib ki, 2024-cü ildən bəri WhatsApp istifadəçilərinə qarşı dələduz hücumlarının sayı 3,5 dəfə artıb. Onun sözlərinə görə, minlərlə hesab oğurlanıb, bank əməkdaşlarının şəxsiyyətləri saxtalaşdırılıb, fişinq və məlumat oğurluğu halları çoxalıb. Deputat həmçinin vurğulayıb ki, messencerlər uzun illərdir Rusiya qanunvericiliyinə əməl etməkdən imtina edir və qanunsuz materialları silmir.
RKN-in qərarını dəstəkləyən Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski, Telegram və WhatsApp sahiblərinin "faktiki olaraq cinayətkarlara yardım etdiyini" deyib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə açıqlamasında bildirib ki, zənglər yalnız messencerlər Rusiya qanunlarına əməl etdikdən sonra bərpa ediləcək. Komitə sədrinin birinci müavini Anton Gorelkinin sözlərinə görə bunun üçün platformalar Rusiyada hüquqi nümayəndəlik açmalı, RKN və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməli və bütün tələblərə əməl etməlidir.
Qeyd edək ki, Meta şirkəti Rusiyada ekstremist elan olunduğundan WhatsApp üçün bu prosesin daha mürəkkəb olduğu bildirilir. Telegram isə öz növbəsində platformada zərərli fəaliyyətlərə qarşı İT alətləri və moderatorlar vasitəsilə mübarizə apardığını açıqlayıb.
Sosial tədqiqat şirkəti Mediascope-un məlumatına görə, iyul ayında Rusiyada "WhatsApp"ın aylıq auditoriyası 96,2 milyon, "Telegram"ın isə 89,8 milyon nəfər olub. Yerli alternativlər arasında "VKontakte" və "Max" messencerinin populyarlığı artmaqdadır.