Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mən millini çalışdırmağa hazıram” – Samir Abasov

“Mən millini çalışdırmağa hazıram” – Samir Abasov

Tarix: 18 Dekabr 2019 17:10

“Zirə”nin sabiq baş məşqçisi Samir Abasovun Qol.az saytına müsahibəsi

- 2019-cu ili Azərbaycan futbolu üçün necə dəyərləndirirsiniz?

- Məncə, bu il ürəkaçan heç bir şey olmadı. Əksinə, istər klublar, istərsə də milli baxımından geriləmə oldu. 2020-ci və 2021-ci il üçün də perspektiv vəd edən bir şey olmadığına görə bu ili uğursuz hesab etmək olar. İlin özünü uğurlu, yaxud uğursuz saymaq günahdır. İllər bizim üçün bir həyat tərzidir. Amma futbolumuzda baş verənləri uğursuz sayıram.

- Millimiz Avropa çempionatının seçmə mərhələsini 1 xalla sonuncu pillədə başa vurdu. Buna səbəb kimi hansı problemi göstərmək olar. Niyə 1 xal?

- Bir xal ümumilikdə son illərdə futbolumuzda baş verənlərin təzahürü, onun göstəricisidir. Bu, bir günün məsələsi deyil. Arzumuz odur ki, futbol bundan da pis səviyyəyə düşməsin. Amma görünən budur ki, ona doğru gedirik. Baş verənlər bunun sübütudur.

- AFFA-nın məşqçi vəzifəsinə Nikola Yurçeviçi gətirməsi ümumən tənqid edildi. Bu barədə siz nə düşünürsünüz?

-  Açığını deyək, kim gətirilir, gətirilsin. AFFA Yurçeviçi də, digərlərini də gətirəndə birinci məqsədi o idi ki, milli üçün yaxşı olsun. Amma hər gətirdikləri yaxşı məşqçi olacaq deyə də bir şey yoxdur. Burada kimisə günahlandırmaq da olmur. Ümumiyyətlə, mən millidə əcnəbi baş məşqçinin işləməsini düzgün hesab etmirəm. Yığmada nələrisə dəyişməyə gələn baş məşqçi TOP mütəxəssis də olsa, onun futbolumuzdakı bu vəziyyəti düzəldəcəyini fikirləşmək olmaz. Belə insanı ya axmaq, ya da futboldan uzaq adam sayarlar. Fikrimcə, sırf əcnəbi gətirmək düzgün deyil. Yurçeviç kimi insanların milliyə gəlib çatmağı bir futbol mütəxəssisi olaraq məndə də böyük suallar yaradır.

- Futbol ictimaiyyəti qeyd edir ki, millini yerli baş məşqçi çalışdırmalıdır və həmin mütəxəssislərin siyahısında sizin də adınız çəkilir. Milli komandada işləmək üçün özünüzü hazır hiss edirsiniz?

-Burada hazır olmamaq kimi bir şey yoxdur.  Mənim subyektiv fikrim odur ki, millidə yerli baş məşqçi olmalıdır. Bu o demək deyil ki, mənim fikrim düzdür və ya mənim fikrimi qəbul edəcəklər. Məndən soruşsanız, əlbəttə, hazıram. Millini çalışdırmaq mənim üçün şərəfdir. Mənə görə burada çətin bir iş yoxdur. Çünki yerli mühiti, yerli oyunçuları tanıyırsan. Azərbaycan futbolunda baş verənləri, büdcəyə necə yanaşıldığını bilirsən. Adımı hallandıran insanlar isə sağ olsunlar.

- “Zirə” dəki baş məşqçi fəaliyyətinizi təhlil etmək üçün kifayət qədər uzun bir vaxtınız olub. Harada boşluqlar oldu ki, komandaya təsir etdi və siz istefaya göndərildiniz?

- Heç bir boşluq olmadı. Mən belə düşünmürəm. Düz qeyd etdiniz, sakit başla düşünmək üçün müəyyən fasilə oldu. Boşluq olmadı, əksinə, yaxşı təməl qoyaraq yola davam edirdim. Əfsuslar olsun ki, yarıda qaldı. Burada peşman olası bir hal yoxdur. Boşluq o vaxt ola bilər ki, işini sona qədər yerinə yetirəsən. Nəyi düzgün edib-etmədiyini o halda bilmək olar. Lap “Zirə”ni bir kənara qoyaq, “Sumqayıt”da yeganə səhv orda oldu ki, son turlarda xallar itirdik və Avroliqaya düşə bilmədik. Futbolu bilən insanlar bunun tək bizdən, məşqçilərdən asılı olmadığını başa düşür. Bu, tək bizim yox, bütün şəhərin, rəhbərliyin problemi idi. Belə bir hal birdən-birə baş verdi deyə biz özümüz də hazır deyildik. Ona hazır olmaq üçün oyunçu yığımı baxımından nəsə etmək lazım idi. Mən fikirləşirdim ki, “Zirə”də də təməlini qoyduğumuz yaxşı işin nəticəsi qışdan sonra görünəcək. Çünki o vaxta qədər komandada düzəlişlər olacaqdı. Bütün bu işlərin nəticəsini, toplanılan xalları qışdan sonra görmək olardı. Fikirləşirəm ki, heç “Qarabağ” da qışdan sonra o qədər xal toplaya bilməzdi. Yaxşı bir təməl idi. Əfsuslar olsun ki, futbolda belə şeylər olur.

- Futbol ictimaiyyəti bölgələrdə futbolun yoxluğundan və uşaq futbolundakı problemlərdən tez-tez narahatlıqlarını ifadə edirlər. Sizin bu barədə fikirləriniz necədir?

- Ümumiyyətlə, bölgələrdə futbolun olmağı bu idman növünə ölkədə azarkeş marağının artması deməkdir. Məsələn, bu gün hansısa bir oyun üçün bölgəyə gedirsənsə, 7, 10, 12 min azarkeş gəlirsə, sabah sənin komandanın tərəfdarları görəndə ki, onlar öz komandasını necə dəstəkləyir, ər gələn adam da özü ilə 5-10 nəfər gətirəcək . Bu, marağın artması deməkdir. Bölgələrdə futbolun olmaması futbolun ümumi inkişafına da təsir edir. Artıq valideynlər istedadlı uşaqlarını digər idman növlərinə yönləndirirlər ki, bizim bölgədə futbol yoxdur. Məsələn, tovuzlu uşağın Gəncəyə, qubalı uşağın Qusara getməyi əziyyətlidir.  Amma hər bölgədə ən azından futbol məktəbləri olsa, əlbəttə, inkişaf olar.

- Azərbaycan futbolunda kadr probleminin, gənc oyunçuların yetişməsi baxımdan ciddi problemlər var. Siz bu problemin mənbəyini harada görürsünüz?

- Mən xaricdə bir neçə akademiyada olmuşam. PRO kateqoriyası alan həmkarlarımdan da müəyyən məlumatlar almışam. Bütün bunlardan sonra gəldiyim nəticə odur ki, bizdə 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü uşaqlar xarici akademiyalardakı uşaqlardan geri qalmırlar. Əksinə texnika baxımından üstündürlər, sanki vergi verilib. Amma problem odur ki, keçid dövründə qırılma olur. Bu da həqiqətən problemli, baş sındırlası məsələdir. Futbol baş bilənlərimiz, AFFA-da oturanlarımız bu işlə məşğul olmalıdırlar. Bu, artıq mənim, sizin ya da hansısa klubun baş məşqçisinin məşğul olacağı bir şey deyil. Heç ona vaxtları da yoxdur. Məsələn, o yaş qrupumuz ki, bilmirəm 15 yaşlılar idi, yoxsa 17 yaşlılar, elit raundu keçmişdilər. Həmin qrupda Rumıniya və İngiltərə də var idi.  Çox çətin qrup idi və 4 xal yığmışdılar. Sonra gəldilər, Gürcüstanı da keçdilər. Həddindən artıq yaxşı oyunçular çıxacaqdı. Amma həmin oyunçulardan üzdə olan artıq bir nəfər də yoxdur. Bax, bunlar belə, digərləri elə getdi. Vallah, mənim başım çıxmır, bilmirəm ki, niyə belədir.

- “Zirə”dən ayrıldığınız müddətdən bu günə qədər  sizə hansısa klubdan baş məşqçi vəzifəsi üçün təklif oldu?

- Xeyr. Təklif olmayıb. Yazılanları oxuyuram. Söz-söhbətdən başqa heç nə yoxdur. Heç bir klubdan təklif göndərilməyib. Zatən klubların sayı da bəllidir. Hamısının da məşqçisi var. Təkcə “Sabah”ın çalışdırıcısı getmişdi, o da mən işsiz qalan vaxtda. “Sabah” da əcnəbi məşqçi gətirdi.

- Qeyd etdiyiniz kimi, “Sabah”da xarici mütəxəssisə, xorvatiyalıya üstünlük verdi. Yerli mütəxəssislərimiz işsiz qaldığı halda bizim klubların əcnəbilərə üz tutmasını necə dəyərləndirisiniz?

- Açığı, bilmirəm. Klub rəhbərinə necə deyəsən ki, xeyir ola, filankəs qala-qala sən gedib, xarici məşqçi gətirirsən. Biz bunun müzakirəsini edən yox,  təklif gözləyən adamlarıq. Çox çətin məsələdir. Bilmirəm ki, bunlar niyə baş verir. Amma məncə, bu suallar sırf rəhbərliyə, qərar verən adamlara aiddir.

Azad NURİYEV

 


Etiketlər:  Mən millini çalışdırmağa hazıram Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ