Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaks''da əvvəlki 5 oyunda alınmayanlar bu matçda alındı'' - Qurban Qurbanov

''Ayaks''da əvvəlki 5 oyunda alınmayanlar bu matçda alındı''  - Qurban Qurbanov

Tarix: 11 Dekabr 2025 01:10

"Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a (Niderland) uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 2:4 hesablı məğlubiyyəti belə şərh edib: "Son illərdə belə dinamik, sürətli, bu qədər bolqollu oyun nadir hallarda olurdu. Sadəcə bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki bu gün "Ayaks"ın əvvəlki 5 oyunda alınmadığı bu oyunda alındı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Ümidvaram ki, azarkeşlər və biz bərabərlik haqda düşünmürdük. Qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə əksinə oldu".

Q.Qurbanov hesabda öndə olanda da irəli atılmaları ilə bağlı da danışıb: "Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, onu saxlamalıyıq. Futbolçularıma bildirmişəm ki, belə böyük oyunlarda  sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq, filan...Yox. "Ayaks" topla yaxşı davransa da, risklərə gedirdik. Ona görə qol epizodları saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu".

Baş məşqçi komandasının buraxdığı qollar haqda isə deyib: "1-ci və 2-ci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsizlik oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi. Bəlkə də komandada yorğunluq var idi. O epizodlarda sürətdə uduzduq".

Q.Qurbanov "Sonradan meydana buraxdığınız oyunçulardan, xüsusilə də Nəriman Axundzadədən nə dərəcədə razı qaldınız" sualını belə cavablandırıb: "Tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə bu dəfə alınmadı. Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım.90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur".

Q.Qurbanov qeyd edib ki,  "Ayntraxt"dan oyundan əvvəl bizim çempionatımızda 1 həftə fasilə olmasının və Bundesliqanın davam etməsinin "Qarabağ"a mənfi təsiri ola bilər: "Çünki onlar daha idman formasında olacaqlar. Çıxış yolumuz yoxdur. Yoldaşlıq oyunları keçirməyi fikirləşəcəyik. Çempionat oyunlarına hazırlaşacağıq. Futbolçular üçün psixoloji tərəfdən asan olmayacaq. İstirahət vaxtından maksimum faydalı istifafə etməliyik. İlk rəsmi matçımız da "Ayntraxt"a qarşı olacaq".

Baş məşqçi komandasının pley-off şanslarını da dəyərləndirib: "Futbolçular üzgün idi. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardır. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdilər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik".

Q.Qurbanov "Qarabağ"ın U-19 komandasının  UEFA Gənclər Liqasının Liqa mərhələsində 6 matçın hamısında böyük hesabla uduzması ilə bağlı da fikirlərini bildirib: "Bu, bizim Azərbaycan futbolunun yeridir. Əgər U-19 komandamızda fərq bu qədər hiss olunursa 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacaq? Bu, bizim üçün böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir. Bunun sonu necə olacaq, bilmirəm. Biz mütləq "Qarabağ" olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn "Ayaks"dır. Onların şəraitdən danışılası deyil. O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. "Barselona"nın, "Çelsi"nin, "Borussiya"nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür. Hər bir halda, çalışıb ən azından onlarla ayaqlaşmaq lazımdır. Biz bir klub olaraq, onlara qarşı mübarizə apara bilirik. Futbol elə səviyyədədir ki, hesablar 4:0, 6:0 olur. Final matçlarında da 5:0 kimi hesablar olur. Halbuki eyni səviyyədə komandalar qarşılaşır. Biz çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Avropada böyük klublar bunu edir. Hər bir halda, pozitiv və ümidli omalıyıq".


Etiketlər:  Ayaksda əvvəlki oyunda alınmayanlar matçda alındı Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ