Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 09:21
Dekabrın 23-də respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bələdiyyə seçkilərinə start verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 386 min 992 nəfərdir. Onlardan 7 min 45 nəfəri seçkidə ilk dəfə iştirak edir.
Seçkilərdə bu rayonlar üzrə 145 bələdiyyəyə 1391 nəfər üzv seçiləcək. Mübarizə aparan namizədlərin ümumi sayı isə 4715 nəfərdir. Bələdiyyə üzvlüyünə namizədlərin 1502 nəfəri YAP və digər siyasi partiyaları təmsil edirlər. 3213 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.
Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 4 min 419 nəfər yerli müşahidəçi izləyir.
112 saylı Qax seçki dairəsinin rayon Mədəniyyət Mərkəzində yerləşən 4 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. Səsvermə seçicilərin fəallığı şəraitində başlanıb. Seçki komissiyasının sədri Musa Musayevin bildirdiyinə görə, məntəqədə 1064 seçici qeydə alınıb. Onlardan 27 nəfəri seçkilərdə ilk dəfə iştirak edir.
İlk olaraq Qax şəhər sakini, 80 yaşlı ağsaqqal Mais Şabanov seçki bülletenini götürüb, seçimini edərək bülleteni seçki qutusuna atıb. Seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini vurğulayan ağsaqqal seçici AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiyə də böyük həvəslə gəldim. Seçki məntəqəsində məni çox yaxşı qarşıladılar, təlimatlandırdılar. Seçki bülletenində olan namizədlərin adlarını diqqətlə oxudum. Tanıdıqlarım da var idi, tanımadıqlarım da. Ən layiqli namizədlərə, şəhərimizin, yaşadığım məhəllənin inkişafını təmin edə biləcək insanlara səs verdim".
Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını qeyd ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.